20 Avqust 2026 / 14:34

Yaşamaq haqqı…

…Xalq şairi və xalqın şairi Nəriman Həsənzadə bu haqqı qəlblərə yağ kimi süzülən lirik, vətənpərvərlik şeirləri, tarixi mövzularda yazdığı dramaturgiyası, ictimai əhəmiyyət daşıyan poemaları, insani keyfiyyəti, gözəl şəxsiyyəti, milyonların sevgisini qazanması və 95 illik mənalı ömür yaşaması ilə sübut edib…

Biz Nəriman Həsənzadə ilə birlikdə gəncliyimizi də itirdik…

XX və XXI əsr Azərbaycan ədəbiyyatının tanınmış simalarından olan Nəriman Həsənzadəni də itirdik. Azərbaycan poeziyasının ən parlaq nümayəndələrindən olan N.Həsənzadə orta və yaşlı nəslin yaddaşında əbədi bir iz qoyub. Amma çox təəsüf edirəm ki, indiki gənc nəsil Nəriman Həsənzadəni, Bəxtiyar Vahabzadəni, Məmməd Arazı, Söhrab Tahiri, Musa Yaqubu, Məmməd İsmayılı, Cabir Novruzu, Nüsrət Kəsəmənlini, Hüseyn Arifi, Nəbi Xəzrini və s. özünü təsdiq etmiş şairlərimizi yaxşı tanımırlar. Bunun günahkarı da bizim televiziyalırımızdır. Sovet dövründə bu şairlərlə ali məktəblərdə, tələbə və fəhlə yataqxanalarında, orta məktəblərdə, bir çox idarələrdə, müəssisələrdə, zavodlarda, fabriklərdə görüşlər keçirilirdi. Bu görüşlər də o vaxt yeganə televiziya olan AZTV-də nümayiş edilirdi. Ona görə də bütün insanlar bu məşhur şairlərin nəinki özlərini yaxşı tanıyırdılar, hətta şeirlərini əzbər bilirdilər. Amma çox təəssüf ki, hazırda bu qədər televiziya bolluğunda, şou əhlindən başqa ibrətamiz, gənclərin mənəviyyatına müsbət təsir edən, vətənpərvərlik hisslərini aşılayan, tariximizi xatırladan heç bir veriliş gözə dəymir. Daha şairlərlə görüş də arxivə atılıb.

Mənim yaxşı yadımdadır, biz gənclik illərində ad günü olan dostlarımıza daha çox sevdiyi şairin kitabını hədiyyə edərdik. Bu səbəbdən də, həm bu şairlər yaxşı tanınırdı, həm də şeirləri dillər əzbəri olurdu. Belə sevilən və şeirləri dillər əzbəri olan şairlərdən biri də Nəriman Həsənzadə idi.

***

N.Həsənzadə bizim gənclik illərində ən çox sevdiyimiz şairlərdən olub. Yuxarıda adlarını sadaladığım şairlərin hər biri bizim gənclik illərimizin şahidləri və yadigarları idilər. N.Həsənzadə də həmin səradan olan sevilən şairlərin sonuncusu idi. Deməli, biz N.Həsənzadə ilə birlikdə gəncliyimizi də itirdik.

N.Həsənzadə həm gözəl, dəyərli insan, həm də çox sevilən bir şair idi. Mən şeirə qarşı çox tələbkaram. Düzdür, özüm şeir yaza bilmirəm, amma adlarını sadaladığım həmin şairlərdən saatlarla şeir əzbər söyləyə bilərəm. Bu şairlər zamanın sınağından çıxaraq həmin titulu qazana biliblər. Azərbaycanda şeir yazan çoxdur, amma şair azdır. Hər yazılana da şeir demək olmur. Şeirin çox ciddi qaydaları var. Yazılan şeirin hər birində axıcılıq, bölgü, qafiyə, heca, təşbeh, məcaz və digər qaydalar yerində olmalıdır. Ola bilər ki, bir şeirdə bu qaydalar öz əksini tapsın. Amma həmin şeirin içində düşündürücü, fəlsəfi məna yükü olan fikir olmasın. Təbii ki, bu zaman elə şeirlər sevilməyəcək. Şeir insan ruhunun təcəssümüdür. O, hər zaman insanı düşündürməlidir. Mənim şeir ölçülərimlə bir keyfiyyətə də üstünlük verirəm. Şairin yazdığı şeirlə şəxsiyyəti arasında paralellik olmalıdır. Yoxdursa, həmin şeir və onun müəllifi sevilməyəcək. Bu gün özündən razı, oxucusuna yuxarıdan aşağı baxan, hətta “məni sevməyənlər axmaqdır, axmaq” kimi sözlər yazaraq oxucusuna qarğış edən özündən razı şairlərimiz də var. Belələri heç vaxt cəmiyyət və xalq tərəfindən birmənalı qəbul edilmir.

***

“…Həyatda ən böyük istedad belə,

Bir sığal görməsə, yüksələ bilməz”.

95-yaşında dünyasını dəyişən şairimiz Nəriman Həsənzadə və yuxarıda adlarını çəkdiyim şairlərin şəxsiyyəti ilə yazdıqları şeirlər arasında tam bir paralellik olub. Bu insanların hər biri həm böyük bir şəxsiyyət, həm də milyonların sevimlisi olan şairlər idilər. Onlardan qalan və hər zaman təsəlli tapdığımız N.Həsənzadə artıq aramızda yoxdur. Şairi öz həmkarlarından fərqləndirən müəyyən keyfiyyətlər var idi. N.Həsənzadənin adi şirin danışığı da şeirə bənzəyirdi. Bu insan o qədər həlim, o qədər yumşaq, o qədər təvazökar, o qədər istiqanlı insan idi ki, onu sevməmək, dəyər verməmək mümkün deyildi. Uşaqla uşaq, böyüklə böyük idi. Heç kəsin qəlbinə dəyməzdi. Hətta ən zəif şeirləri olan gənc yazarların kitabına ön söz yazmaqdan çəkinməzdi. Bir dəfə bu barədə özündən soruşdum ki, Nəriman müəllim bir gənc şeir yazanın kitabına yazdığınız ön sözləri gördüm. Axı o adamın elə bir istedadı yox idi. Sizin kimi dahi bir şairin ona ön söz yazmasını başa düşə bilmədim. Şair belə cavab verdi: “Elçin, oğlum, mən də bilirəm onun şeirləri zəifdir, amma mən ona ön söz yazmaqla həmin gənc yazarın boynuna çox böyük məsuliyyət qoyuram ki, gələcəkdə daha yaxşı yazsın. Mən onu pisləsəydim, ola bilərdi ki, o az olan istedadı da məhv olub gedərdi. O mənim adımı orda görüb, daha da ruhlanacaq və bu gələcəkdə yaxşı şeirlər yazmağa sövq edəcək”. Elə bu yerdə N.Həsənzadənin bu mövzuda yazdığı bir bənd şeiri yadıma düşdü:

“Mənim də gəmim yan alır sahilə,

Sular lal dayansa, o gələ bilməz.

Həyatda ən böyük istedad belə,

Bir sığal görməsə, yüksələ bilməz”.

Bəli, N.Həsənzadə yüzlərlə yeni yazmağa başlayan gənclərin istedadına sığal çəkərək, onların cəmiyyətdə öz yerini tutmasına, şeirlərinin daha da püxtələşməsinə mənəvi dəstək olub.

***

“Sizə kiçik olsun, bizə də rəhbər,

aldığı arvada ərə gedənlər…”.

N.Həsənzadəni lirik şair adlandırırlar. Doğrudan da şairin lirik, məhəbbət şeirləri bir möcüzədir. Sevənlər bir-birinə N.Həsənzadənin şeirləri ilə eşqlərini izhar edirdilər. Amma bununla belə, şairin hələ sovet dövründə mövcud eybəcərlikləri əks etdirən  “Kimin sualı var?” poeması böyük rezonans doğurmuşdu. N.Həsənzadəni həmin dövrdə az qala 37-ci ilin represiyasına məruz qoymuşdular. Şairə hər yerdən təpkilər və hücümlar var idi. Dünənə qədər N.Həsənzadəni böyük şair adlandıran bir çox vəzifə sahibləri ondan üz döndərdilər. İş o yerə çatdı ki, evlərinin daimi əziz qonağı olan bir vəzifəli şaxs Nəriman müəllimin xahişini etmək üçün gələn həyat yoldaşı Sara xanımı belə qəbul etməmişdi. Elə bu hadisədən sonra Sara xanım çox böyük sarsıntı keçirmişdi. Ustad şairimiz mənimlə söhbətlərindən birində demişdi ki, Saranın xəstələnib yatağa düşməsində və sonradan dünyasını dəyişməsində, məhz bu hadisə böyük rol oynamışdı.

Bəs “Kimin sualı var?” poemasında şair nə yazmışdı? Sualı belə də qoymaq olar: Şair o poemada nələr yazmamışdı?  Poemanın qısa məzmununu demək istəyirəm. Şair poemaya epiqraf kimi Ulu Öndər Heydər Əliyevin o vaxt məşhur olan “Qoy ədalət zəfər çalsın” şüarını seçmişdi. Poemadan görünür ki, ali məktəbdə onlara tarix fənnindən dərs deyən bir professorun oğlu da onunla bir qrupda təhsil alıb. Professor həm müəllim, həm də bir ata kimi tələbələrin ürəyini ələ almağı bacarsa da, oğlu, indiki qudurğan məmur balaları kimi, həddindən artıq meşşan, ərköyün, kasıbları saymayan, öz ranqında olmayanlara yuxarıdan aşağı baxan bir nadan idi. Poemadan sitat:

“Biz elə bildik ki, üçüncü kursdan,

Qovdular əmrlə sənin oğlunu,

Bir zaman aldadıb, atdığı qızdan,

Xəbərin, ətərin necə? Oldumu?!

Yazıq qız necə də soldu-saraldı,

Özü uşaq ikən uşağa qaldı.

Yaxın qoymadınız ailənizə,

Qorxdunuz, əskiklıik olardı sizə.

Alim adamsınız, ona da yalnız,

bir alim qızını almalıydınız.

Onun da arxası söykənsin dağa,

getsin qabağa.

Sizə kiçik olsun, bizə də rəhbər,

aldığı arvada ərə gedənlər…”.

Poemanın başqa bir yerində N.Həsənzadə hamının bərabər olduğu sovet dövründə öz anası ilə  qudurğan tələbə yoldaşının anasını müqayisə etməklə sovet quruluşunun ic üzünü açıb ortaya qoya  bilib:

“Mənin gəlin anam boranda, qarda,

idarə süpürdü, ağrıdı beli.

Sənin xanım anan qonaqlıqlarda

Özgəyə göz vurdu ərindən gizli.

 

Mənin gəlin anam pis gün görərək,

Içindən çəkdi, sınmadı üzdə.

Sənin xanım anan boya sürtərək,

Yüz yerdə əyildi dikdaban üstə.

 

Ərsiz dul anamın köz əllərini,

ocaqda yandırdı hər axşam, səhər.

Ərli ananınsa, qız əllərini,

Öpərək qızartdı gələn kişilər”…

Gəlin açıq etiraf edək ki sovet hökumətinin qılıncının dalı da, qabağı da kəsən vaxtı, varlı ilə kasıbın həyat tərzini əks etdirən belə cəsarətli fikirləri hər şair, yazıçı yaza bilməzdi… Elə ona görə də bu poemaya görə şairin başı çox ağrıdı. Az qala 37-ci ilin repressiya qurbanlarının gününə düşəcəkdi…  Yaxşı olar ki, bu poemanı  hər kəs tapıb oxusun və böyük zövq alacağınız şübhəsizdir.öö

(Davamı var)

Elçin Məmmədli

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!