…Azərbaycanın iqtisadi tarixində elə hadisələr var ki, onların əhəmiyyəti yalnız keçmişlə məhdudlaşmır. Bakıda yaradılmış AZON mikroelektronika zavodunun taleyi də belə hadisələrdəndir. Bu tarix bizə mühüm sual verir: niyə Azərbaycan erkən dövrdə yaratdığı texnoloji potensialı qoruyub inkişaf etdirə bilmədi, Tayvan isə daha sonra qurduğu TSMC şirkətini dünya iqtisadiyyatının strateji mərkəzlərindən birinə çevirdi?
AZON -un yaradılması 1973-cü ildə Azərbaycan keçmiş SSRİ-nin tərkibində olduğu vaxt göstərilir. Niyə xüsusi olaraq bunu qeyd edirəm-SSRİ dinsiz-ateist bir ölkə idi. O vaxt müsəlman ölkələrinin heç birində çip istehsalı yox idi. Azərbaycan birinci müsəlman ölkəsi idi ki, yeni -müasir yarımkeçirici zavodu qurmuşdur. Baxmayaraq ki, keçmiş sovet respublikalarının hamısı çox istəyirdi ki, bu zavod onların ölkəsində qurulsun. Amma o vaxt Respublikaya rəhbərlik edən rəhmətlik Heydər Əliyev şəxsi əlaqlərindən istifadə edərək belə bir super innovative fabrikanı burada qurmağa nail oldu. Zavod dünyanın da yeddinci və ya səkkizinci çip fabriki idi. O zaman cəmi bir neçə qabaqcıl ölkələrdə var idi. Həmin dövrdə Azərbaycanda inteqral mikrosxem istehsalı müəssisəsinin fəaliyyət göstərməsi ciddi sənaye və mühəndislik nailiyyəti idi.
TSMC isə 1987-ci ildə, AZON-dan təxminən ondörd il sonra yaradıldı. Onun qurucusu Morris Chang mühüm strateji seçim etdi: şirkət öz markası ilə çip layihələndirən rəqiblərə qarşı çıxmayacaq, onların sifarişlərini istehsal edəcəkdi. Bu, müqaviləli çip istehsalı modelinin inkişafında dönüş nöqtəsinə çevrildi. Nəticədə dünyanın müxtəlif ölkələrində layihələndirilən qabaqcıl çiplər Tayvandakı istehsal xətlərinə yönəldi.
Bu gün TSMC-nin bazar kapitallaşması trilyon dollarlarla ölçülür. 2026-cı ilin noyabrının əvvəlində bu göstərici təxminən 2 trilyon dollar idi. Diqqət edin, bu gün Azərbaycanın ümumi daxili məhsulu cəmi 76 milyard dollardı, amma Tayvanın çip fabrikinin kapitallaşma dəyəri 2 trilyon dollardı. Deməli, düzgün yol tutulsa, Azərbaycanın da çip zavodunu bu səviyyəyə gətirib çıxarmaq olardı. Şirkət müqaviləli çip istehsalı bazarının böyük hissəsini tutur, müqaviləli istehsal bazarının lideridir. Yaddaş çipləri və digər istiqamətlərdə də güclü istehsalçılar mövcuddur.
Bəs bu fərqli talelərin kökündə nə dayanır?
Birinci səbəb iqtisadi modeldir. AZON SSRİ-nin planlı sənaye sisteminə bağlı idi. Sifarişlər, təchizat və istehsal əlaqələri əsasən ittifaq daxilində qurulmuşdu. TSMC isə ilk gündən dünya bazarına xidmət göstərən şirkət kimi inkişaf etdi. Müştəri şəbəkəsini genişləndirdi, istehsal güclərini böyütdü və əldə etdiyi gəliri yeni texnologiyalara yatırdı.
İkinci səbəb dövlət siyasətinin davamlılığıdır. Tayvan mühəndis hazırlığına, tədqiqat institutlarına, texnologiya transferinə və sənaye parklarına sistemli dəstək verdi. Dövlət ilkin inkişaf üçün şərait yaratdı, şirkətlər isə qlobal rəqabət və kommersiya nəticələri hesabına böyüdülər. Mikroelektronika uzunmüddətli strategiya tələb edir; bu sahədə bir dəfə zavod tikməklə rəqabət üstünlüyünü saxlamaq mümkün deyil. Azərbaycan isə yenidən “müsəlmanlaşandan” sonra sanki elm yoxdur ki davrandı, ölkədə sovet dövründə qurula bütün elmi potensial çökdürüldü, belə halda çip zavodu qala bilməzdi.
Üçüncü səbəb texnoloji yenilənmədir. Yarımkeçirici istehsalında avadanlıq, materiallar, proqram təminatı və keyfiyyətə nəzarət sistemləri daim dəyişir. TSMC istehsal proseslərini ardıcıl modernləşdirdi. AZON-un isə sovet sənaye əlaqələri dağıldıqdan sonra eyni miqyasda yenilənməsi üçün lazım olan kapital, sifariş və beynəlxalq tərəfdaşlıq mühiti formalaşmadı.
Dördüncü səbəb keçid dövrünün ağır iqtisadi sarsıntılarıdır. SSRİ dağılanda AZON yalnız əvvəlki bazarını deyil, kooperasiya, təchizat və elmi dəstək sisteminin mühüm hissəsini itirdi. Sonrakı dövrdə onun tarixi istehsal potensialı ciddi zəiflədi.
Bu müqayisənin əsas dərsi sadədir: yüksək texnologiyalı zavod yaratmaq böyük uğurdur, lakin onu bazar, elm və investisiya ilə birlikdə inkişaf etdirmək daha çətindir. Texnoloji müstəqillik yalnız istehsal binası ilə deyil, mühəndislər, patentlər, laboratoriyalar, sifarişçilər və davamlı innovasiya ilə təmin edilir.
İndi dünya yeni yarımkeçirici mərhələsinə daxil olur. Süni intellekt, məlumat mərkəzləri, robotlar, elektrik avtomobilləri, ağıllı enerji şəbəkələri və sənaye avtomatlaşdırılması çiplərə tələbatı artırır. SEMI-nin 2026-cı il proqnozuna görə, yarımkeçirici istehsal avadanlığı bazarı 2026-cı ildə 165,9 milyard dollardan 2028-ci ildə 229,5 milyard dollara çata bilər. Bu, təxminən 38 faizlik artımdır. Söhbət çiplərin öz satışından deyil, onları istehsal edən avadanlıqların bazarından gedir.
Azərbaycan bu prosesdən kənarda qalmamalıdır. Ancaq AZON-un bərpası köhnə sovet avadanlığını yenidən işə salmaq demək olmamalıdır. Bizə müasir, beynəlxalq əmək bölgüsünə inteqrasiya olunmuş yeni mikroelektronika sənayesi lazımdır. Bunun üçün bütün çipləri ölkə daxilində istehsal etmək kimi bahalı və qeyri-real məqsəd qoymaq vacib deyil.
İlkin mərhələdə çip layihələndirilməsi, sınaq laboratoriyaları, elektron modullar, sensorlar və güc elektronikası daha real istiqamətlərdir. Elektrik nəqliyyatı, alternativ enerji, neft-qaz avadanlıqları və sənaye avtomatlaşdırılması bu məhsullar üçün mümkün sifariş bazası yarada bilər. Xarici istehsalçılarla əməkdaşlıq çiplərin qablaşdırılması və sınağı sahəsində də imkanlar aça bilər.
«Yeni AZON – 2035» adlı milli proqram üç mərhələdə qurula bilər. 2027–2028-ci illərdə mövcud aktivlər yoxlanılsın, elmi və layihələndirmə mərkəzi yaradılsın, mühəndis hazırlığı gücləndirilsin. 2029–2031-ci illərdə sınaq, qablaşdırma və ixtisaslaşmış elektron komponentlərin istehsalına başlanılsın. 2032–2035-ci illərdə isə yalnız kifayət qədər sifariş və iqtisadi əsaslandırma olduqda müasir istehsal xətti və ya ixtisaslaşmış zavod qurulsun.
İnvestisiya qərarları emosiyalarla deyil, hesablamalarla verilməlidir. Hər istiqamət üzrə ilkin kapital, satış bazarı, maya dəyəri, enerji sərfi, ixrac imkanları və texnoloji köhnəlmə riskləri Python modelləri ilə qiymətləndirilməlidir. Dövlət dəstəyi şəffaf göstəricilərə, özəl kapitalın iştirakına və ölçülə bilən nəticələrə bağlanmalıdır.
Bu layihənin dəyəri yalnız gələcək zavodun mənfəətində deyil. O, yeni mühəndislik məktəbi, yüksək maaşlı iş yerləri, elmi tədqiqatlar, texnologiya ixracı və strateji təchizat dayanıqlığı yarada bilər. Bunun üçün universitetlər, sənaye müəssisələri, elmi institutlar və beynəlxalq tərəfdaşlar bir ekosistemdə işləməlidirlər.
AZON-un taleyi keçmişdə buraxılmış imkanları xatırladır. TSMC-nin taleyi isə uzunmüddətli strategiyanın nələrə qadir olduğunu göstərir. Azərbaycan Tayvanın yolunu mexaniki təkrarlamamalıdır; öz imkanlarına uyğun ixtisaslaşma seçməlidir.
Bu gün əsas çağırış budur: AZON-u yalnız sənaye tariximizin xatirəsi kimi saxlamayaq. Onun irsini müasir elm, süni intellekt və mikroelektronika əsasında yeni iqtisadi inkişaf imkanına çevirək. Keçmişin dərsini gələcəyin sənaye siyasətinə çevirmək üçün hələ də imkan var.
Bir məqamı da xüsusi vurğulamaq lazımdır. Tayvanın uğurunda təkcə TSMC deyil, onun ətrafında yaranmış təchizatçılar, universitetlər, layihələndirmə şirkətləri və texnoloji xidmət müəssisələri iştirak edirdi. Bir zavodun inkişafı bütöv bir ekosistemin inkişafına çevrildi. Azərbaycanda da hədəf tək müəssisənin bərpası yox, onun ətrafında onlarla kiçik və orta innovasiya şirkətinin yaranması olmalıdır. Bu, həm rəqabəti, həm də biliklərin iqtisadiyyata yayılmasını gücləndirər.
Bunun üçün dövlət satınalmalarında yerli mühəndislik məhsullarının sınaqdan keçirilməsi, universitet laboratoriyalarının sənaye sifarişlərinə açılması və gənc mütəxəssislərin xaricdə təcrübə proqramları faydalı ola bilər. Lakin proteksionizm rəqabəti əvəz etməməlidir. Məhsulun keyfiyyəti, etibarlılığı və qiyməti beynəlxalq standartlara uyğun gəlmirsə, yalnız dövlət sifarişləri hesabına davamlı sənaye qurmaq mümkün olmayacaq.
Ən vacib şərtlərdən biri də idarəetmədə hesabatlılıqdır. Yeni proqram üzrə hər il hazırlanmış mühəndislərin sayı, əldə edilmiş kommersiya sifarişləri, ixrac gəlirləri, patentlər, istehsalın qüsur faizi və özəl investisiyanın payı açıqlanmalıdır. İri vəsait ayırmaq uğur göstəricisi deyil; ayrılan hər manatın yaratdığı əlavə dəyər və texnoloji nəticə ölçülməlidir. Belə yanaşma layihənin siyasi şüar yox, iqtisadi cəhətdən davamlı sənaye təşəbbüsü olmasına kömək edər.
Beynəlxalq təcrübə göstərir ki, yarımkeçirici sənayesi yüksək texnoloji intizam tələb edir. Burada istehsalın uğuru təkcə investisiyanın həcmi ilə ölçülmür. İstehsal prosesində qüsurların azaldılması, sifarişlərin vaxtında yerinə yetirilməsi, avadanlıqların fasiləsiz işləməsi və mühəndislərin biliklərinin daim yenilənməsi həlledici rol oynayır. Azərbaycan yeni AZON təşəbbüsündə məhz bu keyfiyyət mədəniyyətini formalaşdırmalıdır. Əks halda bahalı avadanlıq alınsa da, rəqabət qabiliyyətli məhsul yaratmaq çətin olacaq. Məqsəd ölkəyə zavod adı qaytarmaq deyil, müasir dünya bazarında öz yerini tapa bilən istehsal və bilik sistemini qurmaqdır.
P.S. Hazırda ən gəlirli və yaxşı qeyri-neft sektoru süni intellektdir.
Dərin hörmətlə,
Prof. Saleh Məmmədov







