7 Fevral 2026 / 08:54

Uzun illərdir vərəmdən müalicə alan gəncin hərbiyə yararlığına kim rəy verib?

Dünən Mərkəzi Klinik Hərbi Hospitalda vəfat edən Müdafiə Nazirliyinin əsgəri Coşqun Zülfüqar oğlu Sadıqovun vərəm xəstəsi olduğu barədə rəsmi açıqlama yayılmışdı. Tezadlar.az  xəbər verir ki, bu barədə hərbi ekspert Ədalət Verdiyev özünün sosial media platformasında da yazıb. Hərbi ekspert paylaşımında yazlb ki, Coşqun atasız olub, özü də vərəmdən əziyyət çəkirmiş. Sitat: “Vərəm xəstəsini minlərlə şəxsi heyətin olduğu hərbi hissəyə göndərmək böyük risklər vəd edir. Əgər əsgər xəstə idisə, hərbi xidmətə niyə göndərilib, hərbi hissə niyə xəstə əsgəri geri qaytarmayıb, yox əgər əsgər sağlam idisə, niyə 10 gün ərzində xəstələndi və dünyasını dəyişdi? Bütün suallara cavab tapılmalı, günahkarlar qanun çərçivəsində cəzalanmalıdır”. Və maraqlıdır ki, hərbi bloqer Tofiq Şahmuradov da diqqəti çəkən paylaşım edib. Sitat: “Rəhmətə gedən əsgərin yaxınları bir az öncə mənimlə əlaqəyə çıxdılar. Atası yoxdur, anası böyüdüb. 25 yaşı olub, ağır vərəm xəstəsi imiş. Bir neçə dəfə xəstəliyinə görə həyati təhlükə yaşıyıb və bu səbəbdən 7 il hərbi xidmətə aparılmayıb. Buna baxmayaraq bu çağırışın son günlərində qəfil göndərilib. Belə ağır vərəm xəstəsi yüzlərlə əsgərin içinə necə göndərilib? Bu, orduya qarşı böyük təxribatdır, vərəm xəstəliyi keçicidir. İnsanlar yoluxa bilər. Əsgər xidmətə gedəndən 4-5 gün sonra vəziyyəti ağırlaşıb, xəstəxanada vəfat edib”.

Quru Qoşunlarında xidmət edən C.Sadıqov vəfatından 10 gün əvvəl – yanvarın 26-da hərbi xidmətə gedibmiş.

Lakin sual yaranır: mövcud qaydalara görə, hərbi çağırış rayonların hərbi komissarlıqları, yəni Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbələri tərəfindən həyata keçirilir. Hərbi çağırışçı isə həkim komissiyasından keçir, yararlığı təsdiqləndikdən sonra hərbi xidmətə götürülür.

Daha bir sual yaranır: vərəm kimi ciddi bir xəstəlikdən uzun illərdir əziyyət çəkib müalicə alan çağırışçını necə əsgər aparmaq olardı?

Yaxud, hərbi çağırışçıya sağlam olması barədə rəy verən həkim kimdir və o bunu necə və nə məqsədlə edib? Niyə belə bir xəstəni hərbi çağırışdan geri almayıblar, yəni birdəfəlik yararsızlığı təsdiqlənməyib???

A.Məmmədli

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!