Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
20 May 2025 / 15:23

Şəmkirdə gəlinin gizli telefon danışığ iki ailəni düşmən etdi

Lilya Musayevanın redaksiyamıza ünvanladığı həyat dolu bir harayı,  məhkəmədə araşdırılır…

Bakıda kirayədə yaşayan, əslən Şəmkirdən olan Musayeva Lilya İsfəndiyar qızından redaksiyamıza şikayət məktubu daxil olub. Onunla telefon əlaqəsi saxlayıb redaksiyaya dəvət etdik…

Bu şikayət məktubu, əslində, içində illərlə yığılan dərdin, səssiz qışqırığın, oğlunun ailəsinin dağılmasına dözməyən bir ananın acı etiraflarıdır.

***

 

Lilya Musayeva danışdıqca görürsən ki, hər sözü ah-nalə, hər cümləsi keçmişin yükü ilə doludur: “Bala, nə var onu deyirəm. Əliyolu haqqı, and yerim odur, nə varsa, düzünü danışıram. Oğlum Ceyhun gəlinim “X”-nin əlində bizlərdən gizlətdiyi telefonu tutub. Hətta onu da deyim ki, gəlinim Bakıdan gəlib qalanda da, bacım qızı parkda, evin küncündə, bir neçə dəfə onun kiminləsə gizli yazışdığını görüb. Bacım qızı mənə deyirdi ki, xala, bax bu gəlinin kiminləsə, gizli danışır, yazışır… Mən də həmişə deyirdim ki, bala, üç uşağı var, sus, sən Allah, oğlumun ailəsi dağılmasın… Amma bax, indi hər şeyin üstü açıldı. Mən nə deyim indi? Oğlum Ceyhun həyat yoldaşını buna görə evdən qovub”.

Lilya xanım daha sonra deyir ki, Ceyhun “X”-ni döyüb, amma döymək deyəndə ki, yüngülvari olub, bədəninə xəsarət yetirməyib. Sadəcə, əsəbiləşib, onu qapıdan çıxarıb və deyib ki, get, mənə sənin kimi qadın lazım deyil, get dədənin evinə”.

L.Musayeva bu hadisələr zamanı Bakıda olduğundan heç nədən xəbəri olmayıb. Sonra isə, oğlundan zəng gəlib: “Ana, bilirsən nə var? X-ni evdən qovmuşam. Soruşdum ki, Ceyhun, niyə qovmusan? Dedi ki, telefon məsələsinə görə. Bala, bu, birinci dəfə deyildi. 2021-ci ildə də bu məsələ qalxmışdı. Ceyhun həyat yoldaşının işlətdiyi telefon nömrəsindən danışıqları çıxartdırdı və dörd aylıq zənglər, yazışmalar – hamısı ortaya çıxdı. Kiminlə, hansı kişi ilə nə danışıbsa, hər şey aydın olub. O gündən Ceyhun qərara gəldi ki, X-ni boşasın. Mən bir ana kimi onun ayağına döşəndim. Yalvararaq, dedim ki, Ceyhun, iki oğlun və bir azyaşlı qızın var, səbr elə, sakit ol. O da Allah üçünə məni dinləyib, sakitləşdi. Amma ürəyi dolu idi. Başını götürüb gəldi Bakıya. İki il burada işlədi. Amma uşaqlardan əlini çəkmədi. On gündən bir gedib ailəsinə baş çəkirdi. Nə lazımdı, edirdi. Amma yoldaşı ilə arası düzəlmirdi. Demək olar ki, gündə dava-dalaşları, söz-söhbətləri kəsilmirdi…”

Liliya xanımın dediyinə görə, bir ana kimi bu ailənin dağılmasını istəməyib. O, üç nəvəsinə görə susub, hər şeyə göz yumub, ailəni sakitləşdirməyə çalışıb. Amma L.Musayevanın içində həmişə bir narahatlıq olub ki, nə vaxtsa, bir gün bu qazan daşacaq, indi o gün gəlib çatıb: “…Mən nə bilim, bala, evdə deyildim. Mən sizə gəlinimə pislik etmək üçün şikayət etmirəm. Sadəcə, biləsiniz ki, oğlum niyə belə edib? Məni də bu dərd və üç uşağın taleyi yandırır. Amma oğlum da kişi kimi yaşamaq istəyir. Kimin nə günahı varsa, qoy araşdırılsın, amma onu da deyim ki, oğlum bir dəfə də olsun uşaqlarından imtina etməyib… Lakin bu iş bununla bitmədi. Axırda gəlin çıxıb getdi anasının evinə. Oğlum Ceyhun isə, gecə zəng elədi mənə. Dedi, ana, istəyirəm gedib baxam görəm X orda neyləyir, çünki ondan yenə şübhələnirəm. Dedim ki, Ceyhun, sənə and verirəm yerə-göyə, getmə. Belə gecə vaxtı ora getsən, deyəcəklər basqına gəlib. Yaxşı çıxmaz, oğul! Amma Ceyhun dayanmadı. Dedi, ana, niyə basqına gələn kimi gedirəm ki, gedib baxacam, görüm nə var, nə yox?.. Axır ki, getdi. Gəlinimin anasıgilin həyətinə hasardan keçib pəncərədən içəri baxıb. Görüb ki, gəlin yenə telefonla kiminləsə danışır, gecə saat 3-4-də… Gecə bir də gördüm zəng elədi, ağlaya-ağlaya dedi ki, ana, o bütün gecəni telefonda danışır, daha dözə bilmirəm, içəri girib onu birtəhər edəcəm! Telefonda az qaldım infarkt keçirim. Dedim, a bala, sən məni də fikirləş, mənim səndən başqa kimsəm yoxdu axı, qardaşın şəhid olub, bircə sən qalmısan, mən yazığam axı, birini belə yola salmışam, indi səni də beləcə itirim?.. Birtəhər onu yola gətirdim. Dedi, yaxşı, heç nə eləmirəm. Amma o oturdu orda, başını divara, daşa döyə-döyə ağlamağa başladı. Dedim, oğlum, çıx gəl evə. Gəl, qurban olum sənə, başına dönüm, gəl evə, bala… Amma gəlin hələ də telefonla danışırmış. Deyir, düz səhər saat 7-yə kimi qulağında telefonla danışıb. Gəlin səhər saat 7-də anasını işə yola salıb – telefon yenə də qulağında. Uşaqlar da evdə yatırmış. Ceyhun fürsətdən istifadə edib girib içəri. X-nin saçından tutub. O da qışqırmağa başlayıb. Səsə balaca qız yuxudan oyanıb, qaçıb atasına sarılıb. Deyib ki, dəymə, ata! Ceyhunun uşağa görə əli, ayağı soyuyub. Qızının yalvarışına görə X-a daha toxunmayıb… Sonra Ceyhun küçəyə çıxıb. Səs-küyə qonum-qonşu tökülüb gəlib. Gəlin isə, qaçıb mətbəxə, bıçağı götürüb əlini kəsib ki, guya Ceyhun onu bıçaqla yaralayıb… Sonra Ceyhun evə gəlib və bacım qızı Gülnarəyə zəng edib. O da həyat yoldaşı Vahidlə gəlib X-nin anasıgilə və gəlini götürüb aparırlar öz evlərinə. Elə oradaca Vahid gəlinimi öyrədib ki, Ceyhunu polisə versin. Ceyhun telefonda dedi ki, X hara gedir-getsin, harda qalır-qalsın, özü bilər, ancaq balaca qızımın başqasının evində qalmasına razı ola bilmərəm. Sonra da qızını götürmək üçün Vahidgilə gedəcəyini söylədi. Dedim, ay Ceyhun, getmə, yenə deyəcəklər ki, basqına gəlib. Ceyhun da qayıtdı ki, ana, Allah haqqı, qızımı götürüb gələcəm, başqa heç nə olmayacaq. Sonra Ceyhun oradan birbaşa gedir Vahidgilə. Amma nə baş verir, bilirsiniz? Bunu da sonradan mənə nəvələrim dedilər ki, nənə, atamın gəldiyini biləndə Vahid, Gülnarə və anam başladılar plan qurmağa ki, ona neynəyək? Ceyhun Vahidgilin darvazasını döyüb, qapını Gülnarə açıb. Əlində də kötük parçası – elə o anda Ceyhuna zərbə endirib, onu al-qana qərq edir! Sonra da Vahid Ceyhunu sürüyə-sürüyə evin ortasına aparıb. Evdəkilərin, hətta uşaqlarının gözü qarşısında halsız vəziyyətdə olan Ceyhunun üstündə oturub, ona çoxsaylı zərbələr endirməyə başlayıb. Və Vahid bütün bu olanları qızının əlindəki telefonla video çəkiliş etdirib. İndi mən də öz-özümə sual verirəm ki, axı niyə belə edirsən, ay Vahid? Sənin oğlumdan bu qədər nifrət etməyinin səbəbi nədir ki, onu belə vəhşicəsinə döymüsən? Sən axı hərbçisən! Hərbçi ədəbli, mərifətli olur. Oğlum qapına gəlmişdi? Zəng edib polisə, xəbər verərdin, onlar da gəlib həbs edərdilər. Yoxsa ki, tökülüşüb balamı qanına qəltan etmək nədir?! Birtəhər Vahidgilin əlindən qaçıb çıxan Ceyhun birbaşa hərbi prokurorluğa şikayət edir, ekspertizadan keçir. Onu da deyim ki, Ceyhunun canında hələ də zərbənin izləri qalıb, ağrıdan əziyyət çəkir. Vahidgil sonradan Ceyhunun şikayətçi olmamasına cəhd etsələr də, o, ərizəsini geri götürmür. Deyib ki, bu işi buraxmayacaq və  axıra qədər gedəcək. Onu da deyim ki, bu hadisə ötən il mayın 28-də baş verib. Hadisəni telefona çəkən Vahidin digər qızı foto və videonu qısa görüntülərlə sosial şəbəkələrdə paylaşıb, eyni zamanda onları İlkin adlı oğlana göndərib. İlkin də həmin görüntüləri əvvəlcədən tanıdığı oğlum Ceyhuna göstərib.  Ceyhun deyir ki, bu hadisəni biləndə ayağının altından yer qaçıb. Çünki həmin video və fotolar sosial şəbəkələr vasitəsilə ictimailəşmişdir. Soruşub ki, bu videoda döyülən sənsən? Ceyhun da baxır, deyib ki, hə, mənəm. O da təəccüblə İlkindən soruşub ki, bu şəkil sənin əlinə hardan düşüb?  İlkin cavab verib ki, Vahidin digər qızı göndərib. Onu da deyim ki, həmin qızla İlkin tanış idilər, hətta qız özəl fotolarını ona göndərirmiş. İlkin qızın həmin şəkillərini də Ceyhuna göstərib. Ceyhun da bu şəkilləri İlkindən alır. Və necə ki, Vahidgil onu döyüb videoya çəkərək yayıblar, Ceyhun da həmin qızın özəl şəkillərini paylaşmır, sadəcə, acıq çıxmaq məqsədilə Vahidin oğluna və bir-iki qohumuna göndərir. Amma nə baş verdi? Vahid bu məsələdən xəbər tutan kimi, Ceyhunu nəyin bahasına olursa-olsun həbs etdirmək qərarına gəlir. Və istəyinə də nail oldu. Ceyhun barəsində 4 aylıq həbs qətiimkan tədbiri seçilib. Hazırda haqqında açılan cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılır… Mən məhkəmədə dedim ki, Vahidgil oğlumu döyüb, videosunu çəkib paylaşanda heç nə olmadı. Amma Ceyhun cavab olaraq bir görüntünü Vahidin qohumuna göndərəndə cinayət işi açırlar. Ədalət budurmu? Bu, tamamilə ondan acıq çıxmaq üçün olub. Əvvəlcə Ceyhunun videosunu çəkib paylaşırlar- özləri döyüb, özləri çəkiblər, paylaşmaqdan da çəkinməyiblər. Ceyhun da buna acıqla bir məqam axtarıb. Və bu şəkillər elə o vaxt onun əlinə düşüb. Ondan sonra da başlayıblar — şikayət ediblər, iş qaldırılıb, oğlumu tutub salıblar içəri. İndi də yalandan şər atırlar ki, guya Ceyhun bu qıza söz atıb, guya sataşıb. Görün bunlar nələr edirlər oğlumu tutdurmaq üçün?! Vahid özü həbs olunmasın deyə, bu oyunları çıxarır. Mənim ürəyim partlayacaq. Vallah infarkt olacam axırda mən. Nə edəcəyimi bilmirəm. İndi deyirlər ki, bu iş üzrə 3 ildən 8 ilə qədər cəza düşə bilər. Onu da deyim ki, həmin o İlkin də qızın şəklini Ceyhuna verdiyinə görə tutub salıblar içəri. Bəs axı o da zərərçəkəndir, o da sadəcə, Ceyhuna göstərib. Ceyhun da ancaq iki qohuma göndərib- sosial şəbəkədə paylaşmayıb. Ceyhunu döydükləri gün Vahid mənə zəng edib dedi ki, “Ceyhunu döyüb ağzını-burnunu əzmişəm, indi də növbə sənindir. İstəsəm, arvadları da göndərərəm, gəlib sənin saçını orda yolarlar”. Bu zəngdən sonra gedib hərbi prokurorluğa şikayət elədim. Ceyhun döyülən zaman çəkilən videonu da göstərdim. Ortada açıq-aşkar video var. Amma nə olsun? Həmin Vahid oğlumu uşaqlarının gözü qarşısında döyərək, təhqir edən adam azadlıqda gəzir. İşinə-gücünə gedib-gəlir. Amma mənim oğlum balalarından ayrı düşüb – içəridədir. Sual budur: eyni tipli davranışa görə, biri məhkəmə qarşısında cavab verir, digəri isə azadlıqda gəzir. Əgər hüquq bərabərdirsə, bu bərabərlik hər kəs üçün keçərli olmalıdır. Yoxsa ədalət sadəcə kağız üzərində yazılan adi söz olaraq, qalacaq? Hazırda Ceyhun Gəncə Ağır Cinayətlər Məhkəməsində mühakimə olunur. Ceyhunu bütün ölkədə rüsvay etdilər. Bəs bu hərəkətin adı nədir? Bunu edən Vahid niyə hələ də azadlıqdadır? Əgər ədalət varsa, o təkcə Ceyhun üçün yox, Vahid üçün də olmalıdır!”.

Redaksiyadan: İnanırıq ki, ananın söylədiyi ədalət Gəncə Ağır Cinayətlər Məhkəməsində tapılacaq, iki ailə arasına salınmış, onları bir-birinə düşmən etmiş bu məsələdə bir ortaq məxrəc tapılacaq.

 Məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq. Bunun üçün şikayətdə adı çəkilən Vahid və xanımı Gülnarə ilə əlaqə saxladıq…

***

Redaksiyadan: Bütün bu yazılanlara aydınlıq gətirmək üçün adları çəkilən Vahid Məmmədov və həyat yoldaşı Gülnarə Məmmədova ilə əlaqə yaratmağa çalışdıq. Gülnarə xanım telefona cavab verdi və verdiyimiz suallara aşağıdakı kimi aydınlıq gətirdi:

Gülnarə Məmmədova deyir:

“Hansı valideyn 14 yaşında qızının sosial şəbəkələrdə — telefonu oğurlanaraq şəkilləri götürülüb TikTok-da, Instagram-da, Facebook-da, YouTube-da paylanmasını, 101 nəfərə- təkcə qohum-əqrəbaya- həmin uşağın şəklinin göndərilməsini görüb də susar? Bu 1-2 qohum deyildi e, düz 51 nəfər idi. Fakt olaraq bizim məhkəmədə iştirak ediblər. Ayın 7-də bizim məhkəmə idi. Həmin 51 nəfərin 9 nəfəri məhkəmədə oldu. Həmin şəkil və videolar Xanlar rayon Məhkəməsinin, prokurorluğun diskində də var, Gəncə məhkəməsində də. Başına dönüm, qəzetinizdə paylaşırsınızsa, harda eləyirsiniz eləyin, bir də bizi bu haqda narahat eləməyin. Onlar mənim uşağımı dünyaya rüsvay elədilər! Biz Ceyhunun videosunu heç yerdə paylaşmamışıq. Sübut eləsin! Videonu onun uşağı çəkib. Öz telefonlarında çəkib, musiqi ilə bəzəyib, öz telefonlarında da olub. Yalan sözdür, mən onu TikTok-da paylaşmamışam. Əgər paylaşmışamsa, gəlsin məni versin məhkəməyə. Amma bugünkü gün mənim uşağımın videoları, şəkilləri və neçə nəfərə paylandıqları hamısı üzə çıxıb. Ancaq mən onu sosial şəbəkədə paylaşmamışam. Hətta onun öz oğlu deyib ki, döy məni, mənim atam bizi tövlüyə salırdı, gecə səhərə kimi orda qalırdıq. Ay Vahid əmi, acığımızı çıxırsan? Elədiyinə görə də cəzasını aldı. Əgər bir də çıxsa, bir də döyərəm! Mən fəhləliklə uşaq saxlayıram, mənim xalam oğlu gəlib deyir ki, ağzını belə eləyim? Bir qulaq asın da, bir kişi kimi, bir qohum kimi deyirəm sizə. Mən sizin qapınıza gəlsəm, qapını açıb deyərsən ki, rədd ol, gəlmə mənim qapıma? Yoxsa deyərsən ki, gəl, otur evin bir küncündə bir stəkan çay iç, özünə gəl? Onun xanımı 3 uşağı götürüb dalaşmışdı, bıçaq atmışdı qızın boğazına. Əgər arvadını telefonla tutmuşdun, gedib verərdin məhkəməyə. Deyərdin ki, mənim qadınım əxlaqsızdır, qadınımı tutmuşam. Day bıçaqla boğazını kəsmək nə idi? Gedib 3 min manatı Şəmkir rayon polisinə verməzdi. Əlimdə sübutlar var, çeklər var. 3 min manat gedib polisə verməzdi ki, bu işi bağlasın. Bu gün o polislərin başı məhkəmədə ağrımazdı. Mənim 14 yaşlı qızım sevgili olub, şəklini atıb. Çox böyük səhv edib. Mən uşağıma bəraət qazandırmıram. Bəli, böyük səhv edib, şəklini göndərib. Və bu gün bir valideyn olaraq mənim dilimi gödək eləyir. Peşmançılığını da çəkdi, cəzasını da üzünə lənət olsun aldı. Bu gün İlkin də içəridədi, Ceyhun da içəridədi. Mənim yoldaşımın da cəzasını dövlət kəsdi. 8 ay yoldaşım süründü. Niyə tutub salmadılar içəri? Araşdırdılar, cəriməsi nə idisə, onu da çəkdi. 1200 manat cərimə kəsdilər. Hazırda üzərində cinayət işi var. ASAN Xidmətə gedib sənəd almaq istədi, ala bilmədi. Hərbidən çıxarılmayıb, ancaq bu gün-sabah çıxarıla bilər. Mənim əlimdə sübutlar var, yazılar var. Mənim 14 yaşlı qız uşağıma dedilər ki, guya… Niyə görə mənə 8 ay zülm verdilər?! Üç dənə yetimi mən fəhləliklə saxlayıram. Parnikdə işləyib 7 uşağa baxıram. Onun uşaqlarını sinəmə basmışam, uşağını saxlamışam. Onun arvadı buraxmalıydısa, gedib buraxmalıydı, uşaqlarını saxlamalıydı. Yoldaşımı, məni bu işə salmaq üçün çox oyundan çıxdı… Yenə deyirəm, əgər sübut istəsəniz, sizi yönləndirim müstəntiqə, prokurora. Deyim ki, belə bir jurnalist zəng edib. Zəhmət olmasa, nədirsə, siz araşdırın. Siz bilirsiniz. Bunun açıqlamasını jurnalistə verin ki, qəzetdə yayımlananda bizim tərəf də görünsün. Qoy indi yoldaşım evə gəlsin, deyərəm sizinlə əlaqə saxlasın.”

Redaksiyadan: Biz hər iki tərəfin mövqeyini olduğu kimi verdik. İnanırıq ki, hüquq-mühafizə orqanları və məhkəmə obyektiv araşdırma aparıb ədalətli qərar verəcək.

SONDA: media olaraq bəzi detalları gizli saxladıq ki, tərəflərə əlavə problemlər yaşanmasın…

«Təzadlar»ın Araşdırma Qrupu

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!