6 May 2026 / 15:29

“Adil deyəsən, xəttin o biri başında ağlayırdı…”-BƏXTİYAR VAHABZADƏ XATIRLANARKƏN

…Atamgildə idim. Axşam idi. Birdən telefon zəng çaldı. Atam dəstəyi götürdü. Zəng edən Adil müəllim idi, Kanadadan zəng edirdi. Adil müəllim deyirdi ki, hər gün Bakıya baxır, Bakıya qulaq asır, Bakı ilə maraqlanır. Adil müəllim birnəfəsə danışırdı. Deyirdi ki, eşidib bu gün Bakıya qar yağıb. Deyirdi ki, burada günəş çox nadir hallarda çıxır. Bakıya da çox nadir hallarda qar yağır. Deyirdi ki, buranın gün şüaları adamı isitmir. Günəş çox solğun halda olur, elə bil ki, heç çıxmaq istəmir, zorla çıxardırlar. Bakıda isə qarda isti olur. Birdən əlaqə kəsildi. Nəsə oldu elə bil ki. Atam qışqırırdı. Adil, ay Adil. Adil deyəsən, xəttin o biri başında ağlayırdı (lap o “Mimino” filmində olan kimi).
– Ay Adil, nə olub sənə? Niyə ağlayırsan?
– …
– …Adil.
– Yox, ağlamıram, ay Bəxtiyar müəllim. Darıxıram hamı üçün. Darıxıram Konservatoriya üçün, Bəstəkarlar İttifaqı üçün, Filarmoniya üçün, sizin “Zimmerman” pianino üçün.
(Aman Allah, gör yadında nə qalıb – bizim “Zimmerman” pianinomuz. O pianinoya kimin barmaqları dəyməyib ki: Adil Bəbirovun, Emin Sabitoğlunun, İbrahim Topçubaşovun, Niyazinin, Tofiq Quliyevin, Şəfiqə Axundovanın, Xəyyam Mirzəzadənin, Arif Məlikovun, Azər Rzayevin, daha kimlərin, kimlərin. Məni dəhşət götürür.
O pianino arada it-bata düşdü. Mən Bakıda olmadım. Bakıda olsa idim, ona sahib çıxardım. Bütün başqa şeylər kimi, o pianino da elə arada it-bata düşdü. O müqəddəs bir pianino idi. Hər halda mənim üçün. Nə isə… Bir müddət sonra… Çox qəribədir. Qərib ölkələrin birində yatıb yuxuda o, “Zimmerman” pianinomuzu gördüm. Hansısa zibilxanaların birinə atılmışdı. Məyus-məyus mənə baxırdı. Qapağını qaldırıb nəsə çalmaq istədim, səsi çıxmadı. Pianino elə bil ki, uşaq kimi hıçqırırdı.
– Ay Adil, bəlkə qayıdasan. İndi bir az fikirləş.
– Gecdir, çox gecdir. Bəxtiyar müəllim, sizdən bir xahişim var, çox xahiş edirəm, bu telefon nömrəsini heç vaxt dəyişməyin, qoyun qalsın. Əgər bilsəniz, bu telefon nömrəsi mənim üçün necə əzizdir (o zamanlar bizim ev telefon nömrəmizin axırı 83-40 idi).
Adil müəllim deyirdi ki, yaşadıqları evin yanında bir “Opel” maşını var. Nömrəsi 83-40 idi. Həmişə o maşının yanından keçəndə elə bilirəm ki, sizə zəng edirəm. Heç vaxt bu nömrəni dəyişməyin.
Atam da:
– Ay Adil, qayıt gəl. Qulaq as, gör nə deyirəm.
Xəttin o biri başından kəsik-kəsik siqnallar eşidilirdi. Atam kədərlə başını qaldırıb mənə baxırdı.
– Adil nahaq burdan getdi. Bəlkə qalsa idi…
– Ay ata, bəlkə başqa əlacı yox idi. Bəlkə çıxılmaz vəziyyətdə idi. Axı, özü demişdi ki, yeni həyata uyğunlaşa bilmir, alışa bilmir.
– Hamı gedir. Cavanşir getdi, Emin getdi, Adil getdi. Bunun axırı necə olacaq?
– İnsan qəriblikdə əvvəl-əvvəl çətinlik çəkir, sonra uyğunlaşır.
– Bəs sən necə, uyğunlaşa bilirsən? 20-25 ildir ki, xarici ölkələrdəsən. Bakıda işlədiyin vaxtlarda da iki gündənbir xaricdə ezamiyyətdə olmusan. Nə bilim, Çindən vurub Danimarkadan çıxırsan. Sənin heç ürəyin yoxdu?
– Ay ata var, niyə yoxdu? 1976-cı ildən bu günə kimi dünyanın yarısını gəzmişəm. Başımın tükü qədər mühacir görmüşəm. Amma bir məsələni başa düşməmişəm və başa düşmürəm ki, niyə bu gördüyüm mühacirlərdən ancaq ziyalılar, rəssamlar, bəstəkarlar, aktyorlar, yazıçılar, şairlər, alimlər vətən həsrəti çəkirlər, vətən üçün cizdaqları çıxır, od tutub yanırlar, göynəyirlər? Bu Vətənin pullarını isə oğurlayanlar, qapıb talayanlar heç vaxt Vətən həsrəti çəkmirlər. Vətən həsrətini Vətəndə yaşayıb sıxıntı çəkənlər qürbət ölkələrdə çəkirlər. Vətənin pulunu oğurlayan harınlar xarici ölkələrdə Vətəndən oğurladığı pulları xarici ölkələrdə xəzəl kimi səpələyirlər, heç səfirlik tərəfə baxmırlar da. Amma Vətəndə sıxıntı çəkən bu binəvalar xarici ölkələrdə bizim səfirliyə həsrətlə baxırlar, amma yaxınlaşmırlar, ehtiyat edirlər. Bizim səfirliyə vətənlərinin bir parçası kimi baxırlar.
Mən Adil müəllimin ölüm xəbərini Almaniyada eşitdim. Mənə çox pis təsir etdi. Adil müəllimin atamgilə gəlməsi, atamla söhbətləri, pianino çalması, bir an kinolenti kimi gözlərimin önündən gəldi, keçdi. Uzun müddət özümə gələ bilmədim.
Bakıya qayıdanda isə Adil müəllimin ölümünü tam təfərrüatı ilə eşitdim. Adil müəllim Kanadada xəstəxanada müalicə olunurdu. Deyəsən, ayağı sınmışdı. Ayağından müalicə olunurdu. Və kədərli payız günlərinin birində, solğun şüalı payız günlərində, sentyabrın axırlarında Adil müəllim müalicə olunduğu xəstəxanada səhər çörəyini yeyib xəstəxananın foyesində olan royalın arxasına keçir. Və çalmağa başlayır. Bir xeyli müddət çalır. Axşama qədər çalır. Dayanmadan çalır. Yorulmaq bilmir. Deyə bilmədiklərini royala boşaldır. Birdən başını qaldırıb görür ki, həmin xəstəxanada müalicə alan xəstələr, xəstəxanada çalışan tibbi personal Adil müəllimin başına yığışıblar; diqqətlə qulaq asırlar. Adil müəllim çalır, çalır, ürəyini boşaldır və qəfildən ayağa qalxır. Hamıya öz təşəkkürünü bildirir, hamıya şirin yuxular arzulayır, öz palatasına keçir, yatır, yuxuda ikən dünyasını dəyişir…
İndi isə uzaq Kanadada Toronto şəhərində qərib bir məzar var. Başdaşında yazılıb: 1934-cü il – 2021-ci il. Adil Bəbirov. Allah rəhmət eləsin.
Çin çıxmayan “bəlkə”lər” – İsfəndiyar VAHABZADƏ
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!