6 Aprel 2026 / 16:13

Buraxılış imtahanlarında riyaziyyata dair mübahisəli sualı kimlər tərtib edir?

Son illər buraxılış və ya qəbul imtahanlarında riyaziyyatdan olan sualların dolaşıq olması qeyd edilir. Dövlət İmtahan Mərkəzi (DİM) buraxılış imtahanında riyaziyyat fənni üzrə mübahisəli suala bu dəfə aydınlıq gətirib. Bu barədə DİM məlumat yayıb. Qeyd edilir ki, ümumi təhsil səviyyəsi üzrə 5 aprel 2026-cı il tarixində keçirilən buraxılış imtahanında trapesiya mövzusuna aid təqdim olunan tapşırığın əsas məqsədi şagirdlərin iti bucağın tənböləni nəticəsində yaranan daxili çarpaz bucaqların bərabərliyini müəyyən etməsi və bu əsasda yaranan üçbucaqların oxşarlığından istifadə edərək tərəflər arasında nisbətləri tapmaq bacarığını yoxlamaqdır: “Tapşırıqda verilmiş ədədlər hər hansı bir üçbucağın tərəfləri kimi deyil, oxşarlıq nisbətlərinin qurulması üçün istifadə edilir. Bu ədədlərin seçilməsi həndəsi fiqurun mövcud olmasına deyil, ilk növbədə hesablamaların sadə və əlçatan aparılmasına xidmət edir. Başqa sözlə, bu tapşırıqda yoxlanılan bacarıq konkret bir üçbucağın mövcudluğunu üçbucaq bərabərsizliyi ilə təhlil etmək deyil, verilmiş həndəsi münasibətlərdən düzgün nəticə çıxarmaqdır. Buna görə də üçbucaq bərabərsizliyi ilə bağlı yanaşma tapşırığın həll prosesini və ardıcıllığını dəyişmir, eyni zamanda düzgün cavabın əldə olunmasına da heç bir maneə yaratmır. Bildiririk ki, bu tip açıq tapşırıqlar xüsusi qiymətləndirmə meyarları əsasında yoxlanılır və yalnız tam doğru cavabı müəyyən edən şagirdlər deyil, həmçinin həll prosesində düzgün aralıq nəticələr əldə edən və ya həll mərhələlərindən birini doğru yerinə yetirən şagirdlər də qiymətləndirmədə nəzərə alınır”.

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!