Əsas məzmuna keç

Bərdədən “Təzadlar”a müraciət: Böyük Göyüşlü kəndində torpaq davası…

“Hörmətli “Təzadlar”!

Bərdə rayonunun Böyük Göyüşlü kəndi və həmin ərazi nümayəndəliyinə daxil olan digər kəndlərin sakinləri və fermerləri adından sizə kömək məqsədilə müraciət edirik.

Uzun müddətdir sakinləri narahat edən və kənd təsərrüfatı ilə məşğul olan fermerlərin fəaliyyətinə ciddi təsir etdiyi bildirilən bir sıra məsələlərin aidiyyəti qurumlar tərəfindən araşdırılmasına ehtiyac var.

Böyük Göyüşlü kəndinin ərazi icra nümayəndəsi Muradov Aqil Əşrəf oğlunun vəzifə üçün müəyyən edilmiş son yaş həddinə çatmasına baxmayaraq hələ də vəzifəsini davam etdirməsi ciddi suallar doğurur. Onun hansı hüquqi əsasla və kimin qərarı ilə vəzifədə saxlanıldığı, həmçinin rayon rəhbərliyi ilə bu məsələ ilə bağlı hər hansı razılaşmanın olub-olmaması ictimaiyyətə açıqlanmalıdır.

Digər və daha ciddi məsələ isə ərazi nümayəndəliyinə daxil olan kəndlərdə torpaq sahələrindən istifadə ilə bağlı yaranmış problemlərdir. Sakin və fermerlərin iddialarına görə, hektarlarla torpaq sahəsinin müəyyən şəxslərin istifadəsinə keçməsi nəticəsində bir sıra fermer təsərrüfatlarının fəaliyyətinə və iqtisadi maraqlarına zərər dəydiyi bildirilir.

Biz sadə kənd sakinləri və fermerlər olaraq bu məsələlərin araşdırılmasında çətinlik çəkirik və səsimizin aidiyyəti qurumlara çatdırılması üçün mediadan kömək istəyirik.

Xahiş edirik, redaksiyanız bu məsələni araşdırsın və aşağıdakı suallara cavabların əldə olunmasına kömək etsin:

  • Muradov Aqil Əşrəf oğlu hansı hüquqi əsasla hələ də vəzifədədir?

  • Onun vəzifədə saxlanılması barədə hansı qərar qəbul edilib?

  • Rayon rəhbərliyi ilə bu barədə hər hansı razılaşma olubmu?

  • Kəndlərdə hektarlarla torpağın hansı şəxslərin istifadəsində olduğu və bu torpaqların hansı sənədlər əsasında ayrıldığı araşdırılıbmı?

  • Torpaq məsələlərinin fermer təsərrüfatlarına vurduğu iddia edilən zərər araşdırılıbmı?

Bizim məqsədimiz kimisə əsassız şəkildə ittiham etmək deyil. Sadəcə istəyimiz odur ki, illərdir bizi narahat edən məsələlər araşdırılsın, torpaqların hüquqi statusu müəyyən edilsin və vəzifəli şəxslərin fəaliyyəti qanun çərçivəsində qiymətləndirilsin.

Mediadan aciz şəkildə xahiş edirik ki, bu məsələyə biganə qalmasın və bizim səsimizi aidiyyəti dövlət qurumlarına çatdırmaqda bizə kömək etsin.

Hörmətlə,
Böyük Göyüşlü və ərazi nümayəndəliyinə daxil olan kəndlərin sakinləri və fermerləri”.

Redaksiyadan: müraciət Bərdə rayon İcra Hakimiyyətinə və digər aidiyyəti dövlət qurumlarına göndərildi. Əlavə məlumat veriləcək!

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…