30 Oktyabr 2025 / 13:37

Luvr muzeyindən milyonlarla avro dəyəri olan zərgərlik əşyalarını oğurlamaqda şübhəli bilinənlər saxlanılıb

Fransa polisi çərşənbə günü Luvr soyğunçuluğu ilə bağlı beş yeni şübhəlini həbs edib.

Tezadlar.az xəbər verir ki,  bu barədə RTL radiosu hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən məlumat verib.

Onların hamısı çərşənbə axşamı “Paris bölgəsi”nin müxtəlif yerlərində saxlanılıb.

Lakin yayılan məlumatlar müxtəlifdir: LCI televiziyası dörd yeni şübhəlinin həbs olunduğunu, BFMTV isə yalnız bir yeni şübhəlinin olduğunu bildirib.

Həmin şübhəlilərin soyğundakı mümkün rolu və muzey soyğunçuluğunda birbaşa iştirakda ittiham olunan iki şübhəli ilə əlaqəsinin olması isə dəqiqləşdirilməyib.

Hələlik polis və ya prokurorluq tərəfindən rəsmi təsdiq yoxdur.

Xatırladaq ki, oktyabrın 19-da dörd cinayətkar  forkliftlə Luvr muzeyinə  daxil olublar.  Apollo Qalereyasındakı vitrinlərə girdikdən sonra ümumilikdə doqquz zərgərlik əşyasını oğurlayıblar.

Onlardan biri – 1354 brilyantla bəzədilmiş İmperatriça Yevgeniyanın (III Napoleonun həyat yoldaşı) tacı isə qaçış zamanı yerə düşüb.

İstintaq soyğunçuluğun peşəkarlar tərəfindən həyata keçirildiyi versiyasını düşünür.

Paris prokuroru Lor Bekonun sözlərinə görə, oğurlanmış zinət əşyalarının dəyəri 88 milyon avro olaraq qiymətləndirilir.

Oktyabrın 25-də iki şübhəli saxlanılıb. Onlardan biri Əlcəzairə uçmağa cəhd edib.

Bekonun sözlərinə görə, dindirilmə zamanı onlar soyğunçuluqda iştirak etdiklərini “qismən etiraf ediblər”.

Oktyabrın 29-da onlar cinayətkar qrupun tərkibində soyğunçuluq və cinayətkar qrupda iştirak ittihamı ilə həbs ediliblər.

Prokuror bildirib ki, muzeydə soyğunçuluq edən dörd nəfəri müşahidə kameraları qeydə alıb, lakin daha çox iştirakçının ola biləcəyi ehtimalını da istisna etməyib.

Bunu insə istintaqın sonunda öyrənəcəyik.

 

JASMİN

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!