Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

İlk öncə onu bildirək ki, Azərbaycan Dəmir Yolları təkcə nəqliyyat şirkəti deyil, o, eyni zamanda Azərbaycanın dünya arenasında diplomatik, siyasi və iqtisadi təsir vasitəsidir.
Ümumiyyətlə, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti sərnişinlərin və yüklərin dəmir yolları ilə daşınmasını təmin edən dövlət şirkətidir. Bu səbəbdən də cəmiyyətin bütün səhmləri dövlətə məxsusdur.
Azərbaycan Dəmir Yolları “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 20 iyul tarixli 383 nömrəli Sərəncamına əsasən Azərbaycan Dövlət Dəmir Yolunun yenidən təşkili yolu ilə yaradılıb.
Məqamında bildirək ki, ölkəmizdə dəmir yollarının yaranma tarixi neft sənayesi tarixi ilə vəhdət təşkil edir. Ümumiyyətlə, ölkəmizdə ilk dəmir yollarının çəkilişinə uzunluğu 19 km, eni 1524 mm olan Bakı-Sabunçu-Suraxanı dəmir yolunun inşası ilə 1878-ci ilin sonunda başlanmışdır. Nəhayət, 1880-ci il yanvarın 20-də Azərbaycanda ilk parovoz fiti çalınmış, ilk qatar təkərlərinin taqqıltısı eşidilmişdi. Eyni zamanda bu dəmir yolu Sabunçu və Suraxanı mədənlərini Bakının neft zavodları və dəniz limanı ilə birləşdirirdi. Çox keçmədi ki, Bakı–Sabunçu–Suraxanı dəmir yolunun gəlirli olmasına görə eyni marşrutla sərnişin daşınmasına başlandı. Bununla da Bakıdan Sabunçuya 50-60 dəqiqəyə, Bakıdan Suraxanıya isə 1,5 saata getmək olurdu.
Dəmir yolunun inkişafında Heydər Əliyev izi

1979-cu ildə Ağdam-Xankəndi dəmir yolu inşası ümummilli lider Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilmişdir. Dağlıq Qarabağın inkişafına hər zaman böyük diqqət yetirən Heydər Əliyev Qarabağ bölgələrinə dəmir yolu xətlərinin çəkilməsinə xüsusi əhəmiyyət verirdi. Bakı–Yevlax–Xankəndi dəmir yolunun açılması nəticəsində Qarabağın sosial-iqtisadi və mədəni inkişafı daha da sürətləndi, Qarabağın Bakı ilə əlaqələri daha da möhkəmləndi.
Azərbaycan Dəmir yollarının inkişaf mərhələləri və istiqamətləri

Azərbaycan dəmir yolarında əsas inkişaf istiqamətləri bunlardır:
Beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafı: Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin fəal istifadəsi təmin edilir.
Tranzit daşımaların artırılması: Tranzit yüklərin illik həcminin 2-4 dəfə artırılması hədəflənir.
Yeni texnologiyaların tətbiqi: Rəqəmsallaşma və optimallaşdırma işləri həyata keçirilir.
Yeni xidmətlərin göstərilməsi: Müştərilərlə işin səmərəliliyi artırılır və yeni bazarlara çıxış təmin edilir.
Xarici tərəfdaşlıqların genişləndirilməsi: Beynəlxalq əməkdaşlıq platformaları qurulur.
Azərbaycan regionda strateji-coğrafi mövqeyi ilə yanaşı, eyni zamanda da iqtisadi inkişaf templəri və texnoloji inkişaf istiqamətində atdığı bir çox addımlarla da diqqət mərkəzində qalmaqdadır. Dəmir yolları sahəsində baş verən yeni islahatlar sərnişinlərin rahatlığını və Azərbaycanın regiondakı strateji mövqeyini də xeyli gücləndirməsinə səbəb olmuşdur.
Belə ki, “Azərbaycan Dəmir Yolları” QSC (ADY) uzun illərdir ölkənin nəqliyyat sistemində mühüm rol oynayır. Son dövrlərdə həyata keçirilən infrastruktur yenilikləri, beynəlxalq layihələrə inteqrasiya və müasir qatar parkının yaradılması bu sahəni regionun aparıcı nəqliyyat xətlərindən birinə çevirib.
Azərbaycanın beynəlxalq dəhlizlərdə geosiyasi mövqeyi və rolu

Məsələyə geosiyasi aspektdən yanaşsaq, Azərbaycan Dəmir Yolları təkcə nəqliyyat şirkəti deyil, o, eyni zamanda Azərbaycanın dünya arenasında diplomatik, siyasi və iqtisadi təsir vasitəsidir. Azərbaycanın coğrafi mövqeyi Şərqlə Qərb, Şimalla Cənub arasında geosiyasi və iqtisadi körpüyə çevirmişdir. Bakı-Tbilisi-Qars dəmir yolu, Orta Dəhliz və Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu, Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri və Bakı-Tbilisi-Qars dəmir yolu kimi layihələrin mövcudluğu Azərbaycanın regiondakı enerji və nəqliyyat dəhlizindəki rolunu daha da gücləndirmişdir.
İllərdir ki, bu cür tranzit dəhlizlər üzərindən aparılan ticari əlaqələr Azərbaycanın dünya arenasında tanınması, lazımi səviyyədə öz sözünü deməsi, yeni ticari və siyasi əlaqələrin qurulması və qurulmuş əlaqələrin də möhkəmlənməsi ilə nəticələnmişdir. Təbii ki bu prosesdə Azərbaycan Dəmir yolları sisteminin rolu danılmazdır.
Şərq-Qərb Dəhlizi (Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu) – Bu dəhliz 2014-cü ildə Azərbaycan, Gürcüstan, Qazaxıstan, Ukrayna və Türkiyə dəmir yolu, gəmiçilik və liman administrasiyalarının iştirakı ilə yaradılmışdır. Çin, Qazaxıstan, Xəzər dənizi üzərindən Azərbaycan, Gürcüstan və Avropaya qədər uzanan bu dəhliz çərçivəsində Azərbaycan Dəmir Yolları əsas tranzit rolunu oynayır. Bu dəhliz vasitəsilə Çin ilə Avropa arasında yükdaşımalar daha qısa müddətdə həyata keçirilir.
Cənub-Qərb Dəhlizi – 2016-cı ildə “Azərbaycan Dəmir Yolları” QSC-nin təşəbbüsü ilə yaradılan bu dəhliz Fars körfəzi/Hindistan–İran–Azərbaycan–Gürcüstan–Ukrayna–Avropa (və ya Türkiyə–Avropa) coğrafi marşrutu üzrə fəaliyyət göstərir. Marşrutun təqdimatı 12 yanvar 2016–cı ildə Bakıda baş tutub. Elə həmin tədbirdə Azərbaycan, Gürcüstan, İran, Ukrayna dəmir yolları və dəniz limanları müəssisələri arasında müzakirələr aparılıb və dəhlizin inkişafına dair Protokol imzalanıb. Bu sənədə əsasən, sözügedən dəhlizin tam adı “Fars körfəzi–İran Astara və Xəzər dənizi–Qara Dəniz–Avropa” olaraq müəyyən edilib.
Şimal-Qərb Beynəlxalq Nəqliyyat dəhlizi – 2017-ci ildə Bakı–Tbilisi–Qars dəmir yolunun istifadəyə verilməsi ilə mümkün olmuşdur. Bu dəhlizin formalaşdırılması Bakı–Tbilisi–Qars dəmir yolu vasitəsilə əsasən Türkiyə və Rusiya arasında artan yükdaşıma əməliyyatlarına hesablanmış, eyni zamanda, Rusiyanın istehsal etdiyi kömür və taxıl yüklərinin Azərbaycan üzərindən dəmir yolu ilə Türkiyəyə daşınmasını da təmin etməkdədir.
Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu – 2017-ci ildə istifadəyə verilmiş sözügedən dəmir yolu layihəsi Çin və Orta Asiyadan gələn yüklərin Xəzər dənizi üzərindən Ələt limanına, buradan da Gürcüstan və Türkiyə vasitəsi ilə Avropaya çatdırılmasını təmin edir. Bu dəmir yolunun ümmi uzunluğu 846 km-dir ki, onun da 504 km-i Azərbaycan ərazisindən keçir. BTQ xətti Azərbaycanın tranzit potensialını artırırır və ticarət əlaqələrində strateji əhəmiyyət kəsb edir. Məhz bu dəmir yolu Asiya ilə Avropa arasında yükdaşımalarını sürətləndirir və nəqliyyat xərclərini azaldır. Əminliklə söyləmək olar ki, Bakı-Tbilisi-Qars dəmir yolunda modernləşdirmə və genişləndirmə layihələrinin başa çatdırılması ilə xəttin illik yükdaşıma qabiliyyəti 1 milyon tondan 5 milyon tona çatdırılmışdır.
Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM) – Bu marşrut vasitəsilə Azərbaycan Xəzər dənizini aşaraq Orta Asiya ilə Avropanı birləşdirir. Azərbaycan Dəmir Yollaının buradakı ən mühüm rolu yük daşımalarını effektiv idarə etməkdən və nəqliyyat infrastrukturunu optimallaşdırmaqdan ibarətdir.
Bir sözlə, istər Şərq-Qərb (Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu), istər Şimal-Cənub, istərsə də Cənub-Qərb beynəlxalq dəhlizləri üzrə hərəkət edən yük və sərnişin axınının fasiləsizliyini təmin edən Azərbaycan dəmir yolları, həm regional inteqrasiyanı gücləndirir, həm də ölkəmizin beynəlxalq tranzit imkanlarını artırır.
İlham Əliyevin ADY-də strateji yol xəritəsi

Azərbaycan Dəmir Yolları təkcə nəqliyyat sahəsinin inkişafına deyil, həm də ölkənin beynəlxalq iqtisadi əlaqələrinin genişlənməsinə, regionların sosial-iqtisadi inkişafına və Azərbaycanın logistika mərkəzinə çevrilməsi strategiyasına mühüm töhfə verir. Yəni dövlətin siyasi iradəsi, regional əməkdaşlıqlar və beynəlxalq layihələrə fəal qoşulması, dəmir yollarının inkişafına birbaşa və dolayı təsir göstərir. Eyni zamanda dövlətmizin beynəlxalq təşkilatlarla sıx əməkdaşlığı, beynəlxalaq layihələrə qoşulması dəmir yollarının inkişafına birbaşa təsir göstərir.
Prezident İlham Əliyevin rəhbərliyi ilə son illər ərzində bu sahəyə yönəldilən strateji investisiyalar və reallaşdırılan iri infrastruktur layihələri Azərbaycanın nəqliyyat-logistika mərkəzinə çevrilməsini xeyli sürətləndirmişdir. Həmçinin bu layihələr iqtisadi, strateji əhəmiyyət kəsb etməklə yanaşı, o cümlədən siyasi güc vasitəsinə çevrilmişdir. Ölkəmizdəki siyasi sabitlik, beynəlxalq nüfuza malik olmanın özündə ehtiva etdiyi tərəfdaşlıq Azərbaycana etibarlı tranzit ölkə kimi yanaşılmasına səbəb olmuşdur.
Zəngəzur dəhlizinin strateji əhəmiyyəti

Danılmaz faktordur ki, 2020-ci il Vətən müharibəsindən sonra Azərbaycanın regionda istər siyasi və iqtisadi, istərsə də strateji mövqeyi daha da güclənmişdir. Təbii ki, bu da öz növbəsində Zəngəzur dəhlizi kimi yeni dəmir yolu layihələrinin gündəmə gəlməsinə səbəb olmuşdur.
Nə üçün Zəngəzur dəhlizi Azərbaycan və türk dünyası üçün bu qədər önəm kəsb edir? Onu önəmli edən hansı xüsusiyyətləri var?
Əvvəla onu bildirim ki, Zəngəzur dəhlizi Azərbaycanın iqtisadi və siyasi gücünün göstəricisi olmaqla yanaşı, eyni zamanda da bu layihə, Türk dünyasını birləşdirəcək böyük bir nəqliyyat körpüsünün açılması baxımından mühüm strateji əhəmiyyət daşıyır. Belə ki, Zəngəzur dəhlizi Azərbaycanın ən strateji layihələrindən biri olmaqla, regionun nəqliyyat xəritəsini kökündən dəyişə biləcək xüsusata malikdir. Çünki bu dəhliz Ermənistan ərazisindən keçərək Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın əsas hissəsini birləşdirməklə həm ölkədaxili nəqliyyat əlaqələrinin bərpası, həm də beynəlxalq tranzit imkanlarının əhəmiyyətli dərəcədə genişlənməsi üçün əsas rola malikdir.
Onu da qeyd etmək lazımdır ki, Azərbaycan Dəmir Yolu Zəngəzur dəhlizinin fəaliyyətə başlaması üçün Ermənistanla və digər regional tərəfdaşlarla koordinasiyanı təmin edir, beynəlxalq standartlara uyğun nəqliyyat xidməti göstərir. Təbii ki, Ermənistanla razılıqdan sonra bu dəhlizin fəaliyyətə başlaması regionun iqtisadi inteqrasiyasını da sürətləndirə bilər.
Bu dəhlizin açılması ilə Azərbaycan Dəmir Yolu ölkəmizin tranzit potensialını daha da artıracaq, həmçinin onu Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin birləşdiyi unikal nəqliyyat qovşağına çevirəcək. Dəhliz üzərindən keçən yük və sərnişin daşımalarının effektiv idarə olunması, sərhəd-keçid prosedurlarının optimallaşdırılması Azərbaycan Dəmir Yollarının əsas vəzifələrindən biridir. Buna görə də bu sahədə rəqəmsal həllərin tətbiqi planlaşdırılır.
Ehtimal olunur ki, əgər rəqəmsal sistemlər genişləndirilərsə və Zəngəzur dəhlizi işə düşərsə, Azərbaycan Dəmir Yolları illik 25 milyon ton yüka qədər çıxış edə bilər.
ADY-nin fəaliyyətində rəqəmsal halların tətbiqi və statistik göstəriciləri

Aparılmış araşdırma əsasında müəyyən olunmuşdur ki, təkcə 2024-cü ildə 18,565 milyon ton yük daşınıb. Bu da təbii ki,əvvəlki illərlə müqayisədə 1,5%-lik sabit artım deməkdir. Sevindirici haldır ki, bu artım pandemiya dövründə və Rusiya-Ukrayna müharibəsi fonunda dəyişən marşrutlara baxmayaraq, Azərbaycanın nəqliyyat sektorunun dirçəlməsinə və dayanıqlılığına öz mənfi təsirini göstərməmişdir.
Tranzit yüklərin 6,2% artması regionun Azərbaycanın üzərindən keçən alternativ marşrutlara marağının artdığını sübut edir. Bu artım, xüsusilə Çin-Orta Asiya-Avropa xəttində Azərbaycanı daha vacib halqaya çevirir. Tranzit və beynəlxalq daşımaların artması Azərbaycan Dəmir Yollarının xarici tərəfdaşlarla inteqrasiyasının gücləndiyini göstərməklə yanaşı, Azərbaycanın “beynəlxalq logistik körpü” statusunu daha da möhkəmləndirməsinə öz münbit şəraitini yaratmışdır.
Statistik göstəricilərə nəzər salsaq, Azərbaycan Dəmir Yolu, BTQ və TBNM kimi əsas dəhlizlərə inteqrasiya olunmaqla, 2025-ci ilin ilk aylarında da təqribən 3 milyon ton yük daşımışdır. Bu da təbii ki öz növbəsində ildə ortalama 18–19 milyon tonluq sabit yük axınının qorunub saxlanıldığını göstərir.
Qarşıya qoyulmuş ən mühüm məqsədlərdən biri Zəngəzur dəhlizinin tam reallaşmasıdır. Çünki bu dəhlizin açılması nəinki Naxçıvanla quru dəmir yolu əlaqəsinin bərpa olunmasına, hətta Türkiyə və Avropa bazarlarına çıxışın daha da asanlaşmasına öz müsbət təsirini göstərməklə mövcud yük axınının azı 20-25% artırmaq poltensialına şərait yaradacaqdır.
Ölkəmizin qarşıya qoyduğu ən önəmli strateji hədəflərdən biri Azərbaycan ərazisindən keçən Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin aktiv istifadə edilməsinə nail olmaqla ölkəmizin beynəlxalq nəqliyyat qovşağına çevrilməsinə önəmli töhfələrini verməkdən və 2030-cu ilədək tranzit daşımaların illik həcmini 2-4 dəfə artırmaqdan ibarətdir. Əlbəttə ki bütün bu qeyd edilən xüsusatlar 2024-cü ildə ADY-nin Müşahidə Şurası tərəfindən təsdiq edilmiş “Azərbaycan Dəmir Yollarının 2030-cu ilədək Strateji İnkişaf İstiqamətləri” sənədi ilə müəyyən olunmuş uzunmüddətli strategiyanın icrası çərçivəsində həyata keçirilir və ən əsası da ADY-nin qarşısında qoyulmuş hədəflərə nail olmağa xidmət edir.
Bu məqsədlə də Azərbaycan Dəmir Yolları öz fəaliyyətində əsas olaraq strateji yüklərin daşınmasına prioritet verilməsini, müştərilərlə işin səmərəli təşkilini, dinamik tariflərin və effektiv endirim mexanizmlərinin tətbiqini, rəqəmsallaşma və optimizasiyanı, təchizat zənciri boyu fəaliyyətin genişləndirilməsini, yeni xidmətlərin göstərilməsini, yeni bazarlara çıxışı, o cümlədən xarici tərəfdaşlarla əməkdaşlıq platformalarının – assosiasiya, konsorsium və birgə müəssisələrin qurulması istiqamətlərində strateji təşəbbüslərin həyata keçirilməsini nəzərdə tutur. Əgər rəqəmsal sistemlər genişləndirilərsə və Zəngəzur dəhlizi işə düşərsə, ADY illik 25 milyon ton yüka qədər çıxış edə bilər.
Rövşanə Nağıyeva
Yazı “Azərbaycan Dəmir Yolları” QSC və Mətbuat Şurasının “Azərbaycan Dəmir Yolları – 145 illik inkişaf yolu” mövzusundakı birgə müsabiqəsinə təqdim olunur.