Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Ağstafa rayonunda məktəbdə baş verən bıçaqlanma hadisəsi ilə bağlı təhsil müəssisəsi və TƏBİB açıqlama yayıb.
Məlumata görə, aprelin 21-də Ağstafa şəhəri Səadət Şükürova adına 3 nömrəli tam orta məktəbin IX sinif şagirdi eyni məktəbdə oxuyan VIII sinif şagirdinə aralarında yaranmış mübahisə zamanı yüngül xəsarət yetirib.
Bildirilib ki, xəsarət alan şagird tibb müəssisəsinə yerləşdirilib, ona müvafiq tibbi yardım göstərildikdən sonra evə buraxılıb. Onun səhhəti məktəb rəhbərliyi tərəfindən nəzarətdə saxlanılır. Hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
TƏBİB-dən trend-in sorğusuna cavab olaraq qeyd olunub ki, aprelin 21-i saat 14:10 radələrində 2012-ci il təvəllüdlü kişi cinsli şəxs Ağstafa Rayon Mərkəzi Xəstəxanasının Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
“Pasiyentə sol budun deşilmiş yarası diaqnozu qoyulub. İlkin tibbi yardım göstərilib, vəziyyəti qənaətbəxş olduğundan ambulator müalicə üçün evə buraxılıb”, – deyə məlumatda bildirilir.
***
Ağstafada məktəbdə bıçaqlanma hadisəsi baş verib.
Tezadlar.az xəbər verir ki, Ağstafa Rayon Polis Şöbəsinə rayonun 3 saylı tam orta məktəbinin 8-ci sinif şagirdi U.İ-yə digər məktəbli tərəfindən kəsici-deşici alətlə xəsarət yetirilməsi barədə məlumat daxil olub.
Hazırda hadisəni törətməkdə şübhəli bilinən şəxsin saxlanılması istiqamətində polis əməkdaşları tərəfindən müvafiq tədbirlər davam etdirilir.
Xatırladaq ki, bir neçə gün əvvəl Bakının 286 nömrəli orta məktəbində 9-cu sinif şagirdi sinif yoldaşının üzərinə spirt tökərək onu yandırıb. Hadisədən sonra məktəb rəhbərliyi dərhal təcili tibbi yardım çağırıb, zərərçəkənə ilkin yardım göstərildikdən sonra o, xəstəxanaya yerləşdirilib.
Faktla bağlı şübhəli şəxs polis tərəfindən saxlanılıb, məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
trend