Məmməd Araz xatirələrdə: GÜLXANIM FƏTƏLİQIZININ “Ömürdən yarpaqlar” kitabından… Oxucuların müraciəti və xahişi ilə “Ömürdən yarpaqlar” kitabının tam versiyasını hissə-hissə təqdim edirik:
(Əvvəli ötən buraxılışlarda)
16 iyun – Yer üzündə Əlağa Kürçaylı var idi, şair idi, əsl şair, mahnısı da oxunur… “Hara getsən gələrəm, təki sən səslə məni”. Dili köntöy idi. Amma axtarışlı şair idi, yaxşı fikirləri vardı. Amma Əliağa son illər təklənmiş, tənhalaşmışdı. “Azərnəşr”də işləyəndə bəzən tənəffüs vaxtı onlara gedərdim. Yaxşı balıq bişirərdi. Zahirən çox sağlam görünərdi, amma gözlərində dərin bir kədər, izah olunmaz məzhunluq vardı. Özlüyümdə onu səhra ağacı narbəndə oxşadardım. Elə bil sonsuz bir düzəndə tək qalmış nəhəng ağaca bənzərdi. Mübariz idi, qorxmazdı. Sözü üzə deyən idi.
Mən dünyada insana yönələn, ağaca qıcanan tənhalıqdan iti balta tanımıram.
Ümumiyyətlə, yaxşı adamlar başqasının yerini tutmaz, öz yerlərini səxavətlə əlsiz-ayaqsızlara verməyi bacarar. Təbiətdə də böyüklər ekoloji tarazlığı qoruyanlardır. Fil zəhmi, fil təmkini, fil səbri öləndə çaqqal, tülkü dərəbəyliyi meydana çıxır; xırda yırtıcılar böyük fəlakətlərin “müəllifinə” dönür. Bu sözləri Əlağaya da şamil etmək olar. Nədənsə həyatda yaxşılar həmişə tək qalır…
22 iyun – Ağalar telefonla dedi:
– Gülxanım bacı, Məmməd müəllimi narahat eləmə, istəyirik ki, “Yol ayrıcında söhbət” kitabı əsasında bir veriliş hazırlayaq. Televiziyada hamı razılıq verib. Ssenarisini mən yazmışam. Rejissoru Kazımovski olacaq. 27-28-i gəlib Məmməd müəllimi çəkmək istəyirik. Şeirləri mən və Azad oxuyacağıq. Biz təbiətin qoynunda çəkiləcəyik.
– Sənə təzə bir əhvalat danışım, – dedi Məmməd. Kommunistlərin iclasında Səmədin də məsələsini müzakirə ediblərmiş. İclas vaxtı Səməd Vurğun yerindən danışanlara replika atıb. Onda Bağırov amiranə Səməd Vurğuna zalı tərk etməyi təklif edir.
Səməd cavab verir:
– Sən də kommunistsən, mən də. Mən zaldan çıxsam, sən də çıxmalısan…Və zaldan çıxmayıb. Bu məsələni Nurəddin Babayevdən eşitmişəm.
– Səməd düz edib, bir ölüm üçün niyə cəsarətindən keçməli idi ki?
– Məsələ ölməkdə deyil, adamın abrını aparırlar, o, ölməkdən də pisdir.
26-30 iyun – Çəkiliş qruppası ilə gələn Ələkbər Kazımovski dedi:
– Mənim məqsədim Məmməd müəllimi müxtəlif formalarda çəkməkdir. Ağalar ssenarini yazıb çoxdan, 6 aydan artıqdır ki, verib.
Sonra çəkilişə başladılar və saat 1-ə 15 dəqiqə qalmış çəkiliş qurtardı.
Araz Elsəs Məmmədin görüşünə gəlmişdi. Xaricə aparmağa latın qrafikasında ona 20 kitab verdim:
– Araz, Məmmədin şeirlərini oradakı azərbaycanlılar oxusa ən qatı vətənpərvər olarlar.
– Ya qismət, bir də Azərbaycana gəlib Məmməd əmi ilə görüşə biləcəyəmmi? – təəssüfləndi Araz Elsəs.
Axşam xəbərlərində Yaqub Zurufçu danışırdı:
– Bakıya bu dəfə gəlişimin əsas səbəbi Məmməd Arazın və Tofiq Quliyevin disklərini buraxmaqdı. Məmməd müəllimin sözlərinə yazılmış mahnıları disk şəklində buraxdırmaq istəyirəm.
Ağaların dedikləri:
– Məmməd müəllimə xəbər ver ki, bu gün şeirlərin oxunuşunun da çəkilişi qurtardı. Bir dostumun bağ evində çəkiliş oldu. Çox gözəl süjet alınıb, lap kino kimi. Gülxanım bacı, sən təzə şeirləri köçürt mənə ötür.
6 iyul – İsa yenə də Məmmədin şeirlərini əzbər deməyə başladı:
Qurda quzu desəm – bu, qurd arzusu,
Yazığlıq bacarır cəllad olanlar.
Quzuya qurd desəm – istəməz quzu,
Yazıqlar! Hər dəmdə yazıqdı onlar.
Taleyim, taleyin hökmünü çağır,
Ömrümə qış verdi – qarı yarımçıq…
Könlümə üz tutdum yır-yığış çağı,
Baharı yarımçıq, yarı-yarımçıq….
Hardasa işıqdan çələng toxunur,
Hardasa səsimə dağ qulaq asdı:
Nə yaxşı dost sözü palıd toxumu,
Nə yaxşı tikanı becərən azdı!..
İsanın oxuduğu “Tikansız yazılar” şeirini dinlədikdən sonra Məmməd dedi:
– Qeyri-təvazökarlıq olsa da yazdığım bu şeir bir kitaba dəyən şeirdir.
-Əziz Şərifdən söhbət düşdü:
– Əziz Şərifin sənə yazdığı məktublar arxivdə durur. Bu boyda kişinin adını çəkən də yoxdur. Yaradıcılığı da itib-batdı. Böyük bir arxivi vardı deyirdin. Hanı onlar? Yəqin arvadı başqa millət olduğuna görə heç arxivə də fikir verməyib. Nəyinə lazım idi bu millətin mədəni irsi onun. Deyinməyimə fikir vermədi.
– Əziz Şərif bütün ədəbi məclislərdə deyirdi ki, “Millət necə tarac olur olsun” şeiri Sabirin yox, Mirzə Cəlilindir. Və ölənə qədər də bu əqidədə qaldı. Yadımdadır, bir məclisə məni də çağırmışdılar, orada Şixəli Qurbanov da vardı. Ən cavanı mən idim. Həmin məclisdə də mübahisə düşdü. Əziz Şərif yenə də öz sözündə qaldı. Sübut edirdi ki, şeir Mirzə Cəlilindir. Ən gözəl ziyalımız Abbas müəllim həmişə Azərbaycandan kənarda yaşayan adamlarla əlaqə yaratmağa çalışırdı. Əziz Şərifi gündəliyinin çapına mən həvəsləndirmişəm. Başqa millətlə evlənənlərə deyərdim, öz millətinizdən al. Səndən qabaqdakıların aqibəti sənə də dərs olsun. Şeirimdə də demişəm:
“Aldansan bu yurdun qızına aldan
Onun da and yeri bu yurd oğludur”.
Mənim “Naməlum qəhrəman” şeirim də Adil Əfəndiyevə həsr olunub. Bunu bil. Çox gözəl insan idi Adil müəllim. Qol çəkəndə deyərdi, “Bu, həm qanunsuzdur, həm də qanunidir”.
9 iyul – Məmməd, əla demisən:
İş üstündə boğazıma
Yaman keçdi zalım oğlu
Çayımı da qabağımdan
Alıb içdi zalım oğlu.
Bu, boşboğaz şeirindəndir?
– Hə, çap etdirməmişəm.
10 iyul – Azərbaycan xalqının qonaqpərvərliyindən söhbət gedirdi. Məmməd belə bir əhvalat danışdı:
– 78-ci illər idi. Bakıda Sovet ədəbiyyatı günləri keçirilirdi. Rusiyadan gələn qonaqları qruplara bölüb yerli yazıçı və şairlərə tapşırmışdılar, o cümlədən mənə də. Onda Əliyev bizi çağırıb tapşırdı ki, ehtiyatlı olun, çox yedirtmiyin, sonra bizdən haqq-hesab istəyirlər, deyirlər, sizin üçün bu qədər hardandır?
Yadımdadır Astavyev familli bir yazıçı da mənə həmin sualı verdi. Başa saldım ki, bizim xalqın adətidir. Özü yeməyib qonağa verər. O, özünü elə göstərdi ki, sözümə inanır, əslində bizi dövlətli, rusları isə kasıb görürdü. Ağızdolusu danışdığımız bu axmaq adətimiz bizə həmişə baha başa gəlib.
11-13 iyul – Məmməd, keçid dövrü deyirik. Bu dövrün sənəti, ədəbiyyatı da keçid dövrünü yaşayır deyə bilərikmi?
– Vallah, mən bunu harasa qeyd etmişəm. Bu saat sənət və sənətkar özü də qeyri-müəyyən vəziyyətdədir. Sənət həmişə hadisələr tarix olandan sonra onu yaxşı görür. Sənətin bu saatkı yaxın məqsədi o olmalıdır ki, vətən keşiyində, torpaq keşiyində durmaq öyrənsin, durmaq öyrətsin. Öyrətsin ki, qabağa düşəndə kimi arxanca aparırsan, arxada gedəndə kimin arxasınca gedirsən.
– Arxivdə səndən götürülən müsahibələrin bəzilərinin sualları, bəzilərinin isə cavabı yoxdur, onlar necə olsun?
– Suallsız cavabları yaz, onlar tam fikirlərdir, nə olsun ki, sualı yoxdur. Cavabdan aydın olacaq ki, söhbət nədən gedir.
Məmmədi massaj edən həkim Mürsəl çoxdandır gəlmirdi. Gələndə soruşdu:
– Bu gün də gəlməsəydim nə edərdin?
– Ağlayardım – cavabını verdi Məmməd.
Mürsələ bu söz yaman ləzzət vermişdi.
Telefon səsləndi:
“Xalq vətənpərvərlər partiya”sındandır. Məmməd müəllimin ad günün təbrik edən məktub yazmışıq, onu necə çatdırmaq olar?
– Ay oğul, Məmmədin doğum günü 14 oktyabrdır, o vaxt qeyd edirlər. Həmin gün çatdırarsınız.
– Bəs kalendarda 15 iyul gedib?
– Bilmirəm, kim yazıbsa səhv yazıb.
29-30 iyul – Yaqub Zurufçunun səsi eşidildi:
– Xanım, Məmməd əminin iş yerinə getmişdim, yox idi. Hardasınız, gəlib çıxın da. Allah qoysa zəngləşib sizə gələcəyəm.
“Yeni Müsavat” qəzetində Sabir Rüstəmxanlının müsahibəsi verilib. Həmin yazıdan bəzi yerləri qeyd edirəm: “…Sabir AXC-nin 10 illik yubileyində hərəkatın əsasını qoyan İsmayıl Şıxlı, Yusif Səmədoğlu, Məmməd Araz və özünün unudulmasını bağışlanmaz sayır.
Hərəkata dəxli olmayan adamların hərəkat qəhrəmanı kimi, bəzi AXCP liderlərinin türk dünyasının lideri kimi təqdim olunmasını da anlaşılmazlıq sayan Sabir Rüstəmxanlı:
“Hərəkat vaxtı evindən çölə çıxmayanlar, hərəkata mane olmaq istəyənlər bu gün özlərini hərəkat qəhrəmanı kimi təqdim edirlər” – verilən suala cavab verdi:
“Yeni Müsavat”ın əməkdaşının “onlar hazırda AXCP rəhbərliyində təmsil olunublarmı?” sualına Sabirin cavabı:
“Vaxtilə AXC-in adından qorxan AXC-in əleyhinə yazan bəzi adamlar bu dəqiqə özlərini AXC-in ideoloqları kimi təqdim edirlər”.
Yazının müəllifi Nadir Azəridir…
(Davamı var)
Təqdim etdi: Asif MƏRZİLİ







