22 Aprel 2026 / 22:25

Xaçmazda yeniyetməyə qarşı qanunsuz zorakılıq hadisəsi baş verib

Xaçmazda yeniyetmənin əl-qolunu bağlayaraq işgəncə veriblər.

Tezadlar.az-ın məlumatına görə, hadisə rayonun Köhnə Xaçmaz kəndində baş verib.

İttiham aktına görə, 42 yaşlı Samir Həsənov (ad və soyad şərtidir) 17 yaşlı zərərçəkən Vüqarın (şərti adla) yaşadıqları evin hasarına çıxdığını görüb. Bu zaman onu tutaraq dərhal öz qardaşı Məhəbbət Həsənovu (ad və soyad şərtidir) çağırıb. Qardaşlar Vüqarın əllərini kəndirlə bağlayıb onu sanitar qovşağa apararaq işgəncə veriblər. Beləcə 1 saatdan artıq müddətdə Həsənovlar yeniyetməni bağlı saxlayaraq yumruq və təpik zərbələri ilə müxtəlif dərəcəli xəsarətlər yetiriblər.

Bu əməllərinə görə onlar barəsində Cinayət Məcəlləsinin 145.2.3, 145.2.4 və 145.2.6-cı maddələri ilə (silahdan yaxud silah kimi istifadə edilən əşyalar vasitəsilə qabaqcadan əlbir olan bir qrup şəxs halında yeniyetməni qanunsuz azadlıqdan məhrumetmə) cinayət işi başlanıb.

Təqsirləndirilən Samir Həsənov bildirib ki, zərərçəkən Vüqar onların bacısı qızı üçün həmin evə gəlib. Vüqarın sözlərinə görə, Samirin bacısı qızı ilə aralarında sevgi münasibətləri var. O, əvvəllər də Samir və Məhəbbətgilin yaşadığı evin yaxınlığına gəlib. İlk dəfə gələndə Məhəbbət onu çayxanaya apararaq bir daha yaşadıqları evə tərəf gəlməməsini izah edib. Təqsirləndirilən şəxs qeyd edib ki, bacısı 2008-ci ildə ailə qurub. Bu nikahdan onların 2 övladı anadan olub. Lakin bacısı 2011-ci ildə vəfat edib. Onun uşaqlarına Samir və Məhəbbət baxırlar.

Samir Həsənov deyib ki, Vüqarın yaşının 17 olduğunu bilməyib:

“Bilsəydim yaşı azdı, ona qarşı belə hərəkət etməzdim. Üzdən 22-24 yaşlı birinə oxşayır”.

Digər təqsirləndirilən Məhəbbət Həsənov isə bildirib ki, hadisə zamanı bacısı qızına məxsus foto-videonun olub-olmamasını öyrənmək üçün zərərçəkənin telefonunu da yoxlayıblar. Çünki sonradan həmin görüntülərin sosial şəbəkələrdə yayılmasından və bacısı qızının şantaj olunmasından qorxublar.

Onların sözlərinə görə, zərərçəkən tərəflə barışıq əldə olunub. Zərərçəkən şəxs də təqsirləndirilən şəxslərə qarşı şikayət və tələbinin olmadığını deyib.

Məhkəmənin qərarı ilə Həsənov qardaşlarının hər biri barəsində 3 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!