21 Oktyabr 2025 / 10:38

Avropa İttifaqı Gürcüstana aid vizasız rejimi ləğv edir, narazılıq artır…

Ötən gün Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas Gürcüstanda qanunun aliliyi və insan hüquqları ilə bağlı vəziyyətin pisləşməyə davam etdiyini bildirib. Tezadlar.az Gürcüstan mediasına istinadla xəbər verir ki, Kallas bu barədə Lüksemburqda keçirilən Avropa İttifaqı Xarici İşlər Şurasının iclasından sonra baş tutan mətbuat konfransında danışıb. Onun sözlərinə görə, nazirlər bu məsələdə öz mövqelərini açıq şəkildə ortaya qoyublar: “Nazirlər qanunun aliliyi və insan hüquqlarının vəziyyəti ilə bağlı açıq və qəti mövqe nümayiş etdirdilər. Gürcüstanda bu sahədə vəziyyət pisləşməyə davam edir”, – deyə o qeyd edib. Kallas həmçinin Aİ-nin Gürcüstandakı səfirlərinə qarşı edilən şəxsi hücumları sərt şəkildə pisləyib: “Avropalı səfirlərə qarşı şəxsi hücumlar qəbuledilməzdir və diplomatiyada belə hallara yer yoxdur”, – deyə o vurğulayıb. Avropa Komissiyasının bu ilin sonunadək vizasız rejimin dayandırılması mexanizmi ilə bağlı hesabat təqdim edəcəyi də açıqlanıb. Kallas bildirib ki, noyabrda qüvvəyə minəcək yeni viza qaydaları müəyyən qruplar üçün vizasız rejimin ləğvinə imkan verəcək. Kaya Kallas əlavə edib ki, bu gün o, Qara dəniz regionu və Mərkəzi Asiya ölkələrinin xarici işlər nazirləri ilə görüşəcək. Sitat: “Rusiyanın hibrid hücumları hər birimizi narahat edir. Qara dənizdə təhlükəsizliyin artırılması üçün kollektiv səylərə ehtiyac var”.

Gürcüstanın hakimiyyəti isə Aİ rəsmisinin bu hədələrini mənasız adlandırıb və ölkənin bu yolla siyasi qalmaqallara cəlb edilməsinə imkan verilməyəcəyini açıqlayıb. Sitat: “Bizi belə hədələrlə qorxutmaq əbəsdir!”,- deyə Gürcüstan Xarici işlər naziri Maka Boçorişvili bildirib.

A.Məmmədli

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!