Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Avropa Parlamentinin üzvləri oktyabrın 22-də qəbul etdikləri qətnamədə Avropa Komissiyasını Serbiyada etiraz aksiyalarının “dağıdılmasına” görə məsuliyyət daşıyanlara qarşı sanksiyalar hazırlamağa çağırıblar.
Tezadlar.az xəbər verir ki, bu barədə RİA Novosti sənədin mətninə istinadən məlumat yayıb.
Orada bildirilir ki, sanksiyalar “Aİ-nin qlobal insan haqları sanksiyaları rejimi çərçivəsində Serbiyada qanun və insan haqlarının ciddi şəkildə pozulmasına görə məsuliyyət daşıyan şəxsləri” hədəf almalıdır. Avropa Parlamenti həmçinin Avropa dövlətlərini Serbiyanın “demokratik geri çəkilməsinə” vahid reaksiya verməyə çağırıb.
“AP demokratiyanın vəziyyətini, davam edən nümayişləri, nümayişçilərə hücumları, tələbələrə, alimlərə, müəllimlərə və dövlət sektoru işçilərinə qarşı repressiyaları yerində qiymətləndirmək üçün Avropa Parlamentinin iştirakı ilə Aİ-nin xüsusi faktaraşdırıcı missiyasının Serbiyaya sürətlə göndərilməsini dəstəkləyir”, – qətnamədə deyilir.
Bundan əlavə, Avropa Parlamenti Aİ-nin yüksək vəzifəli məmurlarını Serbiyadakı islahatlar prosesini “tərifləyən” bəyanatlar verməkdən çəkinməyə çağırıb, ölkə hakimiyyətini korrupsiyada ittiham edib.
Xatırladaq ki, Serbiyada etirazlar 2024-cü il noyabrın 1-də Novi Sad qatar stansiyasında tavanın uçmasından sonra başlayıb və 16 nəfər həlak olub. Serbiyanın şəhərlərində gərginlik bu il avqustun ortalarında nümayişçilərin polislə toqquşması və yolların bağlanması ilə daha da artıb.
E.ŞİRİNOV