Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Görkəmli dövlət xadimi Heydər Əliyevin mətbuata diqqəti xüsusi bir fundamental yazı mövzusudur. Mənim də jurnalist fəaliyyətimdə Ulu Öndərin mətbuata necə həssaslıqla yanaşdığını sübut edən hadisələr var.
2001- ci ildə indiki “Alov qüllələri”nin yerində ” Moskva” Mehmanxanasının böyük zalında Milli Mətbuat günü ilə bağlı tədbir keçirilirdi. Mən də dəvət olunmuşdum. Heydər Əliyev problemi olmayan jurnalistləri və qəzet rəhbərlərini dinlədi, sonra problemi olanları dinləməyə başladı. Mən düz yanında dayanmışdım. Həmin dövrdə təhsil naziri Misir Mərdanov fond pulu yazısına görə bizi məhkəməyə verdirmişdi, Bakının 300- dən çox məktəb direktoru Yasamal rayon Məhkəməsinə ərizə verərək ümumilikdə o dövrün pul vahidi ilə 700 milyon manatdan çox təzminat davası başlatmışdılar. Mən də istəyirdim ki, bu problemi Heydər Əliyevin diqqətinə çatdıram.
Beləliklə, problemsiz jurnalistlər sözünü bitirən kimi mən “Cənab prezident…” deyərək dərdimizi demək istəyəndə, Heydər Əliyev “Sən hələ gözlə!” deyərək Qənimət Zahidə tərəf baxdı. Deməli, məni artıq tanımışdı, çünki Əli Həsənov məni təqdim etməli idi… Beləliklə, Əli Həsənov Qənimət Zahidi təqdim etdi, o da “Azadlıq” qəzetinin problemlərindən danışmağa başladı… Sonra yenidən “Cənab prezident…” deyərək söz almaq istədim. Bu dəfə Heydər Əliyev əli ilə əlimə toxunub hələ gözləməyimə işarə etdi… Bu hadisə üç dəfə təkrarlandı… Nəhayət, sona “Femida” qəzetinin baş redaktoru Əyyub Kərimov və mən qaldıq. Heydər Əliyev Əyyub Kərimova bərk əsəbləşdi, onun haqqında da qəzetində əsassız yazılar yazdığını bildirdi və əsəbi halda mənə çevrildi. Təqdim olunmağıma imkan vermədən dedi:
-Eşidirəm cavan oğlan…
Başladım Misir Mərdanovun məhkəmə davasından danışmağa… Heydər Əliyev təmkinlə məni dinlədi, sonra dedi:
– Bilirsən, mən sizin qəzeti həmişə oxuyuram, həmişə də əleyhimizə yazırsınız…
Mən Heydər Əliyevin əsəbinin soyuduğunu görüb, ürəklənərək dedim:
-Cənab prezident, biz heç vaxt sizin əleyhinizə yazmamışıq, amma məmurları tənqid etmişik…
(Davamı var)
Asif MƏRZİLİ