28 Oktyabr 2025 / 07:12

AB Litvaya gələn hava şarları ilə bağlı Belarusa təzyiqi artıracağına söz verib

Avropa Şurasının prezidenti Antonio Kosta və Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen Litvaya gələn qaçaqmal hava şarları səbəbindən “dron divarı”nın tikintisini sürətləndirəcəklərinə söz veriblər.

Tezadlar.az bildirir ki, onlar bu barədə sosial media səhifələrində açıqlama veriblər.

“Avropa qaçaqmalçıların heliumla doldurulmuş şarlarının davamlı müdaxiləsi qarşısında Litva ilə tam həmrəydir. Bu, sabitliyi pozur. Bu, təxribatdır. Avropa Komissiyası bunu öz adı ilə adlandıracaq: hibrid təhdid. Avropa Komissiyası buna dözməyəcək”, – fon der Leyen yazıb.

Kosta açıqlamasında qeyd edib ki, Avropa Birliyi Belarusa təzyiqi artırmağa davam edəcək.

22 oktyabrda Litva siqaret qaçaqmalçılığı üçün istifadə edilən hava şarlarının Litva hava məkanını pozması ilə bağlı hadisələrdən sonra Belarusa rəsmi etiraz notası göndərib. Litva Xarici İşlər Nazirliyi Belarusun bu hərəkətlərinin beynəlxalq hüququn kobud şəkildə pozulması olduğunu vurğulayıb.

27 oktyabrda Litva hakimiyyəti Belarusla sərhəddəki keçid məntəqələrini bağlayıb. Məhdudiyyətlər qeyri-müəyyən müddətə tətbiq edilib.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!