11 İyul 2025 / 11:37

Jurnalistin yol nişanının uyğunsuzluğu barədə şikayəti məhkəmə icraatına qəbul edildi

«Təzadlar» qəzetinin baş redaktoru Asif Mərzili Yasamal rayonunda Şərifzadə küçəsi ilə Mətbuat prospektinin kəsişməsindəki yol nişanında aşkar etdiyi uyğunsuzluq və çaşdırıcılıq barədə məhkəmədə iddia qaldırıb. 3(004)-4792/2025 nömrəli iş materialları Yasamal Rayon Məhkəməsinin hakimi Rauf Daşdəmirovun icraatına verilib. Redaksiyanın elektron poçtuna daxil olan elektron məktubda yazılır:«Siz Bakı Şəhərinin Yasamal Rayon Məhkəməsində 3(004)-4792/2025 nömrəli işdə “Qərardan şikayət verən orqan (şəxs)” qismində qeydiyyata alınmısınız və bununla bağlı ətraflı məlumatı şəxsi kabinetdən əldə edə bilərsiniz».

Bu barədə jurnalist bunları bildirdi: «Xatırladıram ki, 24 iyun 2025-ci ildə mənə EQ28816135 saylı elektron protokol tətbiq edilib ki, Mətbuat prospektindən Badamdar istiqamətinə hərəkət edən zaman üçzolaqlı yolun soldan sonuncu zolağında sola deyil, düzünə hərəkət etmişəm. Məhkəməyə təqdim etdiyim şikayət ərizəsində də bildirmişəm ki, Mətbuat prospektinə 20 yanvar dairəsi istiqamətindən, eləcə də Ziya Bünyadov prospektindən daim güclü nəqliyyat axını olur, həmin nəqliyyat vasitələri əsasən də Badamdar istiqamətinə hərəkət edərək Bakı Beynəlxalq Dairəvi yola çıxaraq rayonlara gedir. Beləliklə, bu yol daim tıxaclı olur. Başa düşülsün deyə, diqqətə çatdırım ki, Şərifzadə küçəsindən (ATV tərəfdən) gələn avtomobillərin hamısı işıqforun qırmızı işığında dayanır, bu zaman işıqfor 3 zolaqlı yolun hərəkət istiqamətini belə göstərir: sağdan 1-ci zolaqdakılar sağa (Şərifzadə küçəsinə-ATV-yə tərəf) və düzünə gedə bilər, ortadakı 2-ci zolaqdakılar düzünə gedə bilər, soldakı 3-cü zolaqdakılar isə yalnız sola getməlidir! Yol hərəkətinin tənzimlənməsi haqqında mövcud qanunvericilikdə və təcrübədə də tamamilə əsaslı olaraq göstərilir ki, əgər əsas yolun sağ və sol hissəsinə dönmə hərəkəti işıqforla nizamlanırsa, həmin yolun sol və ya sağ tərəfindəki sonuncu zolaqda həm düzünə, həm də sağ və sola hərəkətə icazə verilə bilər. Konkret halda, əgər Şərifzadədən gələrək Bakı Apellyasiya Məhkəməsi istiqamətinə (A.Sultanova küçəsinə) gedən avtomobillərin qarşısında qırmızı işıq yanıbsa, deməli, Mətbuat prospektində dayanmış avtomobillərə yaşıl işıqdır, onlar heç bir hərəkət iştirakçısına (nə piyadaya, nə də avtomobillərə) maneçilik etmədən düzünə və ya sola-sağa hərəkət etməlidir! Elə isə niyə soldakı zolaqda olanlar həm sola, həm də düzünə hərəkət edə bilməsinlər? Axı müşahidə aparılsa, məlum olar ki, bu zolaqla sola-Apellyasiya Məhkəməsi istiqamətinə tək-tük avtomobil gedir, bəzən isə bu zolaq bomboş olur. Sola məcburi dönmə nişanının hesabına bütün avtomobillər sağdakı iki zolağa dolur, bu da süni tıxaca gətirib çıxarır. Məhkəmənin diqqətinə paytaxt yollarındakı bir sıra nümunələri çatdırmışam. Budur:

1.Paytaxtın 28 may küçəsində (Dəmiryol İdarəsinin qarşısında) soldakı zolaqdan həm sola, həm də düzünə hərəkətə icazə vardır.

2.Paytaxtın 28 may küçəsi ilə Azadlıq prospektinin kəsişməsindən həm sola, həm də düzünə hərəkətə icazə verilir.

3.Paytaxtın Zərifə Əliyeva küçəsi ilə Bülbül prospektinin kəsişməsində (sağda-«Sahil» metrostansiyası istiqamətindən gələnlər üçün qırmızı işıq yanır) həm sola, həm də düzünə hərəkətə icazə vardır.

4.Z.Əliyeva küçəsi ilə Rəşid Behbudov küçəsinində (mərkəz istiqamətində) sağdakı zolaqdan R.Behbudov küşəsinə hərəkət zamanı həm sağa, həm də düzünə hərəkətə icazə vardır. Çünki solda hərəkəti qadağan edən işıqforun qırmızı işığı yanır, R.Behbudov istiqamətinə gedənlər dayanmış olur. Və s. Odur ki, məhkəmədən həmin cərimə protokolunun ləğvini, Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin rəhbərliyindən isə həmin uyğunsuz nişana düzəliş edilməsini xahiş etmişəm».

Elçin Məmmədli

 

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!