Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
14 May 2025 / 19:01

AYNA yolları daraltmadan göydələnləşən şəhərin boş ərazilərini veıosipedləşdirməsə…

AYNA rəhbərliyinin velosipedləşdirmə politikası ilə mövcud paytaxt küçələrinin daraldılması sayəsində Bakıda tıxac xaosu yaratmaqdadır, hər gün təkcə Biləcəri ərazisində saatlarla tıxacda qalan sürücülərin tezadlar.az- a şikayətləri isə səngimir. Sosial şəbəkələr hər gün bu tip şikayətlərin meydanı kimidir, təbii ki, yollar daraldıqca tıxaclar da baş alıb gedir, həyati əhəmiyyətli tədbirlərə- şəxsi işinə tələsən insanlar- sürücülər isə yollarda adi bir cızıqdan çıxma ilə yol polisinin cərimə tilovuna keçir, cərimələşmə başlayır…

BƏS AYNA DARALTMAQDA OLDUĞU YOLLARDAKI XAOSU GÖRMÜR?

Axı bu qurum yerüstü nəqliyyatın rahat hərəkətinə cavabdehdir! Necə ola bilər ki, paytaxt yollarındakı bu kütləvi narazılıq vasitəsi- tıxaclar AYNA- nın vecinə olmasın?! BELƏ ÇIXIR Kİ, ELƏDİR! Tezadlar.az AYNA- nın məqsəd və niyyətinə aydınlıq gətirməkdədir. Məlum olur ki, hazırda Bakıda velosiped və mikromobil vasitələri üçün 484 parklanma məntəqəsi müəyyən edilib.

Deməli, bundan sonra Bakının sürücü və sərnişinlərini əməlli- başlı tıxac imtahanı gözləyir. BUS yollarından rahat istifadə edib tıxac görməyən xidməti avtomobil sərnişinləri- rəsmilər isə təbii ki, tıxacların aradan qaldırılmasında dövləti maraqda olmayacaq. Amma, sən saydığını say, gör AYNA nə sayır!

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi elə bu gün rəsmi məlumat yayıb ki, BMT-nin 8-ci Qlobal Yol Təhlükəsizliyi Həftəsi çərçivəsində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) BMT-nin Azərbaycandakı Nümayəndəliyi ilə birgə maarifləndirici tədbirlər təşkil edib. İlk belə tədbir üçün məkan Hüseyn Cavid prospekti, metronun “Elmlər Akademiyası” stansiyasının yaxınlığı seçilib. Bu ərazi guya tələbələrin və mikromobillik vasitələri istifadəçilərinin sıx hərəkət etdiyi əsas məkanlardandır.

Olsun! Axı bir müşahidə də aparılmalıdır ki, məsələn,  3 zolaqlı B.Vahabzadə və M.Rahim küçələrini daraldıb bir zolağı qazanc məqsədi ilə parklamalara, birini isə velosipedə ayırıb bu cür ərazilərdəki nəqliyyat sıxlığı ilə tarazlaşmayan və uyğunlaşmayan yolları daraldıb süni tıxac yaratmaqda məqsəd nədir? BMT- nin Nizamnaməsinə quzu kəsim, amma onun Nizamnaməsində insanların rahat hərəkətinə mane olub dincliyini pozma öhdəliyi yoxdur!

XXX

Beləliklə, AYNA rəsmilərinin rəsmi məlumatında deyilir: “Tədbir çərçivəsində yol hərəkəti təhlükəsizliyi və mikromobilik vasitələrindən istifadə qaydaları haqqında maarifləndirici broşürlər paylanıb. Bildirilib ki, hər il dünyada 1,3 milyon insan yol qəzasında həyatını itirir. Bu qəzaların böyük qismi piyada və velosipedçilərin iştirakı ilə baş verir. Piyadalara və mikromobillik vasitələri istifadəçilərinə ərazidə yeni salınmış mikromobillik zolağı və onun əhəmiyyəti barədə məlumat verilib. Qeyd olunub ki, müasir şəhər mühitinin daha çox insanyönümlü olması mikromobillik vasitələrindən istifadənin təşviqini zəruri edir. AYNA tərəfindən beynəlxalq təcrübə nəzərə alınaraq mikromobillik şəbəkəsinin genişləndirilməsi əsas fəaliyyət istiqamətlərindən biri kimi müəyyən edilib. Məlumat verilib ki, mikromobilliklə bağlı təhlillər aparılır, əsas cəlbetmə məntəqələri, insanların gündəlik olaraq ən çox səfər etdiyi ərazilər müəyyənləşdirilir. Həmin ərazilərdə mikromobillik vasitələri üçün parklanma yerləri təyin olunur. Hazırda paytaxtda mikromobillik vasitələri üçün 484 parklanma məntəqəsi müəyyən edilib. Tələbat artdıqca parklanma məntəqələrinin sayı artırılır. Bu il ərzində mikromobillik vasitələrindən 675 min 888 dəfə istifadə olunub. Bu müddətdə 1 milyon 895 min km-ə yaxın məsafə qət edilib. İştirakçıların diqqətinə çatdırılıb ki, ətrafdakı digər küçələrdə də mikromobillik zolaqlarının çəkilməsi və metronun “Elmlər Akademiyası” stansiyası ətrafındakı şəbəkənin şəhərin mərkəzi hissəsindəki şəbəkə ilə əlaqələndirilməsi planlaşdırılır. AYNA şəhər konsepsiyası çərçivəsində mikromobillik zolaqları şəbəkəsini daha da genişləndirməyi hədəfləyib. Məqsəd xüsusilə yaxın məsafələrə səfərlər zamanı velosiped və skuterləri yol hərəkəti iştirakçıları üçün əsas nəqliyyat vasitəsinə çevirməkdir. Tədbir çərivəsində “Apar” velosiped kirayəsi xidmətinin nümayəndələri tərəfindən iştirakçılar üçün şəhər şəraitində təhlükəsiz velosiped sürmə və zolaqlardan düzgün istifadə qaydaları barədə təlim təşkil edilib. Maarifləndirici tədbirin məqsədi yol istifadəçiləri arasında təhlükəsiz və məsuliyyətli davranış mədəniyyətinin formalaşdırılmasıdır…” və sair.

Belə başa düşmək olur ki, Bakı üçün, Azərbaycan insanları üçün ənənəvi nəqliyyat vasitəsi olmayan velosipedləşdirmədə məqsəd tamam başqadır… Tezadlar.az komandasının apardığı müşahidələr göstərib ki, məsələn, Bakıda yağmurlu və küləkli havalarda bütün velosiped zolaqları boş qalır. Belə çıxır ki, 5-10 velosipedçiyə görə və BMT- nin müşahidəçisinə xoş gəlsin deyə Bakıda hər gün 50-100 min sərnişin və sürücü tıxaclarda əsəb sarsıntısı keçirməlidir, psixoloji travma almalıdır???

Asif MƏRZİLİ

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!