Ağaclara içməli su verməyi dövlət qadağan edib?
Tezadlar.az xəbər verir ki,
“Qanun” nəşriyyatının direktoru Şahbaz Xuduoğlu aldığı torpaq sahəsindən istifadə edə bilmədiyini bildirib.
Onun sözlərinə görə, kitab anbarı tikmək üçün aldığı torpaqda ona nə anbar tikməyə, nə də əkdiyi ağacları sulamağa icazə verməyiblər:
“İllər öncə Saray ərazisində kitab anbarı tikmək niyyəti ilə torpaq sahəsi aldım. Bakı Şəhəri Layihələndirmə İnstitutunda yüngül konstruksiyalı layihə çəkdirdim.
Rəsmi qaydada Abşeron Rayon İcra Hakimiyyətinə müraciət etdim. Cavab verdilər ki, torpaq kənd təsərrüfatı təyinatlıdır, tikinti olmaz.
Bir neçə dəfə müraciət etdim, nəticə dəyişmədi.
O əraziyə çəpər çəkmək istədim, dəfələrlə polis müdaxiləsinə məruz qaldım. Nəhayət, böyük çətinliklə ərazini setka ilə bağlaya bildim.
Sonra düşündüm ki, əgər kənd təsərrüftı təyinatlıdırsa, heç olmasa, ağac əkim. Bu il nəhayət, ideyamı reallaşdırdım və ağac əkdim.
Ağaclar əkildi, indi isə su problemi çıxdı. İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinə – “Azərsu”ya müraciət etdim. Özü də İctimai əlaqələr idarəsinə ki, bəlkə asan yollla məsəlıni həll edərəm. Cavab belə oldu ki, bağ və kənd təsərrüfatı sahəsində içməli sudan istifadə etmək qadağandır, yalnız sənaye tipli su ilə ağaclara su vermək olar. Mın həqiqətən bunu ilk dəfə idi eşidirdim. Və əlavə etdilər ki, torpağınıza yaxın yerdə sənaye suyu yoxdur. Çünki bu qanunun tələbidir, yəni içməli suyu ağaclara vermək qadağandır.
Tikinti tikə bilmirsən, olmaz!
Ağac əkə bilmirsən, su olmaz!”.
***
Məlum olduğu kimi, rayonların bir çoxunda sənaye suyu, artezian, quyu… yoxdur. Elə şəhərlərdə də həyət evlərində yaşayanların əksəriyyətinin həyətində başqa su mənbəyi yoxdur. Və təbii olaraq onlar bu gün evimizdə içməli su kimi istifadə etdiyimiz su ilə həyətlərindəki ağacları, əkdikləri bostanı sulayırlar. Yəni alternativ yoxdursa, insanlar bunu etmək məcburiyyətindədirlər. Hansı ki, bu, onların öz büdcəsinə belə uyğun deyil və xeyli su pulu ödəyirlər. Elə bu səbəbdən rayon əhalisinin çoxu həyətində göy-göyərti əkmir, bostan məhsulları yetişdirmir…
Düzü, Şahbaz Xuduoğluna belə bir cavabın verilməsi də həm qəribə, həm də məntiqsiz görünür…
JASMİN