…Qəribə vəziyyətdir. Onkologiyada o boyda hadisə baş verib, bir-birinə daban-dabana zidd məlumatlar tirajlanır. Maştağa Psixiatriya Xəstəxanasından qaçışla bağlı iddialar ortaya atılıb. DİN məlumat yayıb, buna bir sözüm yoxdur. Amma anlı-şanlı baş redaktorlar, jurnalistlər sosial şəbəkələrdə yazırlar ki, “inanmayın, dezinformasiyadır”. Həmin adamların işlədiyi saytlara baxırsan, sosial şəbəkədə yazdıqları təkzib saytın özündə yoxdur. İndi kimsə irad tutacaq ki, bəs sən niyə yazmırsan? Uzun zamandır heç bir saytla əməkdaşlıq etmirəm.
Onkologiyada baş verənlərlə bağlı baxırsan ki, bəzi həkimlər narazılıq edir, insanlara minnət qoyur. Fərd olaraq mənim tanıdığım onlarla həkim var ki, pasiyentin qazi olduğunu biləndə onu pulsuz müalicə edir — Vüqar Kərimov kimi, Vüsal Əliyev kimi. Pul götürməyəcəklərini bildiyim üçün Vüsal Əliyevin, Amid Əsgərovun yanına getmədim. Tural Yusifovun yanına getdim. Müalicə bitdi, dedi ki, “müharibədə sənin etdiklərini bilirəm, səndən pul ala bilmərəm”.
Müharibə vaxtı ölümü gözünün altına alan, vəzifə borcu olmadığı halda odun-alovun içinə girən həkimlərimiz oldu. Dəfələrlə yazdım ki, o adamlara heç olmasa bir kağız parçası (təşəkkürnamə) verin. Qıymadılar, vermədilər. Ancaq o həkimlərin belə incimək haqqı yoxdur. Onlar yaxşıdırlar deyə, “Azərbaycan səhiyyəsi zordur” deməməliyik? Hər şey bir yana, dünyada kvadratmetrinə ən çox SMM-şik Azərbaycan səhiyyəsinin payına düşür. Təkcə bu fakt kifayət etmirmi ki, məqsədi anlayasan?
Ölkənin informasiya məkanına 60 mm-lik minaatan mərmisi düşüb, elə bil atom bombası partlayıb; radiasiya, üzr istəyirəm, üfunət aləmi bürüyüb. Əvvəl erməni mediası bir məlumat atırdı, aləm dəyirdi bir-birinə. Hətta bəzən elə olurdu ki, erməni mediasının yaydığı dezinformasiyanın yalan olduğunu elə erməni mediasının özü vasitəsilə başa düşürdük. Müşahidə edirəm, bəzi jurnalistlər hansısa hadisə baş verəndə yazır ki, “sizi əmin edirəm, o məlumat yalandır”. Rəylərdə söyüş, təhqir, nə gəldi var — necə lazımdır “yedizdirib-içirdirlər”. Düzdür, elələri var söyüşdən həzz alır, ancaq elələri də var ki, təəccüblənir, deyir: “Bizi niyə söyürlər?”.
Ayə, ay tülək, sənin dizlərin deyir ki, yaltaqsan — sürünməkdən! Sənin sifətin deyir ki, ikiüzlüsən — tüpürülməkdən! Sənin gözlərin deyir ki, girməyə yer axtarırsan — oynaqlığından! Sənin burnun deyir ki, fəsadsan – ora-bura soxmaqdan. Sənin qələmin deyir ki, murdarsan — fahişəlik üçün istifadə edildiyindən! İndi nəyinə təəccüblənirsən?
İstər Rusiya-Ukrayna, istər İran-ABŞ/İsrail müharibəsi, istərsə də ölkədə baş verən hər hansı hadisə ilə bağlı bir də görürsən hansısa jurnalist çıxıb deyir ki, “dövlətimin maraqlarını müdafiə edirəm”. Bu yaxınlarda bu tipli “şəngülüm”lərdən birinə dedim ki, sənin işin nədir? Başqa sahənin adamı idi. Soruşdum ki, sənin o işində vəzifə borcu olaraq “dövlətin maraqlarını müdafiə etmək” bəndi yazılıb?
Ayə, Azərbaycan dövlətinin maraqlarını müdafiə edən minlərlə insan var: hamısı da dövlət büdcəsindən maaş alır — XİN-də, DİN-də, DTX-da, XKX-də. Nə artistlik edirsən? “Maraq” dediyi şey də əslində öz arzusudur. İndi bu, başqa sahənin adamıdır, amma jurnalistin artistliyi məni lap dəli edir. Media haqqında qanunu oxumusan? Orada jurnalistin boynuna hansısa “dövlət marağı” yükünün qoyulduğu yazılıb? Ən nifrət etdiyim insan tipi özünə vəzifə icad edənlərdir. Adam oturur; boynuna, belinə, çiyninə, poposuna dövləti, milləti, xalqı yükləyir, gəlib cumur camaatın canına ki, “mən deyən kimi düşünmürsənsə, hansısa ölkəyə işləyirsən!”. Şizofren kopayoğlu!
Hansısa sortuxarab deyəcək ki, bəs sən bu dövlətin maraqlarını müdafiə etmirsən? Bu dövlətin maraqlarını necə lazımdır müdafiə etmişəm. Cəbhədə “tık” olmamış orada bitirdim. Sabah — hətta mənim düşüncəmə görə səhv addım olsa da — müharibə, konflikt olsa, yenə də orada bitəcəm, həmin gün müdafiə edəcəm. Səhv etdiyimizi düşünsəm, sabahısı gün də bunun səhv olduğunu deyəcəm! Müharibə vaxtı postda durdum, yaralı çıxardım, şəhid çıxardım, yaralandım, yardım çatdırdım. Nə qazandım? Mənimlə şəkil çəkdirənlər Zakir Həsənovun, Kərim Vəliyevin imzası ilə fəxri fərman, diplom, medal aldı; mən Allahın “sağ ol”unu da eşitmədim. Əksinə, hər şeyi itirdim. Sağlamlıq uçdu. Artıq dostlar zəng edəndə deyirlər ki, “ağrımırsansa, görüşək”. Bunları minnət qoymaq üçün yazmıram, bilərək və istəyərək etmişəm! Yenə olsa, yenə edərəm! Ancaq hansısa “xalasıgöyçək” bir yazı yazanda çıxıb səni harasa işləməkdə ittiham edəndə, adam hər şeydən iyrənir.
Bu cür dezinformasiyaları necə dağıtmaq olur? Çox sadə. Aprel döyüşlərində dedilər ki, “Tərtər məscidinə çoxlu sayda meyid gətirilib, şəhidlərin sayını gizlədirlər”. Girib Tərtər məscidini çəkib paylaşırsan, soxursan onu yazanların gözünə ki, ay heyvərə, burada dediyin sayda adam heç ayaq üstə yan-yana belə dura bilməz! Giləzidə sursat anbarı partlayanda həm ölkə daxilində, həm xaricində məlumat yayıldı ki, çoxlu sayda insan həlak olub. Mərmilər partlaya-partlaya və ən əsası, icazəsiz girdim əraziyə, çəkdim, yazdım. Heç bir cümlə də yazmadım ki, burada ölən yoxdur. Oxucu özü anladı: gördü ki, tibb məntəqəsində qan yoxdur, evlərdə qan yoxdur, ərazidə meyid yoxdur. Demək ki, ölən də yoxdur.
Yaxud gürcülərlə Keşikçidağ problemi yaranmışdı, sərhədçimizin əlindən silahını da almışdılar. Məlumatlar yayıldı ki, “ay haray, gürcülər Keşikçidağı götürüblər”. Getdim, yenə icazəsiz çəkdim, yazdım. Oxucu anladı ki, bunlar boş və mənasız söhbətlərdir. Onlarla belə fakt saya bilərəm. Yoxsa baş redaktor, jurnalist çıxıb deyir ki, “yalandır, dezinformasiyadır”. Ayə, onu elə demirlər; onu gedib elə işləyirlər ki, o yalanı yazan çıxıb üzr istəyir.
Bir, üç, beş adam şikayət etsə deyərsən ki, təsadüfdür. Artıq neçə gündür hər kəs paylaşır ki, bank kartından marşrut üçün pullar çıxır. Bank topu atır “BakuBus”un üstünə, “BakuBus”un isə heç vecinə də deyil. İnsanlar hara şikayət edəcəklərini də bilmirlər.
Taksi çağırırsan, maşına minməyə yer tapmırsan. Artıq o həddə çatmışam ki, taksi çağırmazdan əvvəl gözüm kamera axtarır. Maşallah, ölkənin hər yeri kameradır, elə bil təcrübə siçanıyıq. Ora cərimə, bura cərimə, aşağı cərimə, yuxarı cərimə…
Hesablama Palatası Qarabağdakı tikintilərlə bağlı nöqsanlar aşkar edib. Hansısa bir vətəndaş çıxıb evlərlə bağlı problemi danışır, aradan bir qədər keçmir, həmin adamın “üzr videosu” yayılır. Biri çıxıb yaşadığı şəhər — Mingəçevir haqqında vəziyyəti danışır, səhərisi gün üzr videosu yayılır ki, “Mingəçevirdə hər şey əladır”. Bir günə Mingəçevir Las-Veqas oldu? Kordu camaat?