Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.


“Seçki Müşahidə və Təhlil Qrupu” Koalisiyası prezident seçkilərinin nəticələri barədə dünən media üçün mətbuat konfransı keçirdi…
“Təzadlar”ın əməkdaşının da iştirak etdiyi konfronsda qurumun hesabatı səsləndirildi. Aşağıda həmin hesabatı təqdim edirik:
““Vətəndaş Cəmiyyəti Uğrunda Məsləhət və Yardım Mərkəzi”, “Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı”, “Multimedia” İnformasiya sistemləri və Texnologiyaları Mərkəzininin 20 dekabr 2023-cü il tarixdə yaratdıqları “Seçki Müşahidə və Təhlil Qrupu” Koalisiyası 7 fevral 2024-cü il tarixində keçirilmiş Azərbaycan Respublikası Prezidentinin növbədənkənar seçkilərinin müşahidəsi ilə bağlı
İLKİN FAKTLAR VƏ NƏTİCƏLƏR
Üç ictimai birlik – “Vətəndaş Cəmiyyəti Uğrunda Məsləhət və Yardım Mərkəzi”, “Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı”, “Multimedia” İnformasiya sistemləri və Texnologiyaları Mərkəzininin 20 dekabr 2023-cü il tarixdə yaratdıqları “Seçki Müşahidə və Təhlil Qrupu” Koalisiyası 7 fevral 2024-cü il tarixində keçirilmiş növbədənkənar prezident seçkiləri zamanı 542 müşahidəçi ilə 63 seçki dairəsi üzrə 792 seçki məntəqəsində seçkiləri müşahidə edib. Bu rəy seçki kampaniyası dövründə və seçki günü aparılmış təhlillərə, müşahidələrə əsaslanan ilkin qiymətləndirmələrimizi əks etdirir.
İLKİN NƏTİCƏLƏR

“Seçki Müşahidə və Təhlil Qrupu” Koalisiyasının apardığı monitorinqin ilkin nəticələri onu deməyə əsas verir ki, əvvəlki seçkilərdə səsvermə zamanı baş verən pozuntuların növləri və xarakteri bu seçkilərdə çox az sayda olsa da, müşahidə olunmuşdur. Bu pozuntular ümumi nəticəyə həlledici təsir etməsə də, göstərir ki, Azərbaycanda seçki prosesinin təkmilləşdirilməsi üçün hələ də bəzi hüquqi və texniki tədbirlər görülməlidir. Belə ki, kifayət qədər maliyyə imkanlarına baxmayaraq, son 10 ildə MSK tərəfindən seçki məntəqələrində quraşdırılan veb-kameraların sayı artırılmayıb və bu kameralar məntəqələrin ümumi sayının 20%-ini belə əhatə etmir. Eyni zamanda MSK tərəfindən elektron səsvermə üçün sistem yaradılmayıb və bütövlüklə seçki prosesi zamanı keçirilən prosedurların rəqəmsallaşması aşağı səviyyədədir.
Seçki prosesinin yalnız səsvermədən ibarət olmadığını nəzərə alaraq qeyd olunmalıdır ki, hazırkı seçkiqabağı təşviqat prosesi zamanı real rəqabət mühiti yaranmamışdır. Bunun əsas səbəbi əksər namizədlərin hazırkı dövrdə ölkə başçısına özlərini real rəqib görməməsində idi. Prezidentliyə əksər namizədlərin televiziya və radiolardakı debatları ictimai gündəmi formalaşdıra bilməyib, onlar cəmiyyətə xüsusi rezonans doğurmayıb.
Bunları nəzərə alaraq “Seçki Müşahidə və Təhlil Qrupu” koalisiyası bəyan edir ki, bu seçki prosesi bütövlüklə milli qanunvericiliyin tələblərinə uyğun həyata keçirilsə də, mövcud seçki qanunvericiliyi və praktikasının təkmilləşdirilməsi üçün hakimiyyətlə vətəndaş cəmiyyəti nümayəndələri, siyasi partiyalar, həmçinin beynəlxalq təşkilatlar arasında dialoqun aparılmasının vacibliyini aktuallaşdırır. “Seçki Müşahidə və Təhlil Qrupu”nun hazırlanan Yekun Hesabatında bütün sadalanan məsələlərə daha detallı şəkildə toxunulacaq, seçki prosesinin təkmilləşdirilməsinə dair konkret təkliflər irəli sürüləcək.
İmza:
Rafiq İsmayılov, “Vətəndaş Cəmiyyəti Uğrunda Məsləhət və Yardım Mərkəzi”nin sədri
Mirvari Qəhrəmanlı, “Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı”nın sədri
Osman Gündüz, “Multimedia” İnformasiya sistemləri və texnologiyaları mərkəzinin sədri
Bakı, 08.02.2024″
Təqdim etdi: Elçin Məmmədli