Tezadlar.az Avstraliyanın ən nüfuzlu Melburn Universitetinin Bədii və Sənədli Filmlər üzrə Prodüserlik magistr proqramına qəbul olunmuş və 2026-cı ilin fevral ayından burada təhsil alan Afaq Yusiflinin müraciətini təqdim edir: “Hörmətli redaksiya! Mən, necəsə qəsdən Melburn Universitetindən QOVULMAQ təhlükəsi ilə üz-üzə qoyulmuşam. İndi mən nə etməliyəm?
2025-ci ildə dünya universitetləri arasında 13-cü yerdə qərarlaşan, Avstraliyanın ən güclü (1-ci yer) universiteti olan Melburn Universitetinin Bədii və Sənədli Filmlər üzrə Prodüserlik magistr proqramına qəbul olunmuşam və 2026-cı ilin fevral ayından burada təhsil alıram. (Fotonu ilk dərs günü çəkdirmişəm.) Universitetin əsası 1853-cü ildə qoyulub. Mənə verilən məlumata görə, bu günə qədər universitetin incəsənət, mədəniyyət və kino istiqamətlərindəki heç bir ixtisasda azərbaycanlı tələbə olmayıb. Mən bu sahə üzrə Avstraliyada təhsil alan və dövlət dəstəyi qazanan ilk azərbaycanlı tələbəyəm.
Bu gün isə bütün bunları yarımçıq qoymaq təhlükəsi ilə üz-üzəyəm. Universitetimə ödənilməsi üçün Azərbaycan Kinematoqrafçılar İttifaqı köçürülmüş 25.500 AZN mart ayından ödənilməyib və universitetdən artıq dördüncü xəbərdarlığı almışam. Universitet tərəfindən mənə bildirilib ki, oktyabr ayının ilk həftəsinə qədər 2-ci semesterin ödənişi həyata keçirilməsə, təhsilimə qarşı sanksiya tətbiq olunacaq. Bu isə mənim üçün sadəcə maliyyə problemi deyil. Bu, illərlə qurduğum təhsil və peşəkar gələcəyimin yarıda qalması deməkdir.
Burada vacib bir məqamı xüsusilə qeyd etmək istəyirəm ki, Azərbaycan dövləti mənim təhsil haqqım üzrə üzərinə düşən öhdəliyi yerinə yetirir. Mənim təhsil haqqım 2 qurum tərəfindn ödənir- Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Mədəni və Yaradıcı Sənayelər üzrə xüsusi təqaüd proqramı çərçivəsində təhsil haqqımın sadəcə 50 faizi bu proqram çərçivəsində qarşılanır. Birinci semestr üzrə 19485 ABŞ dolları Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, üçüncü semestr üzrə isə 15 000 ABŞ dolları digər qurum tərəfindən artıq universitetə Azərbaycan dövləti tərəfindən ödənilib. Mövcud müqavilə və ödəniş qrafikinə əsasən, dördüncü semestr üzrə ödənişin də 2027-ci ilin I rübündə həyata keçirilməsi nəzərdə tutulur. Yəni Azərbaycan dövlətinin mənim təhsilimlə bağlı dəstəyi realdır və artıq həyata keçirilir. Problem 25.500 AZN in vaxtında ödənib ödənilməyəcəyidir.
Bu məbləğ 2025-ci ilin dekabrından etibarən Azərbaycan Kinematoqrafçılar İttifaqına təhsil haqqıma dəstək göstərən qurum tərəfindən ayrılıb. Mən viza alıb Avstraliyada təhsilə başladıqdan sonra həmin vəsaitin universitetə köçürülməsi nəzərdə tutulurdu. Lakin 2026-cı ilin martında Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Rasim Balayevin vəfatından sonra ödəniş prosesi dayandı. Ödəniş sənədlərini imzalamaq səlahiyyətinə malik şəxsin vəfat etməsi prosesin həyata keçirilməsinə mane oldu. Mart ayından bu günə qədər isə məsələ həll olunmayıb. İttifaqda seçkilərlə bağlı prosesin uzanması və yaranan digər maneələr səbəbindən artıq aylar keçib. Hazırda İttifaqda olan vəsaitin mənim şəxsi hesabıma köçürülməsi variantına da razılıq verilib. Lakin bu dəfə də universitetdə hüquqi məsələ yaranıb. Çünki mən Avstraliyaya viza alarkən təqdim etdiyim rəsmi sənədlərdə təhsil haqqımın müvafiq qurumlar tərəfindən ödəniləcəyi göstərilib. İndi isə rəsmi quruma məxsus və onun hesabında olan vəsaitin tələbənin şəxsi hesabından universitetə ödənilməsi universitet tərəfindən hüquqi baxımdan sual lar doğurur. Beləliklə, pul var, amma universitetə köçürülə bilmir.
Bu müddətdə mən universitetdən hər an xaric olunmaq təhlükəsi ilə yaşayırdım. Səfirlik sayəsində bunun baş verməsinə sağolsunlar icazə vermədilər. Birinci semestrdə qovulmamağım üçün Azərbaycanın Avstraliyadakı səfirliyi rəsmi formada işə qarışdı.Məktub hazırlandı. Universitetə göndərildi. Digər ödənişlərin sürətli formada köçməsi üçün səfərbər oldu və nəticədə Universitet mənə 6 ay vaxt verdi. İndi isə artıq son xəbərdarlığı almışam. Mən bu məsələni aylar əvvəl ictimailəşdirmək istəmirdim. Çünki inanırdım ki, problem həll olunacaq. İnanırdım ki, təhsilimi davam etdirə biləcəyəm. İnanırdım ki, mənim üçün ayrılmış vəsait nəhayət universitetə köçürüləcək amma artıq gözləmək imkanım yoxdur. Çünki mənim ailəmin 25.500 manatlıq təhsil haqqını ödəmək imkanı yoxdur. Mən öz cibimdən viza üçün 3 500 manat ödəmişəm. Avstraliyada aylıq kirayə haqqım 1 200 manatdır. Buna kommunal xərclər, qida, nəqliyyat və digər gündəlik xərclər də əlavə olunanda mənə aylq 2500 manat lazım olur. Azərbaycandan Avstraliyaya gəldiyim dövrdə İranda başlayan müharibə səbəbindən yalnız bir istiqamətə aviabiletin qiyməti 4900 manat olmuşdu. Biletin alınmasına İttifaq tərəfindən maliyyə dəstəyi göstərildi. İttifaqda mənə şəxsi xərclərim üçün ayrılmış 5 500 manat da var. Amma həmin vəsaiti də hazırda ala bilmirəm. İndiyə qədər yalnız Orxan Merdan Orxan Mərdan mənə 3 000 manat kirayə dəstəyi göstərib.
Ailəm və qardaşım imkanları daxilində bütün xərclərimi qarşılamağa çalışırlar. Üstəlik, mənim ailə vəziyyətim də hər kəs üçün asan deyil. Atam I Qarabağ müharibəsi veteranıdır. Məcburi köçkün ailəsində böyümüşəm. Anam isə I dərəcəli əlildir və ağır onkoloji xəstəliklə mübarizə aparır. Mən ailəmdən daha artıq maliyyə tələb etmək imkanında deyiləm. Amma bütün bunlara baxmayaraq, mən burada sadəcə gözləyən və dövlətin verdiyi imkanlardan istifadə edən tələbə deyiləm. Melburn Universitetində Azərbaycan kino tarixi və Cəfər Cabbarlı haqqında video film hazırlayaraq təqdim etmişəm. Yazılı imtahanlardan birində Qarabağın işğalı məsələsini vizual araşdırmış və yüksək qiymət almışam. İstənilən halda aldığım qiymətləri və müəllimlərin mənim işlərimlə bağlı yazdığı rəyləri açıq şəkildə təqdim etməyə hazıram.
Hazırda universitetdə beynəlxalq tələbələrdən ibarət yaradıcı qruplarla 6 film layihəsində iştirak edirəm: bir universitet filmində prodüser;
-bir universitet filmində müştərək prodüser;
-bir universitet filmində ikinci rejissor;
-iki universitet filmində səs rejissoru;
-bir universitet filmində quruluşçu rəssam kimi çalışıram.
Sentyabrın sonunda istehsalına başlanacaq Virtual Production layihəsinin də prodüserlərindən biriyəm.
Mən bütün bunları ona görə etmirəm ki, sadəcə xaricdə diplomum olsun. Məqsədim Azərbaycanda çox az sayda olan peşəkar və beynəlxalq səviyyədə təhsil almış kino prodüserlərindən birinə çevrilməkdir. Mədəniyyət Nazirliyinin son iki ildə elan etdiyi Xaricdə Təhsil Proqramı çərçivəsində kino istehsalı üzrə cəmi üç nəfər təhsil alır. Tələbələrdən biri beynəlxalq istehsal, digəri prodüserlik, mən isə məhz bədii və sənədli filmlər üzrə prodüserlik ixtisasında təhsil alıram. Bu imkan mənim üçün sadəcə şəxsi uğur deyil. Mən gələcəkdə qazandığım bilikləri Azərbaycan kino sənayesinə gətirmək istəyirəm. İndiyə qədər heç kimdən cib xərclərim və ya şəxsi ehtiyaclarım üçün açıq şəkildə pul istəməmişəm. Təhsil haqqı məsələsinin həll olunacağına ümid etmişəm. Ondan çox müxtəlif özəl qurumlara məktub yazmışam. Heç birindən cavab almamışam. İndi isə universitetdən aldığım sonuncu xəbərdarlıq məni bu məsələni ictimailəşdirməyə məcbur edir. Mən sizdən cib pulu istəmirəm. Mən sizdən şəxsi həyatım üçün maddi yardım istəmirəm. Mən sadəcə bilmək istəyirəm ki, mən indi nə etməliyəm?Azərbaycan dövlətinin
Azərbaycan Kinematoqrafçılar İttifaqında mənim təhsil haqqım üçün ayrılmış vəsaiti var. Amma həmin vəsait aylar keçməsinə baxmayaraq universitetə köçürülmür. Oktyabrın ilk həftəsində universitet məni təhsildən uzaqlaşdıra bilər. Bu baş verərsə, indiyə qədər Azərbaycan dövləti tərəfindən mənim təhsilimə yatırılmış 19.485 000 və 15.000 ABŞ dolları məbləğində vəsaitin də geri qaytarılması mümkün olmayacaq və mənim burada davam etdirdiyim təhsil, yaratdığım layihələr, qurduğum peşəkar əlaqələr yarımçıq qalacaq.
Mən ölkəmdən 15 min kilometr uzaqda təkəm. Azərbaycana çatmağın özü 30 saat tələb edir. Ailəmdən, dostlarımdan heç kəs yanımda yoxdur. Tamamilə təkəm, burada tanış olduğum Cənubi Azərbaycanlılardan başqa.
Mən aylar ərzində gözləmişəm. Səbr etmişəm. İnanmışam. İndi isə sonuncu xəbərdarlığı almışam. Ona görə bu yazını yazıram. Mən sadəcə bir tələbəyəm və öz təhsilimi davam etdirmək istəyirəm. Mənim universitetdən qovulmamağım üçün bu məsələnin həllinə kömək edə biləcək hər kəsdən xahişim var: bu problemin həllinə yol göstərin. Çünki mən artıq həqiqətən bilmirəm:
MƏN İNDİ NƏ ETMƏLİYƏM?”.
TEZADLAR.AZ-DAN: İnanırıq ki, bu problem tezliklə həllini tapacaq.







