Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, 2024-cü ildə təxminən 1,1 milyard insan piylənmədən əziyyət çəkirdi – bu, planetdəki hər yeddi nəfərdən biri deməkdir.
Bu barədə Naked-Science xəbər yayımlayıb.
Qeyd edək ki, piylənmə dünyanın bütün bölgələrində baş verir. Əvvəllər varlı ölkələrin problemi hesab olunurdu, lakin son onilliklərdə bu vəziyyət dəyişib.
Bu, əsasən yüksək kalorili, uzun müddət saxlanıla bilən qidaların mövcudluğu ilə bağlıdır.
Piylənmənin çox olduğu ölkələr haqqında düşünəndə tez-tez ABŞ ağla gəlir.
Lakin infoqrafikada yer alan ölkələr arasında ABŞ 13-cü yerdədir və bu ölkədə yetkin yaşda olanların 41,8%-i piylənmədən əziyyət çəkir.
Reytinqdə Sakit Okean sahili ölkələri birinci yerdədir: Tonqa (72,3%), Nauru (71,5%), Tuvalu (64,7%) və Samoa (63,2%). Bu, coğrafi qidalanma xüsusiyyətlərinə bağlıdır. Bir çox ada kənd təsərrüfatı üçün yararsızdır.
Oraya qida əsasən gəmi ilə çatdırılır. Konservləşdirilmiş ət, əriştə və şirin içkilərin saxlanılma müddəti uzundur və ucuzdur.
Bu bölgədəki ümumilikdə 9 ölkə ilk 30-luğa daxil olub. Karib hövzəsində də oxşar vəziyyət müşahidə olunur.
Bu bölgədən 5 ölkə reytinqə daxil olub.
Bahamalar (48,4%) və Sent Kitts və Nevis (47,9%) müvafiq olaraq beşinci və altıncı yerləri tutublar.
Son illərdə piylənmə ərəb ölkələrində də problemə çevrilib.
Reytinqdə regionu Misir, Qətər, Küveyt, Səudiyyə Ərəbistanı və İraq təmsil edir.
Orada piylənmə artan var-dövlət, avtomobildən kütləvi istifadə və qida çatdırılmasının inkişafı ilə əlaqələndirilir.
Piylənmə Latın Amerikası ölkələrində də geniş yayılmışdır.
Çili, Argentina, Panama, Meksika və Uruqvay reytinqə daxil olub.
Orada problem şəkərli içkilərin və ultra emal olunmuş qidaların populyarlığı ilə əlaqələndirilir.
Vyetnam və Efiopiyada ən aşağı piylənmə nisbəti hər biri 2,5% təşkil edib. Şərqi Timor, Eritreya və Madaqaskarda da aşağı göstəricilər qeydə alınıb.
Yaponiya da piylənmənin aşağı yayıldığı ölkələr arasında idi.
Lakin bunun səbəbləri müxtəlifdir. Məsələn, Yaponiyada piylənmənin aşağı yayılmasının səbəbi pəhriz və aktiv həyat tərzidir.
Bəzi digər ölkələrdə bu, yüksək yoxsulluq və qidalanma çatışmazlığı ilə əlaqədardır.
JASMİN







