13 Aprel 2026 / 15:50

Tariximiz sərvətimizdir: onu qoruyanlar və yer üzündən silənlər!

 Ötən gün Bayırşəhərdə yerləşən tarixi abidələrin qorunub saxlnılması, şəhərin yetişdirmələri, ziyalıları, yazıçıları, 1918-ci il soyqrımı, həmçinin Qarabağ döyüşlərinin, xüsusilə də 44 günlük Vətən müharibəsinin şəhidləri haqqında tədbir keçirildi.

Tədbirdə hüquq müdafiəçisi, “Bayırşəhəri Qoruyaq” Təşəbbüs Qrupunun rəhbəri, hüquqşünas Zahidə xanım Əzizova, tarix elmləri doktoru, professor Məhərrəm Zülfüqarlı, tarix elmləri doktoru, professor Minəxanım Əsədova, AMEA-nın dosenti, sənətşünaslıq üzrə fəlsəfə doktoru Ülkər Talıbzadə, Xarici Dillər Universitetinin prorektoru, fəlsəfə doktoru Jalə Qəribova, filoloq Sevinc İsgəndərova, hüquqşünas Zahidə Əzizova, tədqiqatçı Bayram Axundov, rəssam, sənətşünaslıq üzrə tədqiqatçı Rəfail Gülməmmədli, Məmməd İsmayılov, jurnalist Zemfira Talıbzadə və digər tanınmış şəxslər iştirak edirdi.

Tədbirdə sözügedən mövzuda aparılan ətraflı müzakirələri, fikir mübadilələri, çıxış edənlərin nitqi və özümün jurnalist araşdırmalarımın cəmini toplayaraq “Tezadlar.az” olaraq oxucuların diqqətinə çatdırırıq. Xalq arasında “Sualtı şəhər”, “Bayır daşları”, “Şəhri-i Yunan”, “Karvansara”, “Bayır qəsr” və s. adlanan Səbail təqribən XIII əsrin əvvəllərində tikilmiş, XIV əsrin əvvəllərində isə tektonik dəyişikliklər nəticəsində Xəzərin suları altında qalmışdır. Sonralar suyun səviyyəsi tədricən aşağı enmiş və 1723-cü ildə abidə yenidən görünməyə başlamışdır. Ehtimal ki, Səbail müdafiə qalası və gömrükxana (bəzi alimlərin fikrincə ibadətxana) olmuşdur.

***

Səbail rayonun (Bayıl) ərazisində antik dövrə və orta əsrlərə aid abidələr mövcuddur. İçərişəhər Azərbaycanda mövcud olan və YUNESKO tərəfindən dünya mədəniyyət irsinin inciləri sırasına daxil edilmiş tarixi abidələrindən ən möhtəşəmidir. İçərişəhərin min ildən çox yaşı var. Onun başlıca abidəsi – dəbdəbəsi və möhtəşəmliyi ilə insanı heyran qoyan və dövlət tarixi-memarlıq muzey-qoruğu olan Şirvanşahlar sarayı ansamblıdır.

Qədim əsrlərin yadigarı, bünövrəsində divarlarının qalınlığı 5 metr, hündürlüyü 28 metr olan səkkiz yaruslu monumental tikili – “Qız Qalası” Səbail rayonunun rəmzidir. Səbail rayonu Bakı şəhərinin ən qədim rayonu olaraq, ötən əsrin 20-ci illərindən inzibati ərazi vahidi kimi formalaşmışdır. Rayon əvvəlcə “Bayıl- Bibi-Heybət”, 1931-ci ildən “Stalin”, 1960-cı ildən isə “26 Bakı Komissarları” adını daşımış və 29 aprel 1992-ci ildən Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının 112 saylı qərarına əsasən Səbail rayonu adlandırılmışdır.

Bakı şəhərinin sürətlə artan və inkişaf edən yaşayış məntəqələrindən biri Badamdar və qədim tarixi olan Bibiheybət qəsəbələri Səbail rayonunun inzibati ərazisindədir. Rayonda 3 bələdiyyə – Səbail, Badamdar və Bibiheybət Bələdiyyələri fəaliyyət göstərir.

Tarixi abidələr xalqın keçmişini, onun tərəqqi və tənəzzül çağlarını parlaq əks etdirir, qüdrətinə ehtiram ilə baş əydiyimiz sənətin sirlərindən söhbət açır. Bu abidələrdə ötüb keçən əsrlərin sənətkarlığı və incəsənəti həkk olunaraq bizim zamana qədər gəlib çatmışdır. Bakıda, Xəzər dənizinin sahilində, mənzərəli yerdə bir ada var. Bayıl yaşayış sahəsinin yaxınlığındakı bu adada vaxtilə inşa olunmuş bir abidəni həmin yerin adına müvafiq olaraq “Bayıl qəsri” adlandırmışlar. 1306-cı ildə Bakıda baş vermiş güclü zəlzələ zamanı tikinti dağılmış və bir neçə əsr suyun altında qalmışdır. Ada, Xəzər dənizinin geri çəkilməsi nəticəsində, yalnız XVIII əsrin əvvəllərində suyun altından üzə çıxmışdır. Bayıl qəsrinin sirri əsrlər boyu Bakıya gələn alim və səyyahların, tədqiqatçı və arxeoloqların diqqətini özünə cəlb etmişdir. Təxminən yeddi əsr bundan əvvələ aid edilən bu abidə Azərbaycanın qədim mədəniyyətə malik ölkə olduğunu bir daha sübut edir. XIX əsrdə Azərbaycan tarixçisi Abbasqulu ağa Bakıxanov, rus alim, şərqşünas və səyyahları İ.N.Berezin, S.Q.Qmelin, B.A.Dorn, V.V.Bartold, A.K.Markov və başqaları Bayıl qəsri haqqında ehtimal xarakterli məlumat vermişlər.

n

Tədqiqatçı alimlər onu “Səbayıl qalası”, “Bayıl qəsri”, “Bəndərqala”, “Yeraltı şəhər”, “Karvansara”, “Xanəgah”, “Monastr”, “Gömrükxana”, “Müdafiə qalası” və s. adlandırmış, qəsrin nə məqsədlə tikilməsi, tarixi rolu və fəlakətə uğramasının səbəbi haqqında elmi fikirlər, ehtimallar söyləmişlər.

Təxminən iki yüz əlli il bundan əvvəl suyun altından görünən tikinti haqqında dəqiq elmi fikir söyləmək qeyri-mümkün idi. Uzunluğu 40 metr, eni 180 metr olan bu tikinti aralarındakı məsafə 16 m-dən 28 m-ə qədər olan 15 yarımdairə qalalar vasitəsilə divara birləşdirilmişdir. Dörd küncdəki qalanın biri – şimaldakı monolit olub, qalanları kiçik kamera ilə bir-birinə bağlanmışdır. Divarın qalınlığı 1,2 m-dən 1,5 m-ə qədərdir. Divar ayrı-ayrı daş tavalarda düzəldilmiş frizli yazılarla (hündürlüyü 70 sm, eni 25-50 sm, qalınlığı 12-15 sm) əhatə olunmuşdur.

Frizli yazıların içərisində “Bayıl qəsri”nin memarı Əbdül-Məcid Məsud oğlunun adı bərpa edilə bilən yazı fraqmenti tapılmışdır. Bu memar eyni vaxtda, yəni 1232-ci ildə Abşeronun vahid müdafiə sisteminə daxil olan, şəhəri və Bayıl qəsrini şimaldan müdafiə edən Mərdəkan dəyirmi qalasını da tikmişdir. Tədqiq edilmiş kitabələrə əsasən müəyyən edilmişdir ki, qəsr Xəzər dənizinin sahilə yaxın hissəsində, Bayıl təpələrindən birində 1232-1233-cü illərdə Şirvanşah Gərşəsbin oğlu Fəribürzün dövründə tikilmişdir.

Bayıl qəsrinin tikintisində istifadə edilən daşların quruluşu təxminən səkkiz əsr bundan əvvəl Azərbaycanda memarlıq sənətinin yüksək səviyyədə olduğunu təsdiq edir. Üzərində ardıcıl olaraq Şirvanşahların adları yazılmış daşlarda hər hökmdarın adının üzərində onların rəmzləri olan simmetrik insan, heyvan, quş və mifik təsvirlər verilmişdir. Ümumiyyətlə, Bayıl daşları Azərbaycan xalqının keçmişini, gözəl mədəniyyətini, incəsənətini öyrənmək üçün dəyərli bir mənbədir.

Səbail rayonu (Bayıl) eyni zamanda bir çox tarixi abidələrlə də zəngindir.

MƏHƏMMƏD MƏSCİDİ

Məscid giriş qapısının üzərindəki epiqrafik yazıya istinadən hicri tarixi ilə 471-ci ildə ustad rəis Məhəmməd Əbubəkr oğlu tərəfindən inşa olunub. Zəngin dekorativ elementlərlə bəzədilmiş bir otaqlı ibadət zalına şimal tərəfdən çox da böyük olmayan vestibül birləşir.

KİÇİK KARVANSARAY

Kiçik və ya “Xan karvansarayı” adlanan karvansaray XV əsrin sonu XVI əsrin əvvəlində tikilmişdir.

Ehtimal olunur ki, bu tikili karvansaray kimi fəaliyyət göstərməmişdən öncə Came məscidinin mədrəsəsi və onun həyətində fəaliyyət göstərən hücrələrdən ibarət olmuşdur.

Karvansaray şəhərin ticarət magistralında yerləşib şəhərsalma sistemində əsas yer tutur.

QALA DİVARLARI

Orta əsrlərdə Bakı şəhəri şimal, şərq və qərb tərəfdən nəhəng ikiqat qala divarları ilə əhatə olunmuşdu. Qala divarları tez-tez düşmən hücumları zamanı dağıdıldığı üçün dəfələrlə bərpa edilmişdir. Sonuncu dəfə qala divarları 1950-ci illərdə bərpa olunmuşdur. Son bərpadan sonra 25 yarımdairəvi, bir ədəd isə dördbucaqlı formalı bürc (donjon) qalmışdır.

HACI BANİ HAMAMI

Hamam XV əsrin sonlarında tikilmişdir. Hamamın sifarişçisi Hacı Qayib, memarı isə Hacı Bani olmuşdur. Ona görə də hamama ya Hacı Qayib, ya da Hacı Bani hamamı deyirlər. Müsəlman şəhərlərinin əsas elementlərindən biri olaraq bu hamam karvan yolu üzərində öz iri həcmli görünüşü ilə seçilir.

İKİMƏRTƏBƏLİ KARVANSARAY

Karvansaray XV əsrdə tikilmişdir. Mənbələrə görə Şirvanşah I Xəlilullah tərəfindən Bakı sakini Qasım bəyə və onun varislərinin istifadəsinə verilmişdir. Karvansarayın eyni ox üzrə yerləşən ikitərəfli açıq girişləri var. Karvansaraya giriş dəniz ticarəti ilə əlaqədar sahil küçəsindən və ticarət magistralı yerləşən hissədən mümkündür. Karvansaray daxili planına əsasən kvadrat formalıdır. Daxili məkanı səkkizüzlüdür, arxasında ayrıca otaqlar yerləşən eyvanlarla əhatə olunmuş həyətdən ibarətdir.

HACI BANİ MƏSCİDİ

Şirvanşahlar Sarayı Kompleksi yaxınlığında yerləşən Hacı Bani məscidi memar Hacı Bani tərəfindən XVI əsrdə inşa edilmişdir. Girişlə üzbəüz, iri miqyaslı hörgü ilə, stalaktit yaruslu mehrab yerləşir. Məscidin yenidənqurma işləri zamanı interyeri və eksteryeri ənənəvi memarlıq üslublarını və motivlərini qoruyub saxlamışdır.

XANLAR MƏSCİDİ

Məscid XIX əsrin sonunda Xanlarov qardaşları tərəfindən sifariş olunaraq öz evləri yaxınlığında memar Məşədi Mirzə Qafar İzmaylovun layihəsi əsasında inşa olunmuşdur. Giriş üç hissəyə bölünmüşdür. Bunlardan mərkəzdəki bölmə künbəzlə tamamlanır, yanlardakılar isə qübbələr ilə örtülmüşdür. İnteryeri isə  tamamilə nəbati xarakterli naxış motivləri ilə zəngindir. Məscid İçərişəhər ərazisində ən son tikilmiş dini abidələrindən biridir.

ÇİN MƏSCİDİ

Məscid Şirvanşahlar Sarayı Kompleksinin yaxınlığında yerləşir.
Fasad üzərində, giriş qapısının üstündəki epiqrafik kitabə onun hicri tarixi ilə 777-ci ildə (1375-ci ildə) Fəzlullah İmam Osman Şirvani oğlunun vəsiyyəti ilə inşa olunmasından bəhs edir. Xalq etimalogiyasına görə məscidin “Çin” adını alması bu məscidə gələn insanların arzu və diləklərinin çin olması faktı ilə əlaqədardır.

QASIM BƏY HAMAMI

Hamam Şirvanşah I Xəlilullah dövründə Salyan qapısı (darvazası) yaxınlığında tikilmişdir. Tağlar, qübbələr və günbəzlərlə bölünmüş hamamın daxili məkanı memarlıq və konstruktiv formaların böyük vahidlik  dərəcəsi ilə fərqlənir. Qasım bəy hamamı orta əsrlər dövrü mülki memarlığın maraqlı abidələrindən biridir və dövlət tərəfindən qorunur.

BUXARA KARVANSARAYI

XV əsrin sonunda İçərişəhərin ticarət magistralının üzərində tikilmişdir. Kvadrat formalı, qabarıq portallı karvansarayın həyəti səkkizüzlü formadadı. Perimetr üzrə eyvanlar və şəxsi otaqlar – hücrələrlə əhatə olunmuşdur. 1964-cü ildə aparılmış bərpa işləri karvansaray binasını sonradan əlavə edilmiş tikililərdən və laylardan tamamilə azad etdi. Bu da onun, ətraf tikililər fonunda iri həcmli quruluşunu üzə çıxarmağa imkan verdi.

MULTANI KARVANSARAYI

Buxara karvansarayı ilə üzbəüz yerləşir. Karvansaray XV əsrdə tikilmişdir və Abşeron atəşgahlarına ziyarətə gələn hind tacirləri və zəvvarları üçün sığınacaq rolunu oynamışdır. Multan Pakistanda bir şəhərdır. Karvansarayın bu adı alması Multanlı atəşpərəst zəvvarların Bakıya daha çox gəlmələri ilə əlaqədardır.

BİBİHEYBƏT MƏSCİDİ

 Səbail rayonunun ərazisində və Xəzər dənizinin sahilində yerləşən Bibiheybət məscidi Azərbaycanda mövcud olan müqəddəs ziyarətgahlardan biri hesab olunur. Belə ki, burada İmam Museyi-Kazımın (ə) övladlarından olan Xanım Həkimənin (ə) müqəddəs qəbri yerləşir. Bibiheybət məscidi XIII əsrdə Şirvanşah II Fərruxzad ibn Axsitan tərəfindən inşa etdirilib. 1281-1282-ci illərdə tikilən məscidin divarındakı tarixi kitabələrdə onun memarının Mahmud ibn Sədi olduğu qeyd edilib.

Tariximizin Mart soyqrımı

Erməni millətçiləri tarixin müxtəlif mərhələlərində mifik “Böyük Ermənistan” ideyasını gerçəklədirmək məqsədilə soydaşlarımıza qarşı etnik təmizləmə, deportasiya və soyqırımları həyata keçirmişlər. Bu səbəbdən də, Azərbaycan xalqının başına gətirilən ən dəhşətli faciələrdən biri də 1918-ci ilin mart-aprel aylarında Bakı Sovetinin mandatı altında fəaliyyət göstərən daşnak-bolşevik silahlı dəstələri tərəfindən xüsusi qəddarlıqla törədilmiş kütləvi qırğınlardır.

Belə ki, martın 30-da saat 16.40 radələrində erməni kilsəsinin yanında toplaşan daşnak dəstələri müsəlmanlara ilk atəş açdılar və soyqırıma başladılar. Martın 31-də səhər tezdən bolşevik-daşnak dəstələri azərbaycanlılar yaşayan “Kərpicxana”, “Məmmədli” və digər Azərbaycan məhəllələrinə hücum etdilər.

S.Şaumyanın xahişi və Leninin xüsusi göstərişi ilə Saritsından göndərilən 2 təyyarə havadan, hərbi gəmilər isə dənizdən şəhərin azərbaycanlılar yaşayan məhəllələrini bombalamağa başladılar. Azərbaycan xalqına divan tutmaq üçün əllərinə girəvə düşmüş daşnaklar erməni neft sənayeçilərinin barjlarında qoyulmuş toplardan Abşeronun şimalındakı kəndləri də atəşə tutdular.

Martın 31-də səhərə yaxın bütün erməni hərbi dəstələrinin başçıları və silahlanmış erməni ziyalıları İnqilabi Müdafiə Komitəsinin qərargahına gəldilər. Onlar qısa vaxtda təlimatlandırılaraq müsəlman məhəllələrinə göndərildilər. Yaxşı silahlanmış və hazırlanmış erməni əsgərləri müsəlmanların evlərinə soxulur, sakinləri öldürür, onları xəncər və süngü ilə doğrayır, uşaqları yanan evlərin içinə atır, körpə uşaqları süngülərin ucuna keçirirdilər. Dinc əhalini qorxudan dəhşətə gətirib, istədiklərinə nail olmaq üçün hər cür vəhşiliyə əl atan bolşevik-erməni cəlladları müsəlman qadınlarını daha ağır formada qətlə yetirirdilər.

Azərbaycanlılara qarşı həyata keçirilən soyqırımı Bakı ilə yanaşı, Şamaxı, Quba, Lənkəran, Göyçay, Muğan, İrəvan, Zəngəzur, Qarabağ, Naxçıvan, Qars bölgələrini də əhatə etmişdir.

Rəsmi məlumatlara görə, mart soyqırımı nəticəsinində Bakıda 12 mindən çox azərbaycanlı qətlə yetirilmişdi. Bolşevik daşnak birləşmələri “Kaspi” mətbəəsini, “Açıq söz” qəzetinin redaksiyasını, “İsmailiyyə” (hazırda Milli Elmlər Akademiyası Rəyasət Heyətinin binası) binasını yandırmış, “Təzəpir” məscidinin minarələrini top atəşi ilə zədələmişdilər.

1998-ci il martın 26-da ümummilli lider Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanında həmin dəhşətli hadisələrə adekvat siyasi qiymət verilib və 31 mart “Azərbaycanlıların Soyqırımı Günü” elan edilmişdir.

Bayıl türməsi – susdurulan qəlblər

Bakının Bayıl qəsəbəsində yerləşən Bayıl türməsinin inşasına 1880-ci illərdə başlanılıb və 1900-cü illərdə tamamlanıb. Onun tarixi Azərbaycan tarixində mühüm hadisələrlə bağlı olub, ölkənin siyasi, ictimai və mədəni həyatında özünəməxsus yer tutur.

Bu həbsxana Rusiya İmperiyasının tərkibində olan Azərbaycanda inşa edilən ən böyük cəzaçəkmə müəssisələrindən biri idi. Tikintidə əsas məqsəd Qafqazda və xüsusilə Bakıda artan siyasi fəallığı və sosial hərəkatları nəzarət altında saxlamaq olub.

XX əsrin əvvəllərində Azərbaycan neft sənayesində baş verən fəhlə hərəkatları və inqilabi çıxışlar zamanı yüzlərlə insan Bayıl türməsinə salınmışdı. 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti süqut etdikdən sonra Sovet hökuməti Bayıl türməsini genişləndirərək siyasi dissidentlərin saxlanıldığı əsas məkanlardan birinə çevirdi. Böyük repressiyalar dövründə (1937-1938) Bayıl türməsində yüzlərlə ziyalı, alim, yazıçı və ictimai-siyasi xadim edam edildi və ya sürgünə göndərildi. Həmin şəxslər arasında Azərbaycanın görkəmli şəxsiyyətləri də yer almışdı. Onlardan Mikayıl Müşviq, Hüseyin Cavid, Əhməd Cavad, Ruhulla Axundov, Y.V.Çəmənzəminli və digərlərini misal göstərmək olar.

2000-ci illərin əvvəllərində həbsxana tamamilə bağlandı. Türmənin yerləşdiyi ərazidə isə abadlıq işləri aparılıb və onun bir hissəsi tarixi abidə kimi qorunmuşdur.

Bu səbəbdən, Bayıl türməsi Azərbaycan xalqının mübarizə və azadlıq tarixində qaranlıq, lakin unudulmaz bir səhifədir. O, təkcə cəzaçəkmə müəssisəsi deyil, həm də azadlıq, ədalət uğrunda mübarizə aparanların yaddaşında dərin iz qoymuş bir məkandır.

Birinci Qarabağ müharibəsi

1988-ci illərin sonlarında ermənilərin mövcud olan şəraitdən istifadə edərək fəallaşması Dağlıq Qarabağın və ətraf rayonların müvəqqəti olaraq itirilməsi ilə nəticələndi. Belə ki, 1992-ci ilin əvvəllərində Kərkicahan qəsəbəsi, Qeybalı, Malıbəyli, Aşağı Quşçular və Yuxarı Quşçular kəndləri işğal edildi. Münaqişənin həlli üçün yaradılan Minsk qrupu fəaliyyət göstərsə də, Dağlıq Qarabağdakı ərazilər bir-birinin ardınca ermənilər tərəfindən işğal edilirdi.

Bununla da ölkə ərazisinin 20 faizi düşmən tapdağı altına düşdü. Bu amansız müharibənin nəticəsində 20 min azərbaycanlı şəhidlik zirvəsinə ucalıb, 5 min nəfər isə Qarabağ əlili olub. Minlərlə vətəndaşımız itkin düşüb. Qaçqın və köçkünlərin sayı isə milyonu keçib…

 Vətən müharibəsi

Azərbaycan Ordusunun 2020-ci ilin sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edilib.

44 gün ərzində həyata keçirilən sürətli döyüş əməliyyatları ilə Cəbrayıl şəhəri və rayonun 90 kəndi, Füzuli şəhəri və rayonun 53 kəndi, Zəngilan şəhəri, rayonun Mincivan, Ağbənd, Bartaz qəsəbələri və 52 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 35 kəndi, Tərtər rayonunun 3 kəndi, Qubadlı şəhəri və rayonun 41 kəndi, Xocalı rayonunun 9 kəndi, Şuşa şəhəri, Laçın rayonunun 3 kəndi, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində bir neçə strateji yüksəkliyi, Zəngilanda isə Bartaz, Sığırt, Şükürataz yüksəklikləri və daha 5 adsız yüksəklik azad olunub.

Noyabrın 10-da Azərbaycan Prezidenti, Ermənistanın Baş naziri və Rusiya Prezidenti münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması barədə bəyanat imzalayıblar.

Bəyanata əsasən, noyabrın 20-də Ağdam rayonu, noyabrın 25-də Kəlbəcər rayonu, dekabrın 1-də Laçın rayonu Azərbaycana təhvil verilib.

Noyabrın 10-da hərbi əməliyyatlar dayandırıldıqdan sonra, Qarabağ ərazisindəki digər şəhər, qəsəbə və kəndlər üzərində də Azərbaycanın suveren hüquqları tanınmış, Azərbaycan Respublikasının ərazi bütövlüyü bərpa olunmuşdur.

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin yaydığı məlumata əsasən Vətən müharibəsində Silahlı Qüvvələrimizin 2895 nəfər hərbi qulluqçusu həlak olmuşdur.

…Son olaraq onu bildirək ki, sözügedən tədbir təqdirəlayiq idi. Çünki burada məqsəd tariximizin unudulmamasından ibarət idi…

Ümumiyyətlə, hər bir Azərbaycan vətəndaşı öz tarixini mükəmməl bilməli, qorumalı və gələcək nəsillərə layiqincə çatdırmalıdır. Çünki tarixini bilməyənin tarixini başqaları yazar. Tarixi öyrənmək insanlığın səhvlərini düzəltmək üçün ən yaxşı vasitədir. Xalq gərək daima öz kökünü, tarixini xatırlasın(H.Əliyev).

Tarixi olmayan ölkə ölü ölkə hesab edilir. Azərbaycanın mükəmməl tarixi, dillərə dastan keçmişi var. Biz insanlar bugünlə keçmiş arasında mənəvi körpü olmalıyıq…Xülasə, unutmayaqkı unudulmayaq!

Hazırladı: RÖVŞANƏ

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!