Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

…Keçək mətləbə: Bakı AYNA təsis olunandan tıxaclara məhkumdur. Səbəb çox sadədir: bir zamanlar faytonlara, yaxud Sovet dövrünün azsaylı avtomobillərinə hesablanmış yollar genişləndirilmədən AYNA tərəfindən Bakıda parklama, BUS-lama və velosipedləşmə zolaqları yaradılıb… Bu da azmış kimi, bəzi sərbəst küçələrdə isə DİN tərəfindən «Dayanma-durma qadağandır!» qadağanedici nişanlar qoylmaqla sürücülər daha bir cərimə ilə üz-üzə qoyulub. Ən eybəcərlik isə həm də ondadır ki, insanlar üçün ən zəruri xidmət obyektlərinin(aptek, kafe, restoran, dükan və s.) qarşısına qadağanedici nişanlar qoyulmaqla sahibkarların və ya ticarətçilərin əl-qolu bağlanıb. 1-2 dəqiqəliyə qəza işığı yandırıb aptektdən 1 manatlıq dərman alan bir dəqiqə sonra 20 və ya 40 qat cərimə ilə «mükafatlandırılır».
Bəs Bakıda son illər həlledilməz sayılan tıxaclardan çıxış yolu yoxdurmu?
«Təzadlar»ın Araşdırma Qrupu bu barədə dəfələrlə müşahidə və təhlillər əsasında yazılar dərc edib, təkliflər verib, lakin hələki tədbir görülmür… Hətta deputatlar, ictimai xadimlər, hüquqşünaslar, vəkillər belə dilə gəliblər, danışırlar, tənqid edirlər, amma…
***
Bir ara Bakıda Prezident Sərəncamı ilə xüsusi hərəkət zolaqlarının yaradılması barədə aidiyyəti qurumlara, xüsusən də Azərbaycan Yerüstü NəqliyyatAğentliyinin rəhbərliyinə (Anar Rzayev) tapşırıqlar verildi. Amma hələ də nəticə və ya görülən işlər gözə dəymir.
Bu günlərdə isə, tıxacların qismən aradan qaldırılması niyyəti ilə, hətta MM-də bir sıra dövlət qurumlarında iş saatının dəyişdirilməsi barədə məsələ də müzakirə olundu.
Hesab edirik ki, bu məsələ də xüsusi hərəkət zolaqlarının taleyi kimi olacaq. Niyə? Məsələn, tutalım Baş Prokurorluğun əməkdaşlarının iş saatı 9-dan 11-ə dəyişdirildi. Təbii ki, Əmək Məcəlləsinə mütləq dəyişiklik olunmalıdır və s. Nəticədə prokurorlar işə 11-də gəlib 20:00-da işdən çıxmalıdır. Olsun! Amma və lakin. Məsələn, zərərçəkmiş şikayətçi X Baş Prokurorluğa ərizə verməli, yaxud qəbula getməlidir. O, çalışdığı iş yerinə getmədən 2 saat gecikib gözləməlidir ki, prokurorluğun qapısı açılsın? Yaxud, başqa bir misal: tutaq ki, səhiyyə işçilərinin iş saatı 1 saat qabağa çəkildi. Xəstələr oturub 1 saat da gözləsinlər ki, həkimlər bir saat sonra işə gəlsinlər? Axı həkimlərin də, prokurorların da övladları, məsələn, bağçadadır, məktəbdədir, onları həmin ünvanlara çatdırmalı, ya da işdən sonra götürməlidirlər. Saat 8-dən sonra kim məktəbə, yaxud baxçaya necə getməlidir???
Yolları daraldanların əziyyətini niyə Bakı sakinləri çəkməlidir?
…Bakı qarış-qarış zəbt olunur, sökülür, göydələnləşir… Dəfələrlə rəsmi səviyyədə deyilib ki, Bakının mərkəzində göydələnlərin tikintisi qadağandır! Ölkə Prezidenti də bu barədə neçə il əvvəl Bakı meriyasına və o vaxtkı Tikinti və Arxitektura Komitəsinə tapşırıq vermişdir… Amma və lakin… İndi Bakıda göydələnlərin hündürlük yarışı gedir.
Məqsəd nədir? Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəhbərliyi doğrudanmı bilmir və ya görmür ki, Bakı içinə-daxilinə tikilir, əhali şəhərdən kənara daşınmaq əvəzinə, süni olaraq mərkəzə bu yolla daşınır???
Bakını əhali yükündən xilas yolu və absurd tikintilər!
…Az qala hər gün tıxacdan söhbət düşəndə deyirlər ki, Bakı paytaxt kimi kənara köçürülməlidir ki, tıxaclar azalsın, əhali kənara daşınsın və s. Amma biz nəyi görürük: dövlət qurumları paytaxtı tıxaclardan xilas etmək üçün ən son addımları atmağa hazır görünür, o biri tərəfdən isə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi MTK-lara, sanki göz edir ki, tikin! Bir və iki, üç, dörd və beşmərtəbə binaları kütləvi surətdə söküb yerində 20-25 mərtəbəli binalar tikilən şəhərdə tıxacın həlli yolu görünməzdir, mümkünsüzdür!
AYNA-nın yoldaraltma siyasəti…
…Təhlil və müşahidələrimiz qanqaraldıcıdır: məsələn, Bakıda elə küçələr var ki, genişləndirilməyib, amma AYNA 4 yerə bölüb: biri parklama, biri velosiped, biri də avtobus! Sürücülərə isə bir zolaq qalıb! Necə deyərlər, «Üçü mənim, biri mollanın!».
Sürücülərin və sərnişinlərin sərbəst hərəkət, mənzil başına daha tez və əsəbsiz… çatmaq hüququ niyə əlindən alınır, məhdudlaşdırılır? Ona görə ki, AYNA özü üçün cərimə və parklamadan qazanc ünvanı tapıb! «…Hazırca kökə»mi?!
AYNA niyə tıxacların həllində maraqlı görünmür?
…Müşahidələrimizdə bir ağrılı və narahatlıq doğuran problemi də üzə çıxardıq: Bakının tıxac məsələsi ən yüksək səviyyədə narahatlıq doğursa da, aidiyyəti, yəni bu problemi həll etməli olan rəsmi qurumlar-məmurlar susur, seyr edir. Bilirsiz niyə? Video və fotomüşahidələrimiz aşkar etdi ki, bütün statuslu məmurların xidməti avtomobilləri BUS zolağı ilə hərəkət edir, ona görə də tıxaca düşmürlər, rahatdırlar! Halbuki «Yol hərəkəti haqqında» Qanunda BUS zolağına daxil olmaq bütün nəqliyyat vasitələrinə qadağandır! Hətta bu barədə yaxınlarda DYP idarələrinin birində olan əməkdaşımıza bunu etiraf da ediblər. «…Bu fotoşəkildəki xidməti avtolmobil, təcili yardım… avtomobilləri niyə BUS zolağına daxil olub, onlara cərimə yazılacaqmı?» sualına qarşı tərəfin cavabı konkret olub: «Biz belə halları qeydə alırıq və sonra araşdırırıq ki, BUS zolağına daxil olmaqda hansı zəruri hal var… Sonra onlara cərimə yazılır…».
Halbuki belə deyil, hər gün paytaxt yollarında, hətta adi xidməti avtomobillərin belə BUS zolağı ilə şütüdüyünün şahidiyik…
250 km-lik velosiped zolaqları BUS-la birləşdirilərsə…

Gəlirik əsas mətləbə: Bakıda tıxacların yaranmasının səbəblərindən dedik, mövcud yollar genişləndirilmədiyi halda, əksinə, velosiped üçün onsuz da dar yollarda ayrıca zolaq da ayrılır. Məsələn, apardığımız müşahidələrlə qeydə aldığımız bu küçələrin bir qismini təqdim edirik: Hüseyn Cavid, Xətai və İnşaatçılar prospektləri, Bəxtiyar Vahabzadə, Mirzağa Əliyev, Abdulla Şaiq, Məmməd Rahim, Mikayıl Müşfiq, Nəcəfqulu Rəfiyev, İzzət Orucova, Əbdürrəhim bəy Haqverdiyev və Xaqani küçələri, 28 may, M.Mehdiyev, R.Behbudov, Xocalı prospekti… Və sair!
Təsəvvür edin, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) Bakı şəhərində təkcə son illərdə mikromobillik və velosipedlər üçün 15 küçə və prospektdə, həmçinin 2 ərazidə 15 kilometr də mikromobillik üçün əlavə zolaq çəkib. (paytaxtda skuterlər üçün 740, velosipedlər üçün isə 580 parklanma məntəqəsi də təşkil edilib).
Bu hələ harasıdır, AYNA-nın məqsədi və pespektiv planına görə, Bakı şəhərində 2040-cı ilədək əlavə olaraq şəhərin mərkəzi hissəsi üzrə uzunluğu təqribən 10 km olan velosiped zolağının təşkil edilməsi nəzərdə tutulur (yolun orta xətti ilə qəbul edildikdə təqribən 6 km). Bakı şəhəri üzrə isə, ümumilikdə, 2040-cı ilədək velosiped zolaqları/nın uzunluğunun təxminən 285 km təşkil edəcəyi planlaşdırılır. Hazırda isə bu zolaq 62 km-dir!
Təsəvvür edin, AYNA bir tərəfdən mövcud yolları daraldıb tıxacların uzunmuddətliliyinə şərait yaradır, digər tərəfdən velosiped zolağına girməyə görə sürücülərin cərimələnməsi də qanuna salınıb. Məsələn, İnzibati Xətalar Məcəlləsinin 327-ci maddəsinin 1-ci bəndinə əsasən, velosiped zolağına daxil olanları 40 manat cərimə gözləyir.
Bu isə təklifimiz: bəs nə etməli? Paytaxt yollarında apardığımız müşahidə və sakinlərlə, sürücülərlə eksklüziv söhbətlərimizdən belə bir nəticəyə gəldik ki, Bakıda velosiped zolaqlarını ləğv edib BUS zolaqları ilə eyniləşdirmək(birləşdirmək) mümkündür(Bəzi ərazilərdə istisna). Məsələn, avtobusların da hər gün tıxaca düşdüyü Cavid prospektində hər axşam-səhər tıxac olur, amma velosiped zolağı bomboşdur. Xüsusən də isti, küləkli, yağmurlu havalarda bu zolaq(lar)dan istifadə edilmir. Bu prospektdə BUS zolağı yoxdur, amma velosiped üçün ayrıca zolaq yaradıb xüsusi maneələrlə doldurublar. Eləcə də Xocalı prospektində, M.Mehdiyev küçəsində(3 universitetin giriş-çıxış ərazisidir). Vaxtilə 3 zolaqlı olmuş bu küçədə indi bir zolaq parklamadır, biri olmayan velosiped üçündür, biri isə sürücülərin! Ona görə də 70 faiz daraldılmış bu küçədə hər gün tıxacdır, amma bir velosiped belə sürən yoxdur…
Beləliklə, Bakının əksər küçələrindəki velosiped zolaqları ləğv edilib sürücülərin ixtiyarına verilərsə, bu tıxacların qismən azalmasına kömək edər… Sürücülər də deyir ki, BUS yolunda həm də velosipedlər hərəkət etsə, daha yaxşı olmazmı? Yəni, bu da bir çıxış yoludur.
Adi bir hesablama aparaq: Bakıdakı velosiped zolağının hazırda ümumi uzunluğu 62.000 metrdir və zolağın enini 3 metrdən götürsək, bu təxminən 186.000 kvm. yol sahəsi deməkdir. Yəni, AYNA hazırda sürücülərin «kisəsindən» kəsib velosipedlərə 186 min kvm. sahə ayırıb. Əksər vaxtlarda da bu sahə istifadəsizdir(yağışlı, qarlı, küləkli və isti havaları nəzərə alın). Bir avtomobil üçün isə yol sahəsini təxminən 6 kvm.-dən götürsək(3 metr(uzunluğu) X 2 metr(eni), bərabərdir: 186.000: 6 kvm.=31 min avtomobil!
Bu ortalama rəqəmdir, amma həm də o deməkdir ki, Bakıda velosiped zolaqları BUS zolağına qatılarsa, nəticədə, təxminən 31 min avtomobil üçün yeni zolaq-yol sahəsi ayrılmış(təmin edilmiş) olar!
***
Müşahidə apardığımız küçələrdə aydın görünürdü ki, bəzi hallarda həm BUS, həm də velosiped zolaqları boşdur, amma tıxaca düşmüş avtomobillərin sayı-hesabı yoxdur. Nəzərə alaq ki, tıxac Bakıda təkcə sürücülərin cibinə və səhhətinə vurulan ziyan deyil, həm də Bakının ekologiyasına ciddi zərbədir…
«Təzadlar»ın Araşdırma Qrupu
