Gürcüstanda surroqat analığın qadağan edilməsi nəzərdə tutulur. Bununla bağlı qanun layihəsi yaxın vaxtlarda parlamentə təqdim ediləcək. Tezadlar.az Gürcüstan mediasına istinadla xəbər verir ki, bu barədə parlament çoxluğunun lideri İrakli Kirtsxaliya çoxluğun iclasından sonra keçirdiyi brifinqdə açıqlama verib. Onun sözlərinə görə, məsələ ilə bağlı Gürcüstan Patriarxlığı ilə fəal məsləhətləşmələr aparılır. Qadağa qərarının əsas səbəbi surroqat analıqla bağlı etik və hüquqi risklər, xüsusilə insan alveri, qadınların mümkün istismarı və uşaqların hüquqlarının qorunması ilə bağlı narahatlıqlardır. Kirtsxaliya bildirib ki, surroqat analığın qadağan edilməsi müəyyən iqtisadi təsirlərə səbəb ola bilər, lakin iqtisadi fayda bu sahədə mövcud olan risklər və etik məsələlərlə müqayisə edilə bilməz. O, həmçinin qeyd edib ki, Gürcüstanda surroqat analıq xidmətindən istifadə edənlərin təxminən 98 faizi xarici ölkə vətəndaşlarıdır, yalnız 2 faizi Gürcüstan vətəndaşlarının payına düşür.
Parlament çoxluğunun lideri insan alveri riskləri ilə bağlı konkret məlumatların olduğunu, lakin bu barədə ətraflı danışmaq istəmədiyini bildirib. Onun sözlərinə görə, əsas problemlərdən biri ölkədə doğulan uşaqların xaricə aparıldıqdan sonra taleyinə nəzarət imkanlarının məhdud olmasıdır.
Kirtsxaliya vurğulayıb ki, qadağa qüvvəyə minəcəyi təqdirdə Gürcüstan vətəndaşlarının valideyn olmaq hüququnun qorunması və onlara alternativ yollarla dəstək göstərilməsi üçün dövlət bütün imkanlardan istifadə edəcək.







