24 Fevral 2025 / 17:53

Dövlət xidmətlərinin qiymətləndirilməsindəki qeyri-müəyyənliyə aydınlıq gətirilməlidir – mütəxəssis

“Əgər bu xidmətlərin keyfiyyəti ölçülmürsə, onların inkişafı, perspektivlər necə qiymətləndiriləcək?!”

Dövlət xidmətlərinin keyfiyyətinin ölçülməsi vacibdir. Çünki vətəndaşlar üçün daha rahat, şəffaf və əlçatan xidmətlərin olması birbaşa dövlət idarəetməsinin effektivliyini göstərir, amma hazırda burada bir anlaşılmazlıq var…
TEZADLAR.AZ xəbər verir ki, bu fikri Multi-Media Mərkəzinin direktoru,  Azərbaycan İnternet Forumunun Prezidenti Osman Gündüz sosial media hesabında bildirib.

“Görünən odur ki, əslində dövlət xidmətlərində səmərəlilik və optimallaşma məqsədilə tətbiq edilən prosesin özünün fəlsəfəsində səmərəsizlik gizlənib…”
“ASAN müntəzəm olaraq, hər il dövlət xidmətlərinin keyfiyyətini “ASAN xidmət indeksi” üzrə qiymətləndirir və bunun əsasında bir reytinq cədvəli də hazırlayır. Qeyd edim ki, keyfiyyətlə bağlı rəqabətli mühitin formalaşması baxımından əhəmiyyətli bir yanaşmadır. Xatırlayıram ki, zamanında biz də bu “ASAN xidmət indeksi” metedologiyasının hazırlanmasında iştirak etmişdik. Bu metodologiya xidmətlərin həm rəqəmsal , həm də oflayn formada təqdim edilməsi vəziyyətinin qiymətləndirilməsinə yönəlmişdi. Lakin 3 il öncə Prezidentin Fərmanı ilə rəqəmsal hökumət səlahiyyətləri ASAN-dan alınaraq  Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə (RİNN-ə) verilib. Həmin Fərmanda rəqəmsal xidmətlərin keyfiyyəti ilə bağlı məsələlər də RİNN səlahiyyətlərinə aid edilib.
Artıq 2 ildir ki, “ASAN xidmət indeksi” üzrə qiymətləndirmədə VXSİ Dövlət Agentliyi xidmətlərin, ancaq oflayn mühitlə əlaqəli məsələləri qiymətləndirir. Rəqəmsal məsələlərin qiymətləndirilməsi ASAN tərəfindən artıq aparılmır.Bu gün də bununla bağlı ASAN bir təqdimat təşkil edib. Yenə də qanuna uyğun olaraq oflayn xidmətlərin vəziyyəti qiymətləndirilib.Əlbəttə, xidmətlərin oflayn durumu da əhəmiyyət kəsb edən məsələdir. Amma fikrimcə, indiki zamanda daha çox rəqəmsal mühitdə xidmətlərin əlçatanlığı, onun keyfiyyəti və təqdim edilməsi üsulları mühüm əhəmiyyət kəsb edir.
Yəni hazırda daha çox ictimai əhəmiyyət kəsb edən məqamlar elektron xidmətlərin əlçatanlıq və keyfiyyət vəziyyətidir. Lakin maraqlıdır ki, hələlik RİNN, daha doğrusu bu sahədə səlahiyyətli qurum olan İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi  (İRİA) rəqəmsal xidmətlərin keyfiyyətinin ölçülməsi ilə bağlı ortaya bir yanaşma təqdim etməyib. Keçirilən tədbirlərdə bununla bağlı işlərin görüldüyü bildirilsə də, hələlik ortada bir metodologiya yoxdur.  Elektron xidmətlərin keyfiyyəti hazırda ölçülmür. Əgər bu xidmətlərin keyfiyyəti ölçülmürsə, onların inkişafı, perspektivlər necə qiymətləndiriləcək?! Vətəndaşların rəqəmsal xidmətlərdən şikayət və gözləntiləri necə öyrənilir? Rəqəmsal mühitdə vətəndaş məmnunluğu necə təmin edilir?
Düşünrəm ki, dövlət xidmətlərinin qiymətləndirilməsindəki qeyri-müəyyənliyə aydınlıq gətirilməsi çox vacibdir.
Görünən odur ki, əslində dövlət xidmətlərində səmərəlilik və optimallaşma məqsədilə tətbiq edilən prosesin özünün fəlsəfəsində səmərəsizlik gizlənib. Bu problem həll etmək lazımdır.
Düşünürəm ki, ya tezliklə İRİA rəqəmsal xidmətlərin və ya bütövlükdə dövlət sektorunda rəqəmsal mühitin qiymətləndirilməsilə bağlı bir meyarlar müəyyənləşdirməli, yaxud da ASAN və İRİA bilrikdə vahid bir qiymətləndirmə qaydası ortaya çıxarmalıdır”, – deyə Osman Gündüz diqqətə çatdırıb.
Y.Məmmədli
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!