19 Avqust 2025 / 15:47

Bakı Slavyan Universitetinin rektorundan Prezidentə səmimiyyət dolu məktub

Anar Nağıyevdən, Bakı, Azərbaycan

Möhtərəm Cənab Prezident,

2023-cü ilin oktyabr ayının 15-də əzəli Azərbaycan şəhəri olan Xankəndi şəhərində etdiyiniz tarixi çıxışınız Azərbaycan tarixinin ən şanlı səhifələrindən biri olmaqla suverenliyimizin təntənəsinin rəmzi idi. Bu çıxış həm də xalqımızın qəhrəmanlıq tarixində fəxarət doğuran qalibiyyət səsi idi. Bu gün Sizin fədakarlığınız, yüksək əzminiz və böyük dəqiqliklə həyata keçirdiyiniz siyasətiniz nəticəsində Azərbaycan xalqı öz tarixinin möhtəşəm inkişaf dövrünü yaşayır, yüz illərin arzularını gerçəkləşdirir. 2020-ci ildə torpaqlarımızın düşmən tapdağından azad edilməsi Sizin rəhbərliyiniz altında dövlətimizin haqq işinin məntiqi nəticəsi, Sizin liderliyiniz ətrafında dünya azərbaycanlılarının qəsbkarlar və onların xarici havadarlarına qarşı böyük birliyi, əzmkarlığı və qələbəsi idi. Məhz, Sizin fəaliyyətiniz nəticəsində xalqımızın şanlı tarixində Müzəffər Ali Baş Komandan səhifəsi açılmış, tarixi yaddaşımız son əsrlərdə ilk dəfə olaraq qələbələr qazanan yeni Azərbaycan səhifəsi ilə təzələnməkdədir. Sizin Yeni dövrün Azərbaycanı adlandırdığınız yeni tarixi dönəm isə dahi şəxsiyyət, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu müasir Azərbaycan dövlətçiliyinin tarixi ilə başlamış, ölkəmizi Qafqaz geosiyasi səhnəsindən daha qlobal proseslərin mərkəzinədək yüksəltmişdir.

Möhtərəm cənab Prezident!

2025-ci ilin avqust ayının 8-də Sizin ideya və təklifləriniz əsasında hazırlanmış və Amerika Birləşmiş Ştatlarının Prezidentinin şahidliyi ilə imzalanmış Birgə Bəyannamə yeni dövr tariximizin növbəti, yeni səhifəsi olmaqla, hər bir Azərbaycan vətəndaşı kimi, Bakı Slavyan Universitetinin də kollektivini dərindən sevindirmiş, fərəhləndirmiş və qürurlandırmışdır. Bu hadisə Sizin böyük səbr, dəqiqlik və yüksək səriştəliliklə həyata keçirdiyiniz daxili və xarici siyasətin təntənəsi idi. Həmçinin yüzilliklər boyu Azərbaycan torpaqlarına etdikləri təcavüz və qəsbkarlıqla öz dövlətçilik tarixini formalaşdırmağa çalışanların ölkəmizə qarşı ədavətə son qoyacaqlarına məcbur edilməsi idi. İmzalanmış birgə bəyanat və saziş yalnız bu günün reallığını əks etdirmir, həm də tariximizin arxadakı qaranlıq günlərinə işıq salır, gələcək inkişafımız üçün böyük imkanlar yaradır.

Sizin Vətən müharibəsi zamanı bir sərkərdə olaraq nümayiş etdirdiyiniz qəhrəmanlıq və rəşadət, sülh yaratma prosesində tarixin unudulmaz liderlərinə xas yüksək diplomatik səriştələr də hər kəsdə böyük rəğbət və heyranlıq doğurur. Vətən müharibəsinin tariximiz və müasir dövrün innovativ və ləyaqətli müharibəsinin aparılması nümunəsinin dərslik və tədqiqatların mərkəzində yer aldığı kimi, Sizin sülh yaratma fəaliyyətiniz də qlobal səviyyədə sülh və beynəlxalq siyasətin öyrənilməsini həyata keçirən beyin mərkəzlərinin, siyasi dairələrin tədqiqatlarının vacib məsələlərindən birinə çevriləcəkdir. Sizin rəhbərliyiniz altında ləyaqətlə, beynəlxalq humanitar hüququn bütün tələblərini nəzərə alaraq aparılmış torpaqların və suverenliyin qəsbkarlardan azad edilməsi müharibəsi sülh yaratma prosesi zamanı Cənubi Qafqazı böyük geopolitik düzənin məngənəsindən xilas edərək yaratdığınız yeni geosiyasi reallıqlar istər digər dövlətlərin liderləri, istərsə də tədqiqatçılar tərəfindən öyrənilməsi vacib olan nümunələrdir.

Sizin Cənubi Qafqazda sülhün bərqərar olma ideyalarınız münaqişənin düşmənçiliyindən sülh şəraitinin birgəyaşayışı üçün qarşı tərəfə verilmiş tarixi imkan olmaqla yanaşı, Cənubi Qafqaz regionunun inkişafı və əməkdaşlığı üçün geniş bir platforma, unikal tarixi imkandır. Bu isə, regionumuzun tarixində görülməmiş bir hadisədir: nəhayət ki, Cənubi Qafqaz bütöv region olaraq inkişaf və birgəyaşayış üçün imkan əldə etmişdir; region üçün bu imkanı hər hansı bir kənar qüvvə deyil, məhz onun Azərbaycan kimi lider dövlətinin rəhbəri yarada bilərdi.

Biz bu gün fəxarət hissi ilə qeyd edirik ki, Prezident İlham Əliyevin siyasəti regionumuzda geosiyasi mənzərəni dəyişdi. Bizi bütöv və güclü dövlətin vətəndaşlarına, ölkəmizi beynəlxalq ictimaiyyətin hesablaşacağı dövlətə, Cənubi Qafqazı isə qlobal inkişafın və kommunikasiyaların mərkəzinə çevirdi!

Möhtərəm cənab Prezident!

Hər gün yeni bir zəfər tarixini yazdığınız Yeni dövrün Azərbaycanı hər bir Azərbaycan vətəndaşının və dünya azərbaycanlılarının qürur yeri, dahi şəxsiyyət Ulu Öndər Heydər Əliyevin ideyalarının davamçıları kimi hər birimizin fəxr etdiyimiz Azərbaycandır. Sizin rəhbərliyiniz dövlətimizi bütöv və suveren etməklə yanaşı, böyük geosiyasi səhnənin aparıcı dövlətlərindən birinə, güclü və qüdrətli ölkəyə çevirmişdir. Həyata keçirdiyiniz bu tarixi missiyada Sizə möhkəm cansağlığı və davamlı nailiyyətlər arzulayır, Bakı Slavyan Universitetinin professor-müəllim heyəti və tələbələri adından Sizə olan sevgi və inamımızı bir daha bildiririk.

Hörmətlə,

Nağıyev Anar,

Bakı Slavyan Universitetinin rektoru

Azərbaycan Respublikası, Bakı şəhəri 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!