…Şəhidlər heç zaman unudulmur, onların qəhrəmanlığı sözə,söhbətə sığışmır, varlığı, ruhu ilə Vətənə bağlı olan igidlərin ömür dastanının vərəqləri insanı heyrətə gətirir. 2020-ci ilin sentyabr ayında başlayan və 44 gün davam edən Vətən müharibəsində Qələbəni əldə etmək çox çətin idi. Çünki düşmən 30 il ərzində işğal edilmiş torpaqlarda möhkəmlənib, istehkamlar qurub, səngərlər, sığınacaqlar, öz xəstə ağıllarına uyğun tunellər, yeraltı keçidlər, müdafiə xətləri qurmuşdular.
Bütün bu ciddi manelərə baxmayaraq, rəşadətli Azərbaycan hərbçiləri qəhrəmanlıq, peşəkarlıq, Vətən sevgisi göstərərək, bütün bu istehkamları dəf edərək düşməni ağır və biabırçı məğlubiyyətə uğratdılar.Həmin vaxt qızğın döyüşlərin getdiyi Ağdamda yaşayan insanların qüruru, qorxmazlığı,ölkə başçısına və ordumuza dərin inamı, fədakarlıqları heç zaman unudulmayacaq. 44 gün bomba yağışı altında yaşayanların dözümü düşmənə ən kəsərli cavab oldu. Ağdamda evlər dağılırdı, insanlara ciddi ziyan dəyirdi, infrastruktur bərbad hala düşürdü, buna baxmayaraq heç kəs öz evini tərk etmirdi,xain düşmənin hərbi cinayətlərinə mərdliklə cavab verirdilər. Bir sözlə, ağdamlılar istər Birinci Qarabağ müharibəsində, istərsə də Vətən müharibəsində həmişə ön sıralarda olublar. Bir də ki, Ağdam deyiləndə ilk növbədə şəhidlər yada düşür, daha doğrusu şəhid qanı hopmuş torpaq…
***
Danılmaz həqiqətdir ki, vətənpərvərlik ailədən başlayır, kökdən,şəcərədən,insanı yaşadan ruhdan başlayır. Ağdamda belə ailələr çox olub, sözün əsl mənasında bir ailədən ən azı iki və ya üç nəfər döyüşlərdə iştirak edib. Bu sətirlərin müəllifinin də ailəsində iki oğuldan biri Birinci Qarabağ müharibəsində iştirak edib, beş övladına deyib ki, yurdumuzu biz qorumalıyıq, onun uğrunda şəhid olmalıyıq… Və qəhrəmanlıq göstərərək şəhid olub. Ağdamda belə ailələrin sayı çoxdur, onlardan biri də Abbasovlar ailəsidir. Ata Müşfiq Qabil oğlu Abbasov 1970-ci il aprelin 16-da Ağdam rayonunun Abdal Gülablı kəndində anadan olub. Orta təhsilini bitirdikdən bir müddət sonra birinci Qarabağ müharibəsi başlayıb… Vətən öz övladlarını köməyə çağıranda Müşfiq iki qardaşı ilə birlikdə torpaqlarımızın müdafiəsinə,şəhidlərimizin intiqamını almağa səfərbər olub. Könüllü olaraq qardaşları ilə birlikdə həmin müharibədə döyüşüb, Ermənistanın və onun havadarlarının hərbi təcavüzünə qarşı əsl igidlik göstərib. O,qardaşları ilə bir çox döyüşlərdə və hərbi əməliyyatlarda iştirak edərək düşmənə ağır zərbələr vurub. Həmin vaxt Ağdam şəhərindəki hərbi hissələrin birində kəşfiyyat bölüyünün komandiri təyin olunub.
Torpaqlarımızın işğalından sonra keçmiş döyüşçü Müşfiq Abbasov ailəsi ilə birlikdə məcburi köçkün kimi Mingəçevir şəhərində məskunlaşıb. İki oğul atasıdır, ailəsini fədakarlığı sayəsində korluq çəkməyə qoymayıb, övladlarını vətənpərvər böyüdüb, erməni faşizmi haqqında demək olar ki, hər gün, hər dəqiqə onlara məlumat verib. Sözün əsl mənasında bir ailənin taleyi Azərbaycanın taleyi ilə üst-üstə düşür. Ailənin başçısı Ermənistanın işğalı ilə barışa bilmir, gecə-gündüz torpaqları işğaldan azad etmək haqqında düşünürdü. Tovuz döyüşləri başlayanda iki oğlu ilə birlikdə səfərbərlik və hərbi xidmətə çağırış üzrə Ağdam rayon şöbəsinə gələn Müşfiqə gözləməyi məsləhət görüblər. Sözün düzü, məcburi köçkün həyatı yaşayan evin xanımı həyat yoldaşını və iki oğlunun qayıtmasına sevinsə də, bu çox çəkməyib. 2020-ci il sentyabrın 26-da ata Müşfiq Abbasov hərbi xidmətə çağrılıb. Növbəti gün isə iki oğlu toplanış məntəqəsinə yollanıb, ata və övladları elə burada görüşüblər. Kiçik oğlu Şamil ilə birlikdə döyüşlərə qatılan Müşfiq sonra öyrənir ki, böyük oğlu İntiqam Suqovuşan istiqamətində gedən döyüşlərdə N saylı hərbi hissənin kəşfiyyat bölüyünün baş kəşfiyyatçısı kimi iştirak edib. Bir ailədən üç nəfər Vətən müharibəsində döyüşərək igidlik və şücaət göstərib. Ata və oğulların qəhrəmanlığı onu göstərir ki, azərbaycanlılar torpaqlarının işğalı ilə heç zaman barışmayıblar.
***
Müşfiq Abbasov 2020-ci il oktyabrın 5-də Ağdam rayonunun Qərvənd kəndi istiqamətində gedən döyüşlərdə qəhrəmanlıq göstərərək həlak olub.Övladlarının və döyüş dostlarının çiynində son mənzilə yola salınan qəhrəman döyüşçü Müşfiq Abbasov Ağdam rayonu Quzanlı qəsəbəsində Şəhidlər Xiyabanında dəfn olunub.Məkanı cənnət olsun! Qalib Ali Baş Komandan, Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi qəhrəmanlıq nümunəsinə görə Azərbaycan Ordusunun əsgəri Müşfiq Abbasov ölümündən sonra “Vətən uğrunda”, “Ağdamın azad olunmasına görə” medalları ilə təltif olunub. Nağıla və əfsanəyə bənzəyən bu hekayə əslində bir reallıqdır, bir ailənin taleyidir, ata və oğulların qəhrəmanlıq nümunəsidir.Azərbaycan belə ailələrin çiyni üstündədir, adi bir ailənin fədakarlığı insanı düşünməyə vadar edir və haqlı bir sual doğur: Vətən sən kiminsən?!
Salman Alıoğlu,
Jurnalist







