21 Avqust 2026 / 15:40

Yaşamaq haqqı… -2_Cİ HİSSƏ

…Xalq şairi və xalqın şairi Nəriman Həsənzadə bu haqqı qəlblərə yağ kimi süzülən lirik, vətənpərvərlik şeirləri, tarixi mövzularda yazdığı dramaturgiyası, ictimai əhəmiyyət daşıyan poemaları, insani keyfiyyəti, gözəl şəxsiyyəti, milyonların sevgisini qazanması və 95 illik mənalı ömür yaşaması ilə sübut edib…

(Əvvəli otən yazıda)

https://tezadlar.az/yasamaq-haqqi/

«Şeir bizim idi, alqış Elçinin!»

Şairin tarixi mövzuda yazdığı  “Pompeyin Qafqaza yürüşü”, “Atabəylər”, “Nəriman”, “Nabat xalanın çörəyi”, “Nuru Paşa” kimi əsərləri Azərbaycan dramaturgiyasına samballı töhfələr vermişdir… N.Həsənzadə yaxşı şair olduğu kimi, həm də yaxşı ailə başçısı, yaxşı ata və yaxşı dost idi. Biz onunla 43 il ata-bala kimi dost olmuşuq. Bu dostluqdan mənə həsr edilən  bir şeir də yaranıb. Mənim 2018-ci ildə olan 60 illik yubileyimə yazdığı şeiri “Ədəbiyyat” qəzetində dərc etdirəndən sonra zəng edib məlumat vermişdi. Gözlərimə inana bilmədim ki, N.Həsənzadə kimi dahi bir şair sadə bir jurnalist haqında şeir yazıb. Sonralar xahiş etdim ki, o şeiri oz səsində söyləyib Vatsapla mənə göndərsin. Şair bu xahişimi nəzərə alıb, həmin şeiri öz səsində mənə göndərdi. İndi şairin öz səsində mənə göndərdiyi həmin şeir, mənim üçün dünyada ən qiymətli hədiyyədir.

***

Məlumat üçün deyim ki, sovet dövründə Bakıxanovda ( keçmiş Razin) yerləşən 74 nömrəli texniki peşə məktəbində işlədiyim vaxtlarda şairlərlə tez-tez görüşlər keçirərdik. 2500 nəfərlik bir kollektivdə B.Vahabzadə, Məmməd Araz, Nəriman Həsənzadə, Musa Yaqub, Məmməd İsmayıl, Söhrab Tahir, Cabir Novruz, Qabil, Tofiq Bayram, Davud Nəsib, Nəbi Xəzri, Nüsrət Kəsəmənli və s. şairlərlə görüşün əsas təşkilatçısı, idarəedicisi məktəbin dil-ədəbiyyt müəllimi mərhum Zərifə Babayeva və mən olurdum. Zərifə müəllimə görüşə gəlmiş şairin həyat və yaradıcılığı barədə geniş məlumat verirdi. Mən isə həm şairin görüş gecəsini idarə edirdim,  həm də şeirlərindən əzbər söyləyirdim. Beləcə bu şairlər məni özlərinə dost seçmişdilər. N.Həsənzadənin mənə həsr etdiyi şeirdə də bu anlar öz əksini tapıb.

Sonralar -1992-ci ildə könüllü olaraq Qarabağ döyüşlərinə getməyim, topçu batareyasının komandiri kimi döyüşlərdə iştirak etməyim də şeirdə ayrıca qeyd olunub. Şair şeirdə, sanki mənim bütün tərcümeyi-halımı qeydə alıb. İndi həmin şeiri sizlərə təqdim edirəm:

 

«Elçin, bir şeir de…»

 

(Gənclik illərində kürsülərdən əzbər şeirlər deyən, alqışlar qazanan jurnalist dostumuz Elçin Məmmədlinin 60 illiyinə minnətdarlıqla…

Müəllif»

«Elçin, bir şeir de…»- adətkar idik,

Səhnəyə çıxanda, yerdən deyərdik.

O da eşidərdi allah eşqinə,

Yerdən əl çalardıq biz də Elçinə.

 

Əsl canındaydı çıxış Elçinin,

Şeir bizimkiydi, alqış Elçinin.

Bizim şerimizə o baş əyərdi,

Bizə baxanda da gülümsəyərdi.

 

Şeir gecəmizi başa vurardı,

Bizi öz yanında otuzdurardı…

Mən uşaq bilirdim, uşaq deyilmiş,

Cəbhədən, filandan uzaq deyilmiş.

 

Bir gün eşitdim ki, o əsgər gedib,

Şair dostlarından bixəbər gedib.

Elçini istəyən, görən, tanıyan,

Heç kəsin xəbəri olmayıb ondan.

 

Topunu tuşlayıb topların üstə,

Döyüş başlayıblar, nə başlayıblar…

Orda- qafiyə də, heca da, söz də,

Elçini səngərdə alqışlayıblar.

 

Şeir gecəsinin davamı buymuş,

Elçinin cəbhədən salamı buymuş.

Bir şeydən qorxub ki, tərs güllə dəyər,

Ona yox, qəlbində Xəlilə dəyər…

 

Söhraba, Məmmədə, ya mənə dəyər.

Cavidin, Müşfiqin xətrinə dəyər!

Dilində misralar pələsəng qalar,

Dünyadan söz köçər, dünya tək qalar.

 

Söhrabdan deyəndə söhrablaşardı,

Bir nəsil biz idik, bir nəsil Elçin.

Məmməd müdrikləşər, Xəlil daşardı,

Mən gah özüm idim, gah əsl Elçin!

 

Yerlər yuxuludu, tərpət oyansın,

Məmmədi, Söhrabı bir də yad eylə,

Elçin, bir şeir de, Elçini dansın.

Xəlilin dilində bir cihad eylə,

Məmmədi, Söhrabı bir də yad eylə!

***

…2016-cı ilin təxminən fevral ayı idi. Ata-bala kimi dost olduğum daha bir ustad şair, Söhrab Tahir ev şəraitində xəstə yatırdı və hələ şəkərə görə hər iki ayağı dizdən yuxarı kəsilməmişdi. Bir gün Nəriman müıllim mobil telefonla mənə zəng etdi. Hal-əhval tutandan sonra belə dedi:

-Elçin, bilirəm bizə gəlib getdiyin kimi, Söhrabgilə də gedib gəlirsən. Ona görə də evlərinin harada olduğunu yaxşı tanıyırsan. Gəl görüşək, gedib Söhraba dəyək.

-Baş üstə Nəriman müəllim. Nə vaxt getmək istəyirsiniz?

-Elə sabah saat 4-də, bizim evin qarşısına gəl, ordan gedək…

O zaman N.Həsənzadə İçərişəhər metrosu yaxınlığında yerləşən beşmərtəbəli binada olurdu. Növbəti gün evlərinin qarşısına gəldim. Sürücüsünün idarə etdiyi maşınla S.Tahirin Sovetskidə olan Yeni tikilidəki, Prezident İlham Əliyevin hədiyyə etdiyi evə gəldik. İki böyük ustad şairin qardaş kimi görüşməsinə şahidlik edirdim. Mən də Söhrab müəllimin əllərini əlimə aldım və əyilib üzündən öpdüm. Hal-əhval soruşulandan sonra S.Tahir üzünü N.Həsənzadəyə tutub belə bir sual verdi:

-Nəriman, bu Elçini tanıyırsan?

N.Həsənzadə:

-Ayə, Elçini mənəmi tanıdacaqsan? Elçin 30 ildən çoxdur ki, mənim oğlumdur. Mən onu oğlum Nazimdən ayırmıram.

S.Tahir:

-Mən başqa şey soruşuram. Yəni soruşmaq istəyirəm ki, bilirsən Elçinin missiyası nədir?

N.Həsənzadə:

-Nədir?

S.Tahir:

– Elçin oxucularla bizim aramızda qızıl körpüdür. O bizim şeirlərimizi orda-burda söyləməsə, nə bilərlər ki, biz varıq…

-N.Həsənzadə:

-Elədir, ay Söhrab. Doğrudan da Elçinin bu sahədə əvəzi yoxdur. Elçin sinədəftərdir. Əzbərdən sənin də, mənim də, Məmmədin də (Məmməd Araz), Bəxtiyarın da, Musanın da (Musa Yaqub), Məmməd İsmayılın da, Xəlilin də (Xəlil Rza Ulutürk), Cabirin də (Cabir Novruz) bir çox başqalarının da şeirlərini əzbər söyləyə bilir.

S.Tahir:

– Bəli, Elçinin çox güclü yaddaşı var. Bir tədbirdə mənim “Azərbaycan” poemamı başdan ayağa əzbər söylədi.

-Ayə, sağ olmuş mənim də “Kimin sualı var” poemamı, mənimlə keçirilən görüşlərin birində əzbər söyləmişdi…

Gördüm Söhrab müəllimin xəstəliyi yaddan çıxıb və bu iki dahi şairlər məni müzakirə edirlər. Ona görə də üzr istəyib müdaxilə elədim:

-Mənim şeir, poema söyləməyim elə də önəmli deyil. Ən önəmlisi və daha vacibi odur ki, Sizlər belə dəyərli və samballı əsərlər yaratmısınız ki, admın içini tərpədir, ruhunu oynadır, zövqünü oxşayır. Bu səbəbdən də mən onları sizin şeiriniz kimi yox, öz iç dünyamın səsi, öz dərdim və yaşantılarım kimi söyləyirəm. Amma bir çox qiraətçilərdən fərli olaraq, mən hər hansı şeiri söyləməzdən əvvəl birinci müəllifin adını tədbir iştirakçılarının diqqətinə çatdırıram, sonra şeiri söyləyirəm…

***

…Söhbəti dəyişib bir az da Söhrab müəllimin xəstəliyi ilə maraqlandıq. Məlum oldu ki, şəkər xəstəliyi şairin ayaqlarına çox ciddi təsir edib. Söhrab müəllimə şəfa diləyib, N.Həsənzadə ilə birlkdə evdən çıxdıq.

Yolda Nəriman müəllim belə dedi: “Heyf Söhrabdan. Söhrab böyük şairdir. Allah hələ onu uzun illər yaşatsın!”

Məlumat üçün deyim ki, sonralar Söhrab Tahirin hər iki ayağını dizdən yuxarı kəsdilər və bundan təxminən iki ay sonra, 2016- cı il mayın 4-də 90 yaşında dünyasını dəyişdi. Allah rəhmət eləsin!

«Ayə, nədirsə bilmirəm, ayaq xəstəliyi şəhəri başına götürüb…»

…Nəriman müəllim bu itkiyə çox üzülmüşdü. Necə də üzülməsin? Tay-tuşları, şair yoldaşları onu bir-bir tərk edib gedirdilər. Onu tərk edib gedən ustad şairlərdən sonuncusu, 40 il dostluq etdiyim və ötən il avqustun 19-da dünyasını dəyişən Məmməd İsmayıl oldu.

M.İsmayılın xəstələnib xəstəxanada yatdığını ona bildirəndə Nəriman müəllim mənə belə dedi:

-Elçin, nə yaxşı ki, sən şair dostlarını unutmursan. Xəstəxanada da gedib onlara baş çəkirsən. Ayə, ağrın alım, bilirsən ki, ayaqlarım ağrıyır çox yeriyə bilmirəm. Ona gərə də xəstəxanaya yanına getməyə səhətim imkan vermir. Məmməd gözəl şairdir. Səndən xahiş edirəm, bir də xəstəxanaya, Məmmədin yanına gedəndə, ordan zəng elə, qoy heç olmasa, telefonla onunla danışım.

-Baş üstə, Nəriman müəllim. Mütləq sizi telefonda Məmməd müəllimlə danışdıracağam.

Məmməd İsmayılın yanına növbəti gəlişimdə bu barədə özünə dedim. Cavabı belə oldu:

-Nəriman Həsənzadə gözəl insan və gözəl şairdir. Mən Türkiyədə işlədiyimdən uzun illər bir-birimizdən ayrı düşdük. İndi telefonla da olsa, danışmaq çox xoş olardı…

Bu söhbət 2025- avqust ayının əvvəlləri olub. Necə deyərlər, söz vaxtına çəkər. 85 yaşlı Məmməd İsmayılla, 94 yaşlı Nəriman Həsənzadəni- iki böyük şəxsiyyəti bir-biri ilə  danışdırmaq mənim üçün bir xoşbəxtlik idi. İki özünü təsdiq etmiş şairin biri-biri ilə çox gözəl və maraqlı danışığı oldu. N.Həsənzadənin M.İsmayıla birinci sözü belə oldu:

-A Məmməd, sənə qurban olub. Ayə, sən məndən xeyli balacasan, sənə nə olub belə? Sənə qurban olum, niyə xəstələnmisən?

M.İsmayıl:

-Çox sağ ol, ay Nəriman müəllim. Ayaqlarım ağrıyır.

-Sənə qurban, ay Məmməd. Vallah neçə vaxtdır mənim də ayaqlarım ağrıyır. Ayə, nədirsə bilmirəm, ayaq xəstəliyi şəhəri başına götürüb…

-Düz deyirsən, ay Nəriman müəllim, Allah sizdən razı olsun.

Bu yerdə mən üzr istəyərək, söhbətə müdaxilə edib mərhum şairlər Söhrab Tahirlə Nəbi Xəzrinin arasında olan ayaqla bağlı, Söhrab müəllimin mənə danışdıqlarını bir daha yada saldım və bu söhbət hər iki şairə çox xoş gəldi. N.Həsənzadə ilə M.İsmayıl arasında olan bu maraqlı söhbətin video görüntüsünü feysbuk səhifəmdə paylaşmışam. Kim istəsə, təxminən 10 dəqiqə çəkən həmin maraqlı söhbətin tam versiyasına mənim Feysbuk səhifəmdə baxa bilər.

***

Məlumat üçün qeyd edim ki, ötən il, avqustun 19-da dəyərli şairimiz Məmməd İsmayıl bu dünyaya əbədi olaraq, gözünü yumdu. Allah qəni-qəni rəhmət eləsin!

***

Bəli, bu il avqustun 1-də isə, milyonların sevimlisi, dəyərli şairimiz, gözəl şəxsiyyət Nəriman Həsənzadəni 95 yaşında itirdik… Sanki poeziyamız yetim qaldı. Qoy heç kim məni qınamasın, hazırda Nəriman Həsənzadə, Bəxtiyar Vahabzadə, Məmməd Araz, Söhrab Tahir, Musa Yaqub, Məmməd İsmayıl, Cabir Novruz, Nüsrət Kəsəmənli, Hüseyn Arif, Nəbi Xəzri və digər bu ranqda olan şairimiz qalmadı. Doğrudan da N.Həsənzadə müasir dövrdə Azərbaycan poeziyasının sonuncu dəyərlərindən biri idi…

***

Azərbaycanda elə bir insan tapılmaz ki, ürəyində bir Nəriman Həsənzadə sevgisi olmasın. Biz N.Həsənzadəni cismən itirdik. Amma şair həm ruhən, həm də sevilən şeirləri ilə həmişə qəlbimizdə olacaq. Azərbaycan dövləti və xalqı durduqca, N.Həsənzadə də yaşayacaq…

***

Sonda N.Həsənzadənin hələ 1973-cü ildə çox böyük bir cəsarətlə yazdığı və sovet hökumətinin bizi vətənsiz qoymasına, dövlətimizin işğal olunmasına açıq  işarə edən “Yaşamaq haqqı” şeirini təqdim edirəm:

Yaşamaq haqqı

Məni bağışlasın bizim obalar,

Nə vaxtsa demişdim: yazıq babalar!

Babalar yuxuma girdilər mənim,

Babalar dərsimi verdilər mənim.

 

…Biz söz götürmədik, yaddan, özgədən,

Bizi öz çiynində götürdü ellər.

Biz öldük, yer üstə yaşadı vətən,

Vətəni olana “yazıq” deməzlər.

 

Dərimiz soyuldu, “Ənəlhəq!”-dedik,

Üşüdü bu sözdən isti yuvalar.

Düşmən qorxusundan susdu üstəlik,

Nə haqla sən dedin “yazıq babalar?!”

 

Biz qalalar tikdik-sizə təsəlli,

at mindik-şöhrəti dünyaya bəlli.

Biz oğul böyütdük-ordu əvəzi,

Qızın ürəyində oğul həvəsi…

 

Bir əsrin qılıncı, oxu, nizəsi,

Yüz əsrə səs saldı…qızdı davalar.

Necə rəva bildin, oğul, bu sözü,

Necə deyə bildin “yazıq babalar?”

 

Babalar, babalar, mən nə dedim ki,

babalar, məzardan qalxın, oyanın.

Mən indi bir şeyi dərk elədim ki,-

Babası dünyada yazıq olanın,

yoxmuş vətən haqqı, ya torpaq haqqı,

yoxmuş, yer üstündə yaşamaq haqqı…

***

Elçin MƏMMƏDLİ

P.S. “Təzadlar” qəzetinin və eyni adlı saytın baş redaktoruAsif Mərzili və kollektivi görkəmli şəxsiyyət, ictimai xadim, milyonların sevimlisi, qəzetimizin yaxın dostu olmuş Xalq şairi Nəriman Həsənzadənin vəfatından kədərləndiyini bildirir və şairin doğmalarına, qohumlarına, dostlarına və bütün Azərbaycan xalqına dərin hüznlə başsağlığı verir.

Allah rəhmət eləsin!

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!