…İlham Əliyev burada Ermənistanın Baş naziri Nikol Paşinyan və İran Prezidenti Məsud Pezeşkianla ayrıca görüşlər keçirib. Paşinyanla təmas xüsusilə Azərbaycan–Ermənistan sülh prosesinin davamı baxımından, Pezeşkianla görüş isə Bakı–Tehran münasibətlərinin mürəkkəb regional şəraitdə idarə olunması baxımından əhəmiyyətlidir.
Amma günün ən maraqlı görüntülərindən biri Vladimir Putinlə ayaqüstü söhbət oldu.
Azərbaycan–Rusiya münasibətlərinin son aylarda ciddi şəkildə gərginləşdiyi bir vaxtda Əliyev və Putin Bişkekdə gülümsəyərək söhbət etdilər. Bu görüntüdən münasibətlərin normallaşdığı nəticəsini çıxarmaq tezdir. Amma bir şey aydındır: Bakı Moskva ilə qarşıdurmanı idarə edir, dialoq qapısını bağlamır.
İlham Əliyev və Mehriban Əliyeva həmçinin BMT Baş katibi Antonio Quterreş, Tacikistan Prezidenti Emoməli Rahmon və Pakistanın Baş naziri Şahbaz Şəriflə də ayaqüstü söhbət ediblər.
Beləliklə, Bişkekdə maraqlı bir mənzərə yaranır:
Paşinyanla-sülh, Zəngəzur dəhlizi, konstitusiyaya dəyişiklik, Ermənistana Azərbaycan üzərindən daşınmalar artır.
Pezeşkianla-İran xətti, gərginliyin zəifləməsinə doğru növbəti addım. Son dərəcə səmimi və effektli görüş. İlham Əliyev heç cənab Ərdoğanla bu qədər səmimi qucaqlaşmır. Bu da təbiidir…
Putinlə-gərgin münasibətlərin idarə edilməsi, nəzarətdən çıxmaması çox önəmlidir.
Mərkəzi Asiya və Pakistan liderləri ilə-daha geniş regional əlaqələr.
Bişkek görüşləri göstərir ki, Azərbaycan eyni vaxtda bir neçə istiqamətdə diplomatik manevr edir və heç bir böyük regional aktorla əlaqə kanalını tam bağlamaq istəmir. Zatən bağlamaq böyük yalış olardı.
Xüsusən Putinlə həmin gülümsəyən görüntünün siyasi mesajı bəlkə də ən sadə şəkildə belə ifadə oluna bilər: Gərginlik var, amma körpülər hələ yandırılmayıb.
Bütövlükdə Bişkekdə keçirilən diplomatik marafonda İlham Əliyev klas göstərdi. Təəssüf ki, cənab prezident daxili siyasətdə bu qədər çevik deyil. Və onun daxili siyasətdə nümayiş etdirdiyi məharətdən danışmağa elə bir əsas yoxdur…
Elbəyi HƏSƏNLİ,
Surix







