Bununla kifayətlənməyib, Mətbuat Şurasının sədri Rəşad Məcidə, o cümlədən Jurnalistlər Birliyinin sədri Elçin Şıxlıya da mesaj pəncərəsindən yazıb, bu barədə məlumat verdim və əldə etdiyim telefon nömrəsini hər ikisinə də yazdım…
İndi xəbər tutdum ki, Mətbuat Şurasından xanım yazarımız, hörmətli Əminə Yusifqızı həmin qadınla telefonda danışaraq Rəşad Məcidin və o cümlədən özünün təbriklərini çatdırıb…
Bilirsinizmi, təbrik olunan həmin xanım kimdir? 75 yaşı tamam olsa da, hələ də evi olmayan, hansısa rəfiqəsinin ofisində yaşayan- Firuzə Əsədullayeva. Kimdir Firuzə Əsədullayeva?
Cəsarətli, cəsur, mərd, Vətən uğrunda bu gün də şəhid olmağa hazır olan bir xanım. Sevinir ki, Qarabağ azaddır, daha yuxularında qan-qada, müharibə görmür…
Deyir ki:- “SSRİ dağılandan az sonra Qarabağ müharibəsi başladı. Elan olunmamış deyilsə də, müharibəyə hazır olmasaq da, başladı. O vaxtlar mən Dilarə Əliyeva adına Qadın Hüquqlarının Müdafiəsi Cəmiyyətində mətbuat katibi işləyirdim. Cəmiyyətin xətti ilə qaçqınlara yardım edir, əlimizdən gələn köməyi göstərməməyə çalışırdıq. 1992-ci il idi. Hərbi Hosbitalda yaralıların sayı getdikcə artırdı, şəhidlər verməyə başlamışdıq. O zaman, sonradan Ağdərədə şəhid olan rəfiqəm Məlahət Nəsibovayla birlikdə Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarına kömək etməyə qərar verdik. Cəmiyyətin xətti ilə Daxili Qoşunların sosial şöbəsində işləməyə başladıq. Biz hərbi hosbitala gedir, yaralılarla görüşür, onlara mənəvi dəstək verir, yaralıları siyahıya alırdıq. Müxtəlif bölgələrə səfər edir, özümüzü şəhid olmuş oğul və qızlardan kimisinin üçünə, kimisinin də qırxına çatdırırdıq. Ailələrin dərdinə şərik olmağa çalışırdıq. Hər şəhid ailəsinə baş çəkəndə dayana bilmirdim, onlar haqqında yazmaq istəyirdim. Elə o vaxt işləyə-işləyə məqalələr yazmaq, şəhidlər haqqında araşdırmalar aparmağa başladım. Komandirlərlə görüşür, cəbhə xəttində olmaqdan qürur duyurdum. Şəhidlər barədə yazdığım məqalələr “Əsgər”, “Ordu”, “Aydınlıq” və başqa qəzetlərdə çap olunurdu. Bu gün də şəhidlərin həyatı ilə bağlı xatirə və araşdırmalarımı davam etdirirəm. Qoy onu da vurgulayım ki, məni jurnalist edən müharibə oldu. Müharibədə şəhid olan oğlanlar, öz gəlinliyini hərbi paltara dəyişən ismətli qızlar oldu…”
Bəli, ömrünü belə işlərə xərcləyən bir insanı təbrik etmək bizim insanlıq borcumuzdur. Gərək elə doğmamız, tanışımız olsun? Yəni bu qədər cılızlaşmışıq və ya bu qədər yekəlmişik ki, bu millətin yolunda xidmətləri olan bir xanımı təbrik etməyə nə qüdrətimiz, nə də mərhəmətimiz yetmir?..
Çox uzağa getməyəcəm. Sözümün canı odur ki, nə yaxşı ki, bu cəmiyyətdə hələ də Rəşad Məcid, Əminə Yusifqızı, Faiq Balabəyli, Asif Mərzili, Varis Yolçuyev kimi ziyalılarımız var. Həmişə də var olsunlar!..
Vətən qarşısında özünü üzüağ, alnıaçıq hesab edən bu xanımın- Firuzə Əsədullayevanın telefon nömrəsini sizinlə də bölüşürəm. Allahın varlığına əmin olan kəslər, zəng edərək onu təbrik edib sevindirə bilərlər. Dediyim kimi, axı onun bu gün-mayın 14-də 75 yaşı tamam olur…
055-439.34.35- Firuzə Əsədullayeva