Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətləri daxilində ölkə ərazisində yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsini davam etdirir.
FHN-dən Tezadlar.az-a bildirilib ki, bu çərçivədə Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti, 1058-ci məhəllədə yerləşən avtomobil şinlərinin satışı anbarında keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində bir sıra nöqsanlar aşkar edilib. Məlum olub ki, obyekt avtomatik yanğınxəbərverici siqnalizasiya qurğusu ilə tam təmin olunmayıb, elektrik təsərrüfatı “Elektrik Qurğularının Quraşdırılması Qaydaları”nın tələblərinə uyğun quraşdırılmayıb, obyekt odsöndürən balonlar ilə tam təmin edilməyib. Bundan başqa, təxliyə yolları yanğın təhlükəsizliyinin tələblərinə uyğun saxlanılmayıb, obyektin fəaliyyəti Dövlət Yanğın Nəzarəti Xidməti ilə razılaşdırılmayıb. Həmçinin obyektin fəaliyyətinin yaşayış binalarının layihələndirmə normalarının yanğın əleyhinə tələblərinə zidd olaraq binanın birinci mərtəbəsində təşkil edildiyi üzə çıxıb. Eyni zamanda, obyektin daşınmaz əmlakı “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sığortalanması barədə sənədlər təqdim olunmayıb.
Beləliklə, mövcud vəziyyət onu göstərir ki, obyektin istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə biləcək yanğın qısa müddətdə genişlənərək faciəni qaçılmaz edəcək.
Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş avtomobil şinlərinin satışı anbarının fəaliyyətinin dayandırılması barədə qərar qəbul olunub və qərarın bir nüsxəsi obyektin nümayəndəsinə təqdim edilib.