Əsas məzmuna keç

TURAN SEVDALISI: TANINMIŞ FİLOSOF-AKTYOR

(Sevimli ustad sənətkarımız Nurəddin Mehdixanlının 70 illik yubileyinə)
…İnsanın ömründə elə şəxslər var ki, onları sadəcə tanımırsan – onların sənətinə, şəxsiyyətinə, sözünə, baxışlarına zaman keçdikcə daha dərindən bələd olursan. Nurəddin müəllim Mehdixanlı da mənim üçün belə insanlardan biridir. Bu gün – 2026-cı il oktyabrın 6-da Onun – Azərbaycan teatr və kino sənətinin özünəməxsus , məşhur simalarından biri, xalq artisti, böyük ustad sənətkar Nurəddin Mehdixanlının 70 yaşı tamam olur.
Hamı kimi mən də onu hələ gənclik illərindən tanıyıram. O vaxtlar onunla bugünkü kimi uzun-uzadı söhbətlərimiz, qonşuluq, dostluq münasibətimiz yox idi. Amma sənətkar kimi tanıyırdım, səhnədə yaratdığı obrazları izləyir, onun aktyor istedadına xüsusi rəğbət bəsləyirdim.
İllər keçdi…
Son on ildə isə tale bizi qonşu etdi. Və bu, mənim üçün sıradan bir qonşuluq olmadı. Çünki bəzən insanın gündəlik həyatda qarşılaşdığı adamın səhnədə gördüyündən tamam başqa tərəflərini kəşf edirsən. Nurəddin müəllimlə söhbətlərimiz artdıqca onun yalnız istedadlı sənət adamı – aktyor deyil, həm də savadlı, mütaliəli, dünyagörüşlü, hadisələrə öz baxışı olan bir filosof ziyalı olduğunu daha yaxından gördüm.
Onunla çox söhbətlərimiz olub.
Sənətdən danışmışıq, tarixdən danışmışıq, Azərbaycandan danışmışıq, türk dünyasından danışmışıq. Bəzən gündəlik həyatın adi məsələləri haqqında söhbət etmişik, bəzən isə söhbətimiz elə bir məcraya keçib ki, qarşımdakı adamın düşüncə dünyasının genişliyinə bir daha əminliklə heyran olmuşam.
Nurəddin Mehdixanlının xarakterində mənim xüsusi qiymətləndirdiyim cəhətlərdən biri onun Türk dünyasına sevgisidir. O, türk sevdalısıdır. Turan ideyasına bağlılığı, türk tarixinin böyük şəxsiyyətlərinə münasibəti, milli düşüncəyə və milli dəyərlərə həssaslığı onun dünyagörüşünün mühüm qatlarından biridir.
Bu sevgi onda çox dərin və səmimidir. Bunu Onun danışığında, düşüncəsində, sənətə münasibətində hər an görmək olar.
Bəlkə də elə buna görə Nurəddin Mehdixanlıya səhnədə Əmir Teymur, Cavad xan, Bayandur xan kimi tarixi və milli xarakter daşıyan obrazlar xüsusilə yaraşır. Bu obrazlarda onun səsinin, baxışının, duruşunun, sözə münasibətinin yaratdığı xüsusi bir aura var.
Aktyor üçün səs çox böyük sərvətdir.
Nurəddin Mehdixanlının isə qibtə olunacaq gözəl səsi ilə yanaşı, qüsursuz və ifadəli diksiyası var. O, sözü sadəcə demir — sözün ağırlığını, mənasını, daxili ritmini tamaşaçıya çatdırır. Səhnə sənətində bu, çox ciddi üstünlükdür. Çünki aktyorun səsi onun görünməyən, lakin ən güclü keyfiyyətlərindən biridir.
Nurəddin müəllimin səsində əzəmət də var, sərtlik də, lirika da, yeri gəlsə ironiya da…
O, bircə cümlə ilə obrazın xarakterini açmağı bacarır.
Bunu onun yaratdığı müxtəlif rollarda görmək mümkündür.
Hüseyn Cavidin “Əmir Teymur” əsərində Əmir Teymur…
Cəlil Məmmədquluzadənin “Ölülər” əsərində Şeyx Nəsrullah…
Cəfər Cabbarlının “Almaz” əsərində Hacı Əhməd…
Elçinin “Cəhənnəm sakinləri” əsərində Qonaq…
Yenə Cabbarlının “Yaşar” əsərində İmamyar…
Cavid Zeynallının “Şükriyyə” əsərində Fyodor Alekseyeviç…
Çingiz Aytmatovun ölməz əsərinin səhnə yozumunda Yedigey…
Bunlar bir-birindən fərqli xarakterlərdir. Müxtəlif dünyaların, müxtəlif psixologiyaların, müxtəlif zamanların insanlarıdır. Lakin onları bir aktyorun yaradıcılıq dünyasında birləşdirən mühüm bir cəhət var:
Nurəddin Mehdixanlının aktyor məktəbi.
Yaxşı aktyor müxtəlif obrazlara girir.
Böyük aktyor isə müxtəlif obrazları öz sənətinin içindən keçirərək hər birinə ayrıca həyat verə bilir.
Nurəddin Mehdixanlı mənim nəzərimdə ikinci kateqoriyaya aid sənətkarlardandır.
Onun yaradıcılıq yoluna nəzər salanda teatrla yanaşı, televiziya və kino sahəsindəki fəaliyyəti də xüsusi diqqət çəkir. Azərbaycan Dövlət Televiziyasında Ə. Əhmədovanın “Pəncərədə işıq”, Cəfər Cabbarlının “Solğun çiçəklər”, Nəriman Həsənzadənin “Kimin sualı var?”, Bəxtiyar Vahabzadənin “Vicdanla üz-üzə” teletamaşalarında yaratdığı obrazlar onun televiziya sənətində də özünəməxsus iz qoyduğunu göstərir.
“Dədə Qorqud” çoxseriyalı televiziya filmində Bayandur xan obrazı isə ayrıca xatırlanmalıdır.
Çünki Dədə Qorqud dünyası bizim milli yaddaşımızın ən dərin qatlarından biridir. Bayandur xan isə həmin dünyanın dövlətçilik, hakimiyyət və tarixi yaddaş simvollarından biridir. Belə obrazı yaratmaq üçün təkcə aktyor texnikası kifayət etmir. Milli ruhu duymaq, həmin tarixi atmosferi hiss etmək, sözün və davranışın arxasındakı mənanı qavramaq lazımdır.
Nurəddin Mehdixanlı isə bunu ustalıqla bacarır.
Kino yaradıcılığında da onun yaddaqalan rolları az deyil. “Cavad xan” filmində Cavad xan obrazı, “Cavid ömrü” filmində Əhməd Cavad, “Güllələnmiş heykəllər” filmində Vaqif, “Məhkumlar” filmində Ənvər və başqa obrazlar onun kino sənətindəki fəaliyyətinin ayrı-ayrı səhifələridir.
Xüsusilə Cavad xan obrazı haqqında düşünəndə Nurəddin müəllimin sənət dünyası ilə onun milli-tarixi düşüncəsi arasında müəyyən daxili uyğunluq görməmək mümkün deyil.
Çünki Cavad xan sadəcə tarixi şəxsiyyət deyil.
O, Vətən qarşısında dayanmağın, torpağa bağlılığın, milli ləyaqətin simvoludur.
Nurəddin Mehdixanlının sənətində də Vətən anlayışının xüsusi yeri var.
O, Vətənpərvərdir.
Amma mən onun Vətənpərvərliyini yalnız söylədiyi fikirlərdə deyil, sənətə münasibətində də görürəm. Azərbaycan tarixinin böyük şəxsiyyətlərinə, milli ədəbiyyatımıza, klassik dramaturgiyamıza, türk dünyasına bağlılığı bunun göstəricisidir.
Onunla söhbət edəndə bunu hiss edirsən.
Bəzən bir mövzunun üstündə dayanır, fikrini əsaslandırır, tarixdən nümunələr gətirir. Söhbət etdikcə anlayırsan ki, qarşındakı adam səhnədə söz söyləməklə kifayətlənən aktyor deyil; sözün arxasındakı tarixi, düşüncəni və ideyanı axtaran, onunla yaşayan, nəfəs alan sənət adamıdır.
Mənim üçün Nurəddin Mehdixanlının bir başqa maraqlı cəhəti də budur.
O, sənət adamıdır, amma yalnız sənətlə məhdudlaşmır.
İctimai-siyasi proseslərə münasibəti, milli məsələlərə həssaslığı, türk dünyasına baxışı onun şəxsiyyətinin başqa bir tərəfini formalaşdırır. Uzun illər ictimai-siyasi fəaliyyətdə də iştirak etməsi bunun göstəricisidir.
Lakin bütün bunların fövqündə onun əsas kimliyi dayanır: ƏZƏMƏTLİ AKTYOR.
Özü də öz səsi, öz intonasiyası, öz duruşu, öz daxili enerjisi olan aktyor. İndi 70 yaşına çatıb.
Yetmiş il insan ömrünün mühüm mərhələsidir. Amma sənətkar üçün 70 yaş yekun deyil, yaradıcılıq yolunun yeni bir mərhələsidir.
Çünki sənətkarın yaşı səhnədəki illərlə deyil, yaratdığı obrazların ömrü ilə ölçülür.
Əgər aktyorun yaratdığı obrazlar tamaşaçının yaddaşında yaşayırsa, o aktyor heç vaxt səhnədən getmir.
Nurəddin Mehdixanlı da uzun illərdir ki, Azərbaycan tamaşaçısının yaddaşında və gözləri önündədir. Və çox onilliklər boyu belə də qalacaqdır.
Onu bir tamaşaçı Əmir Teymur kimi xatırlayır.
Başqası Şeyx Nəsrullah kimi.
Kimsə Yedigey deyəcək.
Kimsə Cavad xan.
Kimsə Bayandur xan.
Başqa birisi isə bəlkə də hansısa teletamaşadakı obrazını xatırlayacaq.
Amma bütün bu obrazların arxasında bir ad dayanır:
Ustad sənətkar Nurəddin Mehdixanlı.
Mən isə onu bunların hamısından əlavə, qonşum, söhbət etdiyim, fikirlərini bölüşdüyüm, dünyagörüşünə hörmət etdiyim bir ziyalı dostum və sənətkar kimi də tanıyıram.
Bu, mənim üçün ayrıca dəyərdir.
Çünki insanı səhnədən tanımaq başqa şeydir, gündəlik həyatda tanımaq tamam başqa.
Səhnədə aktyor obraz yaradır.
Həyatda isə insan özünü göstərir.
Mən Nurəddin Mehdixanlının gündəlik həyatdakı halında da səhnədə gördüyüm həmin möhkəm xarakterin izlərini görmüşəm: sözünün üstündə duran, fikrini açıq deyən, milli məsələlərə həssas, tarixə və sənətə bağlı, dünyagörüşlü bir insan.
Və mənim üçün onun 70 illik yubileyinin əsas mənası da budur:
70 il yalnız yaşanmış zaman deyil, 70 il ərzində yaradılmış sənət, deyilmiş söz, canlandırılmış obraz, yaşadılmış duyğu və formalaşdırılmış mənəvi izdir.
Əziz dostum Nurəddin Mehdixanlı!
Sizi gənclik illərimdən tanıyıram.
Sənətinizə olan hörmətim illər keçdikcə dərinləşib, sizi daha yaxından tanıdıqca artıb.
Son on ildə qonşuluğumuz isə bu tanışlığa tamam başqa bir məna verib. Çox söhbətlərimiz olub. Bəzən qısa, bəzən uzun. Bəzən adi həyat qayğılarından, bəzən sənətdən, tarixdən, Vətəndən, Türk dünyasından…
Hər söhbətdən sonra sizin haqqınızda əvvəlkindən bir qədər artıq daha xoş düşünmüşəm.
Və bu gün, 70 yaşınız tamam olan gündə, bütün bunları bir cümlə ilə ifadə etmək istəsəm, deyərdim:
Siz sevilən aktyor, hörmət edilən sənətkar, dəyərli müəllim, müdrik filosof, ziyalı bir şəxsiyyətsiniz!
Sizin sənətinizdə sözün çəkisi var.
Səsinizdə xarakter var.
Duruşunuzda əzəmət var.
Düşüncənizdə tarix var.
Qəlbinizdə Vətən sevgisi var.
Və bütün bunların üzərində illərin formalaşdırdığı böyük bir sənətkar şəxsiyyəti dayanır.
70 yaşınız mübarək olsun, əziz Nurəddin müəllim!
Arzu edirəm ki, qarşıdakı illərdə də səhnədə, ekranda və həyatda həmişəki kimi özünəməxsus böyük sözünüzü deyəsiniz.
Səsiniz uzun illər eşidilsin.
Diksiyanız, sözünüz, obrazlarınız yeni nəsil tamaşaçıların yaddaşında yaşasın.
Türk dünyasına olan sevginiz, Turan idealına bağlılığınız, Vətənə sədaqətiniz daim sizinlə olsun.
Ömrünüzün bundan sonrakı səhifələri də sağlamlıq, yaradıcılıq, hörmət və mənəvi rahatlıqla yazılsın.
Və ən başlıcası…
Səhnə işığınız gün yansın!
Çünki Azərbaycan səhnəsinin Nurəddin Mehdixanlı kimi sənətkarlara həmişə ehtiyacı var.
70 yaşınız mübarək, böyük ustad!
Sizə uzun ömür, möhkəm cansağlığı, yeni yaradıcılıq uğurları və daim ayaqüstə alqışlanan sənət yolu arzulayıram.
Sizə daimi hörmət və ehtiramla:
Əlövsət Qaraca Əliyev,
Professor 
Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…