…Bəşəriyyət süni intellekt, kvant kompüterləri, kosmosun mənimsənilməsi və robotlaşdırma dövrünə qədəm qoyub. Lakin dünyanın bir sıra ölkələrində qız uşaqlarının nikaha daxil edilməsi (pedafiliya) hələ də hüquqi və dini normalarla mümkün hesab olunur. BMT-nin 2026-cı il məlumatlarına görə, dünyada hazırda yaşayan 650 milyon qadın və qız 18 yaşına çatmadan nikaha daxil olub.
Hər il 12 milyon, hər gün təqribən 33 min, hər dəqiqə 23 qız erkən nikaha daxil olur.
Bəzi ölkələrin qanunvericiliyinə nəzər salaq:
• Yəmən – vahid minimum nikah yaşı müəyyən edilməyib.
• Livan – bəzi dini hüquq normalarında 9 yaş.
• İran – 13 yaş, xüsusi icazə ilə daha aşağı. •
İraq – rəsmi olaraq 18 yaş, məhkəmə icazəsi ilə 15 yaş;
Cəfəri dini ənənəsində 9 yaş.
• Sudan – müəyyən dini hüquq normalarında həddi-büluğ dövrü.
• Qətər – 16 yaş, xüsusi icazə ilə daha aşağı.
• Səudiyyə Ərəbistanı – 18 yaş, məhkəmə istisnası mövcuddur.
• Birləşmiş Ərəb Əmirlikləri – 18 yaş, məhkəmə icazəsi ilə daha aşağı.
• Banqladeş – 18 yaş, xüsusi hallarda daha aşağı.
• İndoneziya – 19 yaş, məhkəmə istisnası mövcuddur.
Problem təkcə hüquqi və mənəvi xarakter daşımır. Bu, həm də ciddi iqtisadi və intellektual inkişaf problemidir.
Uşaq nikahları cəmiyyətə nə verir?
Birincisi, milyonlarla qızın təhsil imkanlarını məhdudlaşdırır. Gələcəyin potensial alimi, həkimi, müəllimi, mühəndisi və sahibkarı olmaq imkanını əlindən alır.
İkincisi, ana və uşaq sağlamlığı üçün ciddi təhlükələr yaradır. Erkən hamiləlik və doğuş tibbi riskləri artırır.
Üçüncüsü, qadınların iqtisadi müstəqilliyini məhdudlaşdırır, yoxsulluğun nəsildən-nəslə ötürülməsinə şərait yaradır.
Dördüncüsü, ölkənin insan kapitalının inkişafını, əmək məhsuldarlığının yüksəlməsini və innovasiya potensialının reallaşmasını ləngidir.
Beşincisi, uşaqların fundamental hüquqlarının pozulmasına və cəmiyyətdə gender bərabərsizliyinin dərinləşməsinə səbəb olur.
Heç bir dini norma, adət-ənənə və tarixi qayda uşağın sağlamlığından, azadlığından və gələcəyindən üstün tutulmamalıdır.
Azərbaycanın müsbət təcrübəsi
Azərbaycanda qadınlar və kişilər üçün nikah yaşı 18-dir. 2025-ci il iyulun 1-dən nikah yaşının bir il azaldılması imkanı da ləğv edilib. Bu qərarı insan hüquqlarının qorunması, dünyəvi dövlətçilik və müasir cəmiyyət quruculuğu baxımından mühüm addım hesab edirəm. Lakin qanunların qəbul edilməsi ilə iş bitmir. Qeyri-rəsmi erkən nikahların qarşısının alınması, qızların təhsilinin davam etdirilməsi, hüquqi maarifləndirmə və qanunların icrasına ciddi nəzarət vacibdir.
Hesab edirəm ki, dünyanın bütün ölkələrində aşağıdakı prinsiplər qəbul edilməlidir:
• Nikah yaşı istisnasız olaraq minimum 18 yaş müəyyən edilməlidir. • Erkən nikaha şərait yaradan hüquqi və dini istisnalar aradan qaldırılmalıdır. • Qızların təhsil hüququ dövlət tərəfindən effektiv şəkildə qorunmalıdır. • Uşaq nikahlarının qarşısının alınması milli insan kapitalı strategiyalarının tərkib hissəsinə çevrilməlidir.
Millətin gələcəyi onun uşaqlarına yaratdığı imkanlardan asılıdır.
Qız uşağının yeri nikah mərasimində deyil, məktəbdə, universitetdə, elm və texnologiya mərkəzlərindədir.
Qızlara nikah deyil, təhsil verək!
Mənbələr: BMT-nin 2026-cı il A/HRC/62/26 hesabatı, UNICEF, UCLA WORLD Policy Analysis Center, milli qanunvericilik aktları.
Saleh Məmmədov,
Professor







