Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Abşeron rayonunun Qobu bələdiyyəsi ilə qəsəbə sakinləri arasında torpaqla bağlı yaranan problemlər dəfələrlə mətbuatın gündəminə gətirilib. Tez-tez rayon sakinlərindən redaksiyamıza məmurların vətəndaşlarla qeyri-rəsmi sövdələşməyə girməsi, bələdiyyə tərəfindən fərdi yaşayış evlərinin tikintisi üçün verilən torpaq sahələrinin başqalarına satılması ilə bağlı şikayətlər daxil olur.
Tezadlar.az-ın redaksiyasına daxil olan son şikayət də bu qəbildəndir. Qeyd edək ki, Abşeron rayonunun Qobu qəsəbə sakini Rüstəmova Pakizə Ağamurad qızının redaksiyamıza ünvanladığı şikayətində yer alan Qobu bələdiyyəsinin sədri tərəfindən başına gətirilənləri həyəcansız oxumaq mümkün deyil.
Şikayətçi bildirir ki, 2006-cı ildə fərdi yaşayış evi tikmək məqsədilə Abşeron rayon Qobu bələdyyəsinin ehtiyat fondundan onun mülkiyyətinə 20 sot torpaq sahəsi verilməsi üçün 800 manat rüsum pulunu o vaxtkı “Texnikabank” vasitəsilə Qobu bələdyyəsinin hesabına köçürüb. Bələdiyyədən bildiriblər ki, ona ən yaxşı yerdən – “Çənlibel” restoranının yaxınlığından torpaq sahəsi veriləcək. Amma… Sonra məlum olub ki, ona verilən torpaq sahəsini bələdiyyə başqasına satıb: “Narazılığımı bildirdikdən sonra söz verdilər ki, mənə ayrı-ayrı ərazilərdən hər biri 10 sot olmaqla 2 yerdən torpaq sahəsi verəcəklər. Doğrudur, mənə 10 sot ərazini Qobu bələdiyyəsinin yerquruluşu planından çıxarış əsasında göstərsələr də, sənəddə nə möhür vardı, nə Abşeron RİH-nin Memarlıq şöbəsinin o vaxtkı müdiri Akif Əliyevin, nə də Qobu bələdiyyəsinin sədri Araz Nəcəfovun imzası. Bu məmurlar uzun müddətdir ki, saxta sənəd verərək məni süründürürlər. Hətta sonradan məlum oldu ki, onların mənə verdiyi çıxarış sənədində göstərilən ərazi örüş sahəsi imiş. Təbii ki, həmin ərazidə ev tikmək qadağandır.Yəni Qobu bələdiyyəsinin sədri Araz Nəcəfov bələdyyənin ehtiyat fonduna aid olmayan ərazini qanunsuz olaraq bələdiyyə torpağı adı altında saxta sənədlərlə mənə sırımaqla pul qazanmaq niyyətində olub. Araz Nəcəfovun “adamları” torpağın sənədlərinin qaydaya salınması üçün məndən 6500 manat tələb etdilər. Mən də həmin pulu Kapital Bank-dan kredit götürüb Araz Nəcəfova iş otağında verdim ki, sənədlərimi versin. Amma bu günədək nə torpaq sahəsini ala bilirəm, nə də sənədlərimi. Onların mənə verdiyi saxta sənəd yoxlanıldıqda məlum oldu ki, nəzərdə tutlan ərazi bələdiyyə torpağı deyil, kənd təsərrüfatlı örüş sahəsi olduğu üçün heç vaxt ona Çıxarış verilə bilməz. Artıq illərdir Qobu bələdiyyəsinə ayaq döyməkdən yorulmuşam. Tək ailə başçısı olduğumdan Kapital Bank-dan götürüb Araz Nəcəfova verdiyim pulun kreditini çətinliklə ödəyirəm. Hazırda öhdəmdə 5 ailə üzvü var. Ailədə işləyən tək mənəm və ayda 263 manat əməkhaqqı alıram.
Abşeron RİH başçısının köməkçisi Fuad müəllimin qəbulunda oldum. O, Araz Nəcəfova zəng edib tapşırdı ki, mənim torpaq məsələmi həll etsin. Araz Nəcəfov isə söz verdi ki, problemi aradan qaldıracaq. Fuad müəllimin xahişini nəzərə alıb Araz Nəcəfovun yanına getdim. O, iş kabinetində əvvəlcə mənə başqa təkliflər etdi, əvəzində, mənim torpaq məsələmi həll edəcəyini bildirdi. Mən isə ayağa qalxıb kabinetin qapısını çırpıb getdim. Sonralar bir dəfə də Abşeron RİH əməkdaşının göstərişi ilə Araz Nəcəfovun qəbulunda oldum. O, bu dəfə də əvvəlcə məni təhqir etməyə başladı ki, “Yenə məndən şikayət yazmısan. Amma onu da bil ki, səndən aldığım pulu kimsəsiz uşaqlar evinə verərəm, amma sənə qaytarmayacağam, torpaq da verməyəcəyəm”. Mən yenə Abşeron Rayon İcra Hakimiyyətinin o vaxtkı başçısı İradə Gülməmmədovanın qəbuluna düşmək istədim. İçəri keçməyə icazə vermədilər. Məcbur olub rayonumuzun deputatı Şahin Seyidzadədən xahiş etdim ki, üzləşdiyim problemin həllinə köməklik göstərsin. Milli Məclisin 2 mart 2021-ci il tarixli rəsmi məktubu ilə Araz Nəcəfova müraciət edildı ki, Rüstəmova Pakizə Ağamurad qızının torpaq sahəsinin sənədlərinin verilməsi təmin edilsin. Lakin yenə də heç bir nəticə olmadı. Abşeron Rayon İcra Hakimiyyətinin başçısı qəsəbəmizə səyyar görüşə gələndə Araz Nəcəfov məndən xahiş etdi ki, ondan başçıya şikayət etməyim, torpaq məsələsini yoluna qoyacaq. Amma heç bir tədbir görülmədi.
Araz Nəcəfov köhnə qəbiristanlığın yanında 4 ha torpq sahəsini hasarlayıb özününküləşdirib. Bunu qəsəbədə hamı bilir. Köməkçisi Ədalətin yanında Araz Nəcəfovdan həmin torpaq ərazisindən torpaq sahəsi istədim. Cavab verdi ki, həmin yerə 100 min manat verib almışam ki, sənə verim? Bələdiyyə sədrinin Lökbatan yolunun sağ və sol tərəfində daha 2 ha özünə məxsus torpaq sahəsi vardı. Oradan mənə 10 sot torpaq sahəsi verəcəyini bildirmişdi.
Bir gün Qobu bələdiyyəsi sədrinin yanına gedib vəd verdiyi torpaq sahəsinin verilməsini və sənədləşdirilməsini istəyəndə, o, nalayiq sözlərlə məni təhqir edib kabinetindən qovdu və dedi ki, get, hara istəyirsən şikayət elə, ta sən məni bezdirdin…
Bu məsələ barəsində yuxarı instansiyalara etdiyim şikayətlər də cavabsız qaldı.
Hörmətli redaksiya! Xahiş edirəm, səsimi mənə məxsus olan torpaqların özümə qaytarılması ilə bağlı, eyni zamanda məni aldadaraq etibarımdan sui-istifadə edən Qobu bələdiyyəsinin sədri Araz Nəcəfovla bağlı müvafiq tədbir görülməsi üçün aidiyyəti dövlət orqanları rəhbərlərinə çatdırasınız”.
Məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
E.ŞİRİNOV