Bütün dünyada məşhur sənətçilərin, xüsusilə də illərdir sənətdə olan böyük müğənnilərin ətrafında prodüser, menecer və peşəkar komanda olur.
Bu komanda sənətçinin hər addımını idarə etmək üçün yox, onu qorumaq üçün lazımdı.
Hansı efirə çıxmaq olar, hansına yox. Hansı media orqanına müsahibə vermək məsləhətdir, hansına yox. Hansı geyim sənətçinin imicinə uyğundur, hansı uyğun deyil. Kimlə duet oxumaq olar, kimlə yox…
Ən əsası isə — hansı addım illərlə formalaşmış sənətçi nüfuzuna xələl gətirə bilər.
Çünki insan dünyanın ən möhtəşəm səsinə, ən böyük istedadına sahib ola bilər. Amma bütün ömrünü yalnız oxumağa, səhnəyə, musiqiyə həsr edən insan, başqa məsələdə eyni səviyyədə intellektual, uzaqgörən olmaya bilər.
Sənət başqa şeydir, qərar vermək, ictimai münasibətləri idarə etmək, doğru insanları seçmək tamam başqa.
Məhz buna görə böyük sənətçilərin yanında onları lazım gələndə saxlayan, düşündürən, xəbərdar edən insanlar olur.
Bəzən sənətçiyə “Bunu etmə” deyə bilən bir nəfərin olması vacibdir.
Yoxsa sənətçi özbaşına elə bir addım ata bilər ki, bütün musiqi cameəsi “Ay qardaş, sən nə etdin?” deyə əllərini başına vurar.
Belə bir addım təkcə həmin sənətçinin karyerasına və nüfuzuna zərər vurmur. Azərbaycan musiqisinə də zərbə vura, gələcək nəsillərə də pis nümunə ola bilər.
Təəssüf ki, Azərbaycanda bu mənada peşəkar komanda və prodüser mədəniyyəti hələ çox zəifdir. Çox sənətçi hər qərarı özü verir, özü düşünür, özü edir.
Amma heç olmasa yaşlı, böyük təcrübəsi olan bir sənətkarın ətrafında 5-10 ağıllı, düşünən insan var da.
O insanlar bu sənətkara demir ki,
“Ay qardaş, ay müəllim, ay böyük sənətkar, ay atam, sən neynirsən?”
“Bunu niyə edirsən?”
“Bu etdiyin(oxuduğun duet) kimə və nəyə lazımdır?” Özü də Üzeyir Hacıbəyovun doğum günündə…
Şəhriyar MƏHƏRRƏMOV






