Rustavi şəhərindəki 12 saylı penitensiar müəssisədə həbsdə olan Gürcüstanın keçmiş Baş naziri İrakli Qaribaşvili dindirilib. Tezadlar.az xəbər verir ki, Prokurorluq və Daxili İşlər Nazirliyinin nümayəndələri penitensiar müəssisəyə daxil olublar. Qaribaşvili sonuncu dəfə həbsxanadan yaydığı məktub əsasında istintaq orqanlarının nümayəndələrinə ifadə verib. O, məktubunda hüquq müdafiəçisi Lazare Corbenadzenin ölümü ilə bağlı sual qaldırmışdı. İstintaq orqanlarının nümayəndələri həbsxanaya daxil olmamışdan əvvəl mediaya açıqlama verməyiblər. Prokuror Medea Tsiramua Qaribaşvilinin istintaq çərçivəsində dindirilməsindən sonra açıqlama verib.
Prokurorun sözlərinə görə, Qaribaşvili həbsxanadan yaydığı məktubda Lazare Corbenadzenin intiharı ilə bağlı səsləndirdiyi məlumatların müxtəlif media nəşrlərinə əsaslandığını bildirib: “İrakli Qaribaşvili açıq şəkildə bildirdi ki, Lazare Corbenadzenin intiharı ilə bağlı heç bir məlumata malik deyil. Onun məktubunda səsləndirdiyi məlumatlar yalnız müxtəlif nəşrlərdən əldə etdiyi məlumatlara əsaslanıb və konkret mənbəyə söykənmir”, – prokuror deyib. Prokuror qeyd edib ki, Qaribaşvili vəkillərinin iştirakı ilə qanunvericiliyin tələblərinə tam riayət olunmaqla dindirilib. İstintaqın sualları ona ünvanlanıb və əlavə məlumat vermək imkanı da yaradılıb. Prokuror həmçinin bildirib ki, istintaqın gedişindən asılı olaraq digər şəxslərin də dindirilməsi mümkündür. Baş nazir İrakli Kobaxidze və “Gürcü Arzusu”nun keçmiş liderlərindən Mamuka Mdinaradzenin dindirilib-dindirilməyəcəyi ilə bağlı suala cavab olaraq o, zərurət yaranacağı təqdirdə digər şəxslərin də istintaqa cəlb olunacağını bildirib. Qeyd edək ki, İrakli Qaribaşvili həbsxanadan yaydığı son məktubunda “hüquq müdafiəçisi Lazare Corbenadzenin ölümünün əsl səbəbi nə olub?” sualını ünvanlayıb. O, həmçinin Kobaxidze-Mdinaradze hakimiyyəti dövründə baş verdiyini bildirdiyi bir sıra intihar halları ilə bağlı cəmiyyətdə hələ də cavabsız sualların qaldığını qeyd edib. Bu gün Gürcüstan Prokurorluğu Lazare Corbenadzenin intihar etdiyini təsdiqləyib. Prokurorluğun məlumatına görə, Qaribaşvili və digər şəxslərin məsələ ilə bağlı ictimai açıqlamaları əsasında Daxili İşlər Nazirliyində, Prokurorluğun nəzarəti altında aparılan istintaq çərçivəsində bir sıra şəxslər dindiriləcək.
Onların arasında Nika Qvaramiya, İrma İnşvili, Nanuka Jorjoliani, Xatia Dekanoidze, Tazo Datunaşvili, Gia Xuxaşvili, Giorgi Liluşvili, Zaza Davitaya, Ermile Nemsadze və Giorgi Gigauri də var.







