Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Polşa Avropa Birliyinin “dron divarı” təşəbbüsünü gözləmədən bir neçə ay ərzində milli dron əleyhinə sistemin tikintisinə başlamağı planlaşdırır.
Tezadlar.az xəbər verir ki, “Bloomberg”in məlumatına görə, bu barədə müdafiə nazirinin müavini Sezari Tomçik bildirib.
Onun sözlərinə görə, bu ay nazirlik daha geniş hava müdafiəsi proqramının bir hissəsi olaraq düşmən dronlarını aşkarlamaq, maneə törətmək və zərərsizləşdirmək üçün texnologiyalara investisiyalar elan edib. O, investisiya məbləğini açıqlamayıb, lakin məqsədin Polşa şirkətləri üçün müqavilələrin ən azı yarısını təmin etmək olduğunu vurğulayıb.
Sentyabr ayında NATO Rusiyanın Ukraynaya kütləvi hücumu zamanı Polşa sərhədini keçən təxminən 20 pilotsuz uçuş aparatını (PUA) vurmaq üçün qırıcı təyyarələr yerləşdirib. Bu hadisə ölkənin müdafiəsindəki boşluqları üzə çıxartdı, çünki ucuz dronlara qarşı bahalı raketlərdən istifadə etmək məcburiyyətində qaldı.
“Biz Avropa Birliyinin bütün ərazisi üzərində hava məkanının müdafiəsinin gücləndirilməsi ideyasını dəstəkləyirik və xarici təklifləri və ya həll yollarını nəzərdən keçirməyə hazırıq. Bununla belə, milli layihələrə üstünlük veririk”, – deyə Tomçik vurğulayıb.
O əlavə edib ki, Aİ-nin dron əleyhinə müdafiə sistemi gələcəkdə Polşa mexanizmini “tamamlaya” bilər.
“Əgər hər hansı xarici alətlər mövcuddursa, biz onlardan tam istifadə edəcəyik”, – deyə Polşa müdafiə nazirinin müavini əmin edib.
Onun sözlərinə görə, nazirlik ölkənin dronlara qarşı müdafiəsini maliyyələşdirmək üçün Aİ-nin yeni müdafiə krediti proqramı olan SAFE-dən istifadə etmək niyyətindədir.
“Rusiya, Belarus və Ukrayna ilə sərhədlərini nəzərə alaraq, Polşa SAFE proqramı çərçivəsində ən böyük ilkin maliyyələşdirməni alıb və bu, ona 43,7 milyard avro (50,8 milyard dollar) almağa imkan verib”, – deyə “Bloomberg” aydınlıq gətirib.
Polşa hökuməti həmçinin ilk yeni imkanların elandan sonrakı üç ay ərzində istifadəyə verilməsini və bütün dron əleyhinə sistemin iki il ərzində tamamlanmasını istəyir.
“Dron əleyhinə silahlar hərtərəfli olmalıdır. Onlar eyni vaxtda işləyən müxtəlif sensorlar və aktuatorlardan ibarət olmalıdır, əvvəlcə obyektləri aşkarlayır və müəyyən edir, sonra isə onları zərərsizləşdirir”, – deyə Tomçik əlavə edib.
O, yeni PUA-lara qarşı təşəbbüslərin artıq yerləşdirilən orta mənzilli sistemlərlə yanaşı, ölkənin hava hücumundan müdafiə sisteminin “başqa bir təbəqəsini” təşkil edəcəyini vurğulayıb. Bu elementlər təyyarələr, helikopterlər, dronlar və kruiz raketləri də daxil olmaqla geniş hava təhdidlərindən qorunmaq üçün nəzərdə tutulub.
İyul ayında ölkənin Müdafiə Nazirliyi bu il döyüş və təlim dronlarının alınmasına 54,2 milyon dollar xərcləyəcəyini açıqlayıb. Bundan əlavə, Polşa silah tədarükü prosedurlarını sürətləndirib.
“Rusların və ukraynalıların hazırda pilotsuz silah sistemlərindən istifadə etməsi göstərir ki, bu sahədə imkanlarımızı gücləndirmək bütün fəaliyyət sahələrində – havada, quruda və dənizdə prioritet olmalıdır”, – deyə Tomçik yekunlaşdırıb.
E.ŞİRİNOV