10 İyul 2025 / 16:13

KƏPƏNƏKÇİDƏ YANAN MAYAK – SABİR QURBANOV

Gözəl insan, istedadlı pedaqoq, bacarıqlı təşkilatçı, sədaqətli dost, həqiqi ağsaqqal, əsl arif və bütövlük rəmzi haqqında bir neçə söz

Beş-altı aydan sonra bizim əyani tanışlığımızın 40 yaşı tamam olur. Böyük müddətdir,  necə deyərlər, bir igidin ömrüdür. Geri boylananda yeganə təəssüfləndiyim vaxtın çox sürətlə keçməsidir, sanki dünəndir, düşünəndə yuxu kimi gəlir… O zaman mən Zaqatala rayonu Muğanlı orta məktəbinin IX sinfində oxuyurdum, Sabir müəllim isə qonşu Qandax kənd məktəbinin direktoru idi. Həmin 1986-da Azərbaycan KP MK-nın müvafiq qərarı ilə Xalq şairi Səməd Vurğunun anadan olmasının 80 illiyi bütün ölkəboyu böyük təntənə ilə keçirilirdi. Bizdə isə bir ilk baş vermişdi: respublika rəhbərliyindən, Yazıçılar Birliyindən, mərkəzi mətbuatdan ünlü isimlərin qatıldığı möhtəşəm tədbiri nə partiya funksioneri, nə incəsənər xadimi, nə də hansısa tanınmış pedaqoq idarə edirdi; belə məsul vəzifə Qandax məktəbinin dörd nəfər (2 oğlan, 2 qız) XI sinif şagirdinə həvalə olunmuşdu. Vurğulanan faktın özü hər şeyin dəqiqliklə ölçülüb-biçildiyi, zərrəbinlə nəzərdən keçirildiyi, sözün dəyərdən düşmədiyi, ictimai rəyin, mədəni-kütləvi tədbirlərin böyük gücünə, təsirinə önəm verildiyi ötən əsrin səksənlərində kiçik kənddəki təhsil ocağının kollektivinə, direktoruna böyük etimadın sübutudur və şübhəsiz ki, Sabir Qurbanov bu diqqəti, hörməti, məhəbbəti öz dərin savadı, zəhmətkeşliyi, müdrikliyi, zəngin idarəçilik təcrübəsi ilə qazanmışdı.

Sözügedən tədbirlərdə AYB-ni Xalq yazıçısı Vidadi Babanlı və şair İlyas Tapdıq təmsil edirdilər. Aşağı Tala kənd orta məktəbində, S.Vurğun adına təsərrüfatın idarəsinin həyətində başlayan yüksəksəviyyəli yubiley mərasimləri rayon Mədəniyyət evində, ayrı-ayrı təhsil, sənət məkanlarında neçə gün davam etdi və partiya komitəsinin akt zalında yekunlaşdı. Görkəmli şairin həyat və yaradıcılığı ilə bağlı əsas məruzə fəlsəfə doktoru Həşim İsmayılova tapşırılmışdı. İkinci katib Rəhilə Əhmədova, Təbliğat-təşviqat şöbəsinin müdiri Hümbət Bayramov, Maarif şöbəsinin müdiri Saleh Qazıyev, təcrübəli pedaqoqlar Ramazan Tahirzadə, Məhəmməd Osmanov, Tahir Məmmədov, Xuraman Ələsgərova ədəbi-bədii müzakirələrin dolğunluğu üçün əllərindən gələni əsirgəmədilər. Rəhmətlik ağsaqqal partkom Məhəmməd Poladovun çıxışında Babanlının adını unudub (“İlyas müəllimlə Tapdıq müəllim bizim əziz qonaqlarımızdır”) bir nəfəri iki şəxs kimi təqdimatı, bunu təbəssümlə qarşılayan Vidadi müəllimin ilk hekayələrini Şıxlı imzası ilə yazdığı, sonradan dəfələrlə İsmayıl Şıxlı ilə səhv salındığına görə təxəllüsünü dəyişdiyi barədə söhbəti də o yorğun, amma gözəl və yaddaqalan günlərin dodaqqaçıran xatirələrindəndir.

Artıq yavaş-yavaş qocalığa doğru gedən və hərdən xəyanət edən yaddaşımın qırx il əvvəlki saxlancını təzələməkdə məqsədim Sabir müəllimin üstün təşkilatçılığı ilə yanaşı, uca şəxsiyyətini, insani keyfiyyətlərini də önə çəkməkdir. Həmin silsilə tədbirlərdə hamının ürəyi dolu idi, vaxta nəzarət, reqlamentə riayət eləmək xeyli çətinləşmişdi. Yuxarılar məruzəçidən müəyyən ümumiləşdirmələr xahiş edirdilər, bəzi natiqlərin çıxışları az qala ixtisara düşürdü… Lakin onun ağsaqqal vasitəçiliyi ilə bütün problemlər həllini tapdı, çünki dahi Səməd Vurğun barədə deyiləcəklər zamandan əvvəl, əsl ədəbiyyat təəssübkeşinin böyük ürəyinə sığmışdı. Və tələbkar publika qarşısında mən də kasıb söz xurcunumdan bir-iki şeir söylədim, dəyəsən hətta alqışlandım da…

Qarşıdan S.Qurbanovun ssenari müəllifliyi və rəhbərliyi ilə bir sıra milli və maraqlı tədbirlər, o cümlədən 1988-ci ilin Novruz şənlikləri gəlirdi. Artıq Zaqatalada dərc olunan “Qırmızı bayraq” qəzetinin ştatdankənar müxbiri kimi bəndeyi-həqir də sözügedən hadisələrin canlı şahidinə çevrildi. Yaddaqalan mərasimlərn təşkilində məktəblilərə Qandax, Faldar, Kəpənəkçi kəndlərinin əhalisi də qoşulduğundan, miqyas akt zallarına yerləşməyib stadionlara çıxdı. Mübaliğəsiz, tam səmimi sözümdür, mən sonralar heç vaxt heç yerdə o gözəllikdə Novruz görmədim. Bir yandan hələ işğalsız və şəhidsiz baharın ilıq nəfəsi, digər tərəfdən müttəfiq respublikalarda milli oyanış zəminində ümumittifaq səviyyəsində yumşalmalar ürəkləri sevinc hissi ilə doldurmuş, damarlarda qanı coşdurmuşdu. Nə gizlədim, yaşlı adamların gözündə “Şıxəli Qurbanov taleyi”ndən doğan narahatlıq, qorxu da vardı. Sabir Qurbanov isə meydandan çəkilmədi və xalqın öz tarixi keçmişinə qayıdışından, bu özünüdərk prosesində gərəkliyindən xeyli şad idi.

Bu mənada qəhrəmanımızı sözlə, ədəbiyyatla yanaşı, həm də millət cəfakeşi saymaq mümkündür. Onun təkcə Arazın deyil, bayaq adları sadalanan kəndlərin aşağısından axan Alazanın (Qanıx) o tayında – Gürcüstandakı soydaşlarımızdan ötrü də necə qəribsədiyini, nisgilləndiyini görmüşəm. Zaqatala yeniyetmələrini – direktor, müəllim olaraq çalışdığı təhsil ocağının şagirdlərini Marneuli, Bolnisi, Qardabani rayonlarının azərbaycanlı yaşayış məntəqələrinə apardığı səfərlərə, oradakı məktəblərdə keçirdiyi görüşlərə qatılmışam. Və əmin olmuşam ki, gənc nəsillərin yalnız elmi, savadı, peşə hazırlığı üçün yox, həm də vətənpərvərliyi, milli duyğuları, dünyagörüşünün formalaşması naminə çalışır.

Sabir müəllim dostluqda da daim sədaqətli olub, haqq-salama dəyər verib, keçmiş əlaqələri unutmayıb, nəinki tanıdığı, kənar, yad insanlardan belə, bacardığı köməyi əsirgəməyib. Bir nüans heç yadımdan çıxmır və sizinlə də bölüşmək istəyirəm. Yaşıdlarım yaxşı xatırlayırlar ki, ötən əsrin səksəninci illərinin sonlarında Qorbaçov “yenidənqurma”sı zəminində İttifaq səviyyəsində bütün sahələrdə kəskin tənəzzül yaranmışdı. Süni iqtisadi geriləmələr dəyəri milyard rublla ölçülən, minlərlə sadə vətəndaşın iş yeri, çörək ağacı sayılan nəhəng dövlət müəssisələrinin qudurğan biznesmenlərə qəpik-quruşa satılması məqsədi güdürdü. Yüksək çay mədəniyyəti olan xalqımızın ən çox əziyyət çəkdiyi defisitlərdən biri də şəkər idi. Qənd yoxa çəkilmişdi, qənd tozu ailəbaşına talonla verilirdi. Bunu əvəzləyəcək meyvə quruları hələ geniş yayılmamışdı, üstəlik onunla böyük süfrələrin açılması ənənəsinə rast gəlinmirdi. 1989-cu ilin dekabrında məni sovet ordusuna hərbi xidmətə çağırdılar. Kənd yerində əsgərliyə yolasalınma mərasimi anşlaqla keçdiyindən valideynlərimi fikir aparmışdı; təsəvvür edin, buğda unundan bişirilən kürə çörəyi var, həyətdə bəslənən cöngənin timsalında 300 kq ət var, lakin çayla içməyə bir şey tapılmır. Sabir Əhməd oğlu arif adamdır, yanında nəyəsə işarə vurmağa ehtiyac yoxdur, ləngimədən unikal təşəbbüslə çıxış elədi: Zaqatala İHB-nın Qandax üzrə nümayəndəsi Harun Əsgərov, o vaxt SSRİ-də ən gənc təsərrüfat rəhbəri Mübariz Şabanov və özü paylarına düşən qənd tozunu bizə göndərdilər. Evdəki ehtiyatı da əlavə edəndə, bu on kiloya yaxın məhsul demək idi. Rəhmətlik anam həmin “pesok”a qoz ləpəsi qataraq bütün məclisə ləzzətli içəcək hazırladı və çoxsaylı qonaqlar xeyli razı qaldılar. Bəlkə də bu epizod çox kiçik və primitivdir, amma yaxşı insanların məqamını, cizgilərini göstərmək üçün mütləq deyilməlidir.

Qurbanov Sabir Əhməd oğlu 1939-cu il iyulun 10-da Zaqatala rayonunun Kəpənəkçi kəndində dünyaya göz açıb. İki qız övladdan sonra gəlişi ilə hamını sevindirib. Kəpənəkçi kənd ibtidai məktəbində dördillik (1048-1952), sonra isə “İşıq məbədi” sayılan Qandax kənd orta məktəbində ümumi orta təhsil (1952-1958) alıb. Daha sonra o dövrün məşhur elm ocağı Zaqatala Pedaqoji Texnikumunda (1958-1960) “İbtidai sinif müəllimi” ixtisasına yiyələnib. Yengiyan kənd yeddiillik, Mosul kənd orta məktəblərində sinif müəllimi işləyib. 1962-ci ildə işdən ayrılmamaqla Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Azərbaycan dili və ədəbiyyatı fakültəsinə daxil olub.

1970-ci ildən 1996-cı ilə qədər Qandax orta məktəbində direktor, 1996-2011-ci illərdə Kəpənəkçi kənd məktəbində dil-ədəbiyyat müəllimi kimi çalışıb. Daha sonra Azərbaycan Müəllimlər İnstitutunun Zaqatala filialında pedaqoji fəaliyyət göstərib. “Ümumi dilçilik”, “Ədəbiyyat nəzəriyyəsinə giriş”, “Azərbaycan ədəbiyyatı tarixi”, “Ədəbiyyatın tədrisi metodikası”, “Dünya ədəbiyyatı”, “Azərbaycan ədəbi tənqidinin tarixi” fənlərindən mühazirə oxuyub, seminar və imtahanlar aparıb.

Sabir müəllim həm də gözəl ailə başçısı, qayğıkeş atadır. 1962-ci ildə Laləzar Musaxan qızı Əhmədova ilə ailə həyatı qurub. Beş övlad böyüdüb tərbiyə ediblər: Sevda, Bəxtiyar, Əliyar, Vüqar, Rəna. Vüqarın vaxtsız vəfatından sarsılsa da, əyilməyib, digər uşaqlarına, nəvələrinə, şərəfli müəllim peşəsinə, xalqın balalarını savadlandırmağa sevgisi ilə təskinlik tapıb.

Atası Əhməd Hacı Şaban oğlu, anası yetər Hacı İbrahimxəlil qızı, bacıları Gözəl  və Gülarə xanıma söhbətlərində, müsahibələrində, yazılarında daim tükənməz məhəbbətini bildirib. Onlarla yanaşı, xüsusi ehtiramını izhar etdiyi müəllimləridir. İbtidai və orta məktəblərdə Əlif və Məhəmməd Babayev qardaşları, Səlim Məmmədov (Faldar), İslam Yunusov (Muğanlı), Allahverdi Xəlilzadə, Məmməd Əfəndiyev, Ziya Bayramov (Qandax), Talıb Talıbov (Muğanlı), Soltan Kazımova, Lətifə Sofiyeva (Zaqatala şəhəri); texnikumda Əziz Abbasov, Fazil Əfəndiyev, Mina Əfəndiyeva, Əliyar Məmmədov, Sona Səfərəliyeva, Ələkbər Muradov, Bayraməli Ələkbərov və başqaları; ali məktəbdə akademik Əbdüləzəl Dəmirçizadə, Xalq yazıçısı İsmayıl Şıxlı, professorlar Zeynal Tağızadə, Azər Hüseynov, Həsən Mirzəyev, Feyzulla Qasımzadə, Əməkdar elm xadimi Paşa Əfəndiyev, Kövsər Tanrıverdiyeva; 1977-1979-cu illərdə qiyabi təhsil aldığı Azərbaycan KP MK nəzdində ideoloji kadrlar hazırlayan Marksizm-Leninizm Universitetinin Tarix fakültəsində beynəlxalq siyasi icmalçı professor Seyfəddin Qəndilov, qrup rəhbəri Vəli Məmmədov (Qarakənd faciəsində həlak olub) və adlarını qeyd edə bilmədiyi daha neçə-neçə müəlliminin unudulmaz xatirəsi ürəyində yaşayır. Tam yəqinliyi ilə, S.Qurbanovu peşəkar səviyyəyə yüksəldən ibtidaidən ali təhsilə öz müəllimlərini böyük qədirdanlıqla yad etməsi və onları həyat idealı seçməsidir.

Bir neçə kəlmə də ağsaqqal pedaqoqu həyata bağlayan, ona yaşam stimulu verən digər məsələ – müdrik qələmi, publisistikası barədə… O, qocalıqdan, vücudunun fiziki zəifliyindən yatağa düşəndə belə, sevimli yaradıcılığından əl çəkmədi. Yaxşı yadımdadır, keçən ilin avqustunda ailə üzvləri mənə telefon açıb növbəti məqalənin oxuculara təqdimatına kömək istədilər. “Ulu muğamın sirli-sehrli dünyası” sərlövhəli irihəcmli məqalə (Baba uzanıqlı vəziyyətdə diqtə eləmiş, nəvələr qələmə almışdılar) “Təzadlar” saytında işıq üzü gördü. Yeri gəlmişkən, təmənnasız xeyirxah dəstəyə görə dəyərli həmkarlarım baş redaktor Asif Mərzili və redaktor Elbar Şirinova minnətdarlığımı çatdırıram!

Ümumilikdə isə Sabir müəllimin respublika mətbuatında 7-si elmi məqalə olmaqla çoxsaylı yazıları – “İmtahan yaxınlaşır”, “Müasir tələblər”, “Əsas meyar”, “Siz hardasınız, məzunlar?”, “Poeziya baharı”, “Kəpənəkçi (Zaqatala) ulusunda folklor nümunələri”, “İlyas Əfəndiyev – 100”, “Azərbaycan ədəbiyyatı tarixi kursunun tədrisində mühazirə üsulunun imkanlarından istifadə yolları”, “Xoşbəxt taleli yazıçı” və digər əsərləri dərc edilib. O, “Atam, anam və mən”, “Zaqatalanın qədim yaşayış məskənlərindən biri – Kəpənəkçi kəndi haqqında”, Dədə Qorqud işığında Kəpənəkçi – qədim yurdum mənim”, “Xatirə” kitablarının müəllifidir. “Heydər Əliyev və Azərbaycan dili”, “Nizami Gəncəvi – 850”, “Heydər Əliyev və Azərbaycan ədəbiyyatı”, “Məhəmməd Füzuli – 500”, “Hüseyn Cavid – 110”, “Xalq şairi Zəlimxan Yaqubla görüş” və sair tədbirlərin təşəbbüsçüsü və rəhbəri olub. 2003-cü ildən Yeni Azərbaycan Partiyasının üzvü, 2009-cu ildən Zaqatala rayon Ağsaqqallar Şurasının sədr müavinidir.

Sabir Əhməd oğlu Qurbanov haqqında çox danışmaq, yazmaq mümkündür. Təkcə bir faktı vurğulamaq kifayətdir ki, artıq doqquzuncu onilliyi xırdalayan möhtəşəm ömrün 70 ilə yaxını uşaqların, yeniyetmə və gənclərin elminə, tərbiyəsinə, dünyagörüşünə sərf edilib. O, çox sadə, təvazökar və şərəfli bir yol keçdi. Qandax kəndinə işə yaşayış yeri qonşu Kəpənəkçidən aradakı bağlarla keçib piyada gəlirdi. Hətta avtomobili olsaydı belə, məktəbin qarşısında saxlayıb şəstlə, təkəbbürlə düşüb içəri girməkdən utanardı. Tabeçiliyindəkilərə, şagirdlərinə hörmətlə yanaşar, ümumiyyətlə hər hansı xilqəti, bəşəri şəxsiyyət kimi qəbul edərdi. Kollektivlə, seçicilərlə görüşə gələn deputatlığa namizədlə əlaqədar yuxarıdan “müəllimləri bir otağa yığ və çölə buraxma” axmaq tapşırığına məhəl qoymazdı… Və nəhayət, indi düşünəndə heyrətlənirəm, İlahi, insan nə qədər genişürəkli, səviyyəli, bütöv olar ki, bir orta məktəb şagirdini zəif cızma-qaralarına görə şair, jurnalist, yazar adlandırsın, o qapıdan girəndə ayağa qalxsın, beləcə, kamilləşməyə, daha yaxşı yazılara ruhlandırsın…

Mən bu insanı həmişə tufanlı, dumanlı dənizdə gəmilərə yol göstərən mayak, zülməti işıqlandıran bir şam, çıraq, işıq kimi təsəvvür etmişəm. İndi ağbirçək həyat yoldaşı və qədirdan övladları Zaqatala rayonunun Kəpənəkçi kəndində onun çarpayısının yanında, qulluğundadırlar. Zamanın amansız küləkləri o nuru söndürə də bilər, gücləndirə də… Ancaq bir təsəllimiz var ki, Sabir müəllim çoxsaylı şagird və tələbələrinin qəlbində daim sönməz diqqət, hörmət, məhəbbətlə anılacaq və deməli, yaşayacaq.

10 iyul, yəni bu gün sevimli müəllimimizin ad günüdür. Cansağlığı, uzun ömür, daha böyük yubileyini – 100 yaşını keçirməyi diləyirik! 

86 yaşın mübarək, əziz Ustad!

 

Bütün Sabirsevərlər adından böyük ehtiramla,   

Qurban Cəbrayıl

“Mədəniyyət” jurnalının redaktoru, Azərbaycan Yazıçılar Birliyinin üzvü 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!