8 İyul 2025 / 14:29

«O, özünü xüsusi xidmət generalının yaxın adamı kimi təqdim edərək məni aldadıb…»-YENİLƏNİR

«Təzadlar» qəzeti redaksiyasına daxil olan şikayətdə ağlagəlməz məqamlara rast gəldik…

Belə ki, Bakı şəhər sakini H.Səfərli əməkdaşlarımıza redaksiyaya təqdim etdiyi şikayət ərizəsi və əlavə olunmuş bəzi maddi sübutları ilə başına gələnləri danışdı. Onun dediklərindən məlum olur ki, Bakı şəhər sakini Əliyev İsmayıl Firudin oğlu H.Səfərliyə özünü təhlükəsizlik xidmətinin polkovniki kimi (eləcə də xüsusi xidmət generalının yaxın adamı kimi. Həmin generalın adını mətndən çıxarırıq.RED.) təqdim edərək etibar qazandırıb və sonra onu aldadaraq 51 min manat pulunu ələ keçirib. Sitat: «…Mən uzun müddətdir İsmayılı əvvəlcə yüksək vəzifələrdə çalışan dostlarına görə tanıdım, düşünürdüm ki, o cürə insanlarla ünsiyyətdə və dostluqda olan şəxs heç vaxt məni aldatmaz. Beləliklə, günlərin birində məndə dostlarıma məxsus 51 min manat pulu görərək ciddi ehtiyacının olduğunu bildirdi. Mən ona inanıb heç bir şərt irəli sürmədən bu qədər pulu ona verdim, dostlarının bəzilərinin iştirakı ilə (adlarını hələki mətndən çıxarırıq.RED.) qısa zaman içində qaytaracağına söz verdi. Mən pulu ona verəndə mənim də yaxından tanıdığım dostlarının adı keçdiyindən notarial qaydada müqavilə bağlamadım, sadəcə, ayıb bildim, inanmışdım… Hətta İsmayıl Əliyev  məni inandırmaq üçün Azərbaycanın bir nüfuzlu xüsusi xidmət generalının belə adını çəkirdi, onun yaxın adamı olduğunu deyərək adından sui-istifadə edirdi. Lakin sonradan gördüm ki, o mənim etibarımdan sui-istifadə edir. Və pulumu tələb etdim. Nəhayət, məcbur olub pulun 10 min manatını qaytardı. Bu zaman tələb etdim ki, iltizam yaz, ikimiz də imzalayaq. Beləliklə, o, həmin iltizamında da imzası ilə təsdiqləyir ki, məndən aldığı 51 min manatın 10 min manatını geri qaytarır, qalanını da tezliklə verəcək (Red. İltizamın surəti təqdim edilir)…».

Şikayətçi bildirdi ki, bir müddət keçsə də İ.Əliyev onun qalan pulunu qaytarmaqdan yayınmağa başlayıb: «Mən ona və dostlarına, hətta bacısına belə bildirdim ki, İsmayıl təhlükəli yol tutub. Bacısı mənə dedi ki, nə bilirsiniz edin, o, pul görəndə özünü belə aparır… Nəhayət, məcbur olub Nərimanov rayon Polis İdarəsinə ərizə ilə şikayət vermişəm, hazırda bu dələduzluq əməli araşdırılır və iş materialları tezliklə istintaqa verilməlidir. Bu gün də Nərimanov RPİ-də oldum, bəzi məsələlər var ki, istintaqın qərarından asılıdr, indi deyə bilmirəm…».

Media olaraq şikayətdə adı çəkilən İ.Əliyevlə də telefon əlaqəsi saxladıq. O, şikayətdə yazılan detalların hamısını qəbul edərək 51 min manat pul aldığını etiraf etdi. Sonra redaksiyaya gələrək söhbət etmək istədiyini bildirəndə isə ona redaksiyaya gəlməyinə zərurət olmadığını və vaxtilə dost olduğu şikayətçi ilə görüşüb problemini həll etməsini tövsiyyə etdik. Söz verdi ki, tezliklə şikayətçi H.Səfərli ilə danışıb problemi həll edəcək. Lakin sonradan təkrarən zəng edib vəziyyəti soruşsaq da, o, yenə eyni fikirlərini təkrarladı.

Məsələ ilə bağlı həm də Nərimanov RPİ ilə əlaqə saxlanılacaq. Əlavə məlumat veriləcək.

SONDA: burada söhbət heç də təkcə 51 minatlıq etibardan sui-istifadədən getmir. Məsələ ondadır ki, barəsində şikayət edilən şəxs həm də xüsusi xidmət orqanında xidmət edən yüksək çinli məmurun-generalın adını hallandırır, özünü də bu strukturun polkovniki kimi təqdim edir. Bunu da araşdırmaqdayıq. Amma Ş.Əliyev də bilməlidir ki, belə sui-istifadələr həmişə ağır başa gəlib…

Mövzuya qayıdılacaq.

«Təzadlar»ın Araşdırma Qrupu

03.07.2025

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!