13 Fevral 2026 / 14:48

“Bakıda iki qadın neft maqnatı olub: onlardan da biri Hacı Sultan Əlinin bacısı Tərlan xanımdı”

İçərişəhərin ara qapılarından prospekt başlayır – Haşiminin adına olub, yəni Hacı Sultan Əlininin – indiki “Tarqovı” (Nizami küçəsi –red) deyilən.

Bunu “Təzadlar” qəzetinə verdiyi müsahibədə Bakı milyonçusu Hacı Sultan Əli Haşiminin nəticəsi Rəna Əliyeva (Haşimi)  bildirib.

“…Bakıda neft maqnatları yaxşı pul qazanıblar və qazandığı pulları hamam, məscid, məktəb, gimnaziya… tikintilərinə sərf ediblər. Ovaxtkı milyonçular böyük xeyriyyəçi olublar.  Məscidlərin tikintisinin də xüsusi əhəmiyyəti vardı. Məsələn, məscidə namaza – ibadətə gələn adamlar hər gün bir-biri ilə görüşürmüşlər. Kimsə məscidə gəlməyəndə ona baş çəkərmişlər. Elə qadınlar olub ki, dul olublar, yaxud tənha yaşayanlar olub. Hacı Sultan Əlinin ya qızı, ya həyat yoldaşı həmin qadınların səhhəti ilə, yaxud nəyəsə ehtiyacı olub-olmaması ilə maraqlanarmışlar. Ləhiş bağlarında başqa bir məscid də var: ona görə ki, qadınlar, yaşlılar uzaq məsafələrdən məscidə gedib-gəlməsinlər və namaza yaxınlıqdakı məscidə getsinlər. Bəzən nəyəsə maddi ehtiyacı olanlar da məscidə gedər və orda bildirərmiş. Xəstə olanları saraylarda olan loğmanlar müalicə edərdi. Mənim Xədicə xalam vardı, “Nizami” metrosunun yanında yaşayırdı, onda bəzi şəkillər vardı – Elmlər Akademiyasında çalışanlardan kimlərsə gəlib ondan məlumat toplayıb, hər gedən də bir şəkil alıb aparırmış. Heyif ki, o şəkilləri xalam yaşlı olduğu üçün inanaraq onlara verib… Hazırda məndə cəmi 3 foto qalıb. Hər dəfə həmin şəxslərlə görüşündən sonra o sevinərək bizə deyərdi ki, statusumuz özümüzə qaytarılacaq… Mən sənədləri topladıqdan sonra Elmlər Akademiyasına müraciət etdim və kitab, ensiklopediya hazırladıqlarını eşitdiyimi bildirdim. Onlara əlimdə Bakı şəhərinin tikintisində kimlərin iştirak etməsini özündə əks etdirən sənədlər olduğunu dedim. Mənə İçərişəhərə getməyi məsləhət gördülər. Mən ora da getdim, mütəxəssisləri tapdım. Onlara bildirdim ki, şəhərdə aparılan tikintilərdə, şəhərin quruculuğunda babam (Hacı Sultan Əli Haşimi) həm vəsaitini qoyub, həm də təşəbbüskarı olub.

Bütün bunları arxivdəki araşdırmam zamanı orada çalışan iki rus qadının mənə Bakı şəhərinin xəritəsini verərkən öyrəndim. O xəritədə İçərişəhərin ara qapılarından prospekt başlayır – Haşiminin adına olub, yəni Hacı Sultan Əlininin – indiki “Tarqovı” (Nizami küçəsi –red) deyilən. Dəfələrlə adlar dəyişib: məsələn, bizim Haşimilər məhəlləsi rusların işğalından sonra Sverdlovski, Kanitapinski oldu…”, – deyə qeyd edib.

Həmçinin müsahibədə araşdırmaçı – jurnalist Yasəmən Məmmədli  AR Milli Arxiv İdarəsindən əldə edilmiş bəzi sənədlərdə  Sultan Əli  Həşimovun (Haşimi) Bakı və Abşeronda olan mal-mülklərinin siyahısını da açıqlayıb:

 “Bu məlumatlar 1910-1913-cü illərə istinadən verilib. Bəzilərini qeyd etmək istəyirəm: Balaxanı bağları arasında 1 saylı torpaq sahəsi, Balxanı kəndində evi, Maştağa kəndində 1/600  desyatinə (1 desyatin = 1, 092 ha) bərabər torpaq sahəsi, yenə Maştağada 1120 sajına bərabər (1 sajın=2, 134 m) üzüm bağları, Bakı şəhərində o zamankı Sprasskaya küçəsində yerləşən tikilisində yeni dəyişikliklər edilmiş 137 saylı üç mərtəbəli – 17 mənzil, eyni zamanda 51 otaqdan ibarət olan evi (ümumi gəliri 7168 rubl, təmiz gəliri 5018 rubl), Kürdəxanı kəndində evi, Hacı Sultan Əlinin atası Haşim Sübhan oğlunun sağlığında ikən Balaxanı kəndində 3900 kv.sajına bərabər torpaq sahəsi (1kv sajın = 4,550 kv.m), Bakıda iki torpaq sahəsi – birincinin üzərində tikililəri olan – uzunluğu 14 1/2 sajına və eni 9  ½ sajına bərabər Spasskaya və Kanitapinskaya küçələrinin kəsişməsində 149/9 saylı ünvanda, Spasskayada küçəsi 151 saylı ünvanda yerləşən ikinci torpaq sahəsinin  üzərində isə ev, xidməti otaqları, həyəti 5 sajına 1 arşın 13 verşoka uzunluqda  torpağı (malikanənin dəyəri 28000 rubl), 1-ci Paralelnaya küçəsi 75 saylı ünvanda evi, Balaxanıda 14 ədəd neft quyusu, vətəgələri və  digər əmlakları olub”.

Rəna xanım əlavə edib ki, Hacı Sultan Əlinin sənədə əsasən, 3 balıq vətəgəsi də olub – Novxanıda, Kürdəxanıda və bir də “Amburan mayakı” adlanan sahil zolağında:

“Mayak həm də liman kimi istifadə olunub. Bakıda, o zamanlar cəmi iki qadın neft maqnatı olub. Arxivdən mənə verilən sənədə əsasən, onlardan da biri Hacı Sultan Əlinin bacısı Tərlan xanım Haşimidir. Onun 4 neft mədəni-buruğu olub. Babam Bakıdan başqa Dərbənddə, Qubada, İsmayıllıda, cənub zonasında da məscidlər tikdirib”.

Qeyd edək ki, Rəna xanın hazırda Türkiyədə yaşayır.

Daha ətraflı linkdə:Milyonçu Haşiminin nəticəsindən şok ittiham: “Babamın məktəbində küftəxana açıblar”

JASMİN

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!