…Gəlin məsələyə bir qədər də bu rakursdan baxaq. 2019-cu ildən bəri nə baş verdi? Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mədəniyyət xadimləri ilə görüşdən dərhal sonra ‘’Milli Kino Konsepsiyası’’nın yaradılması haqqında sərəncam imzaladı. Həmin sərəncamın icrası yubandı, yəni işlər görüldü, amma Azərbaycan Respublikası Kino Agentliyinin yaranması ilə iş bitmirdi. Konsepsiya böyük və dərin prosesdir. Nəzərə almaq lazımdır ki, COVID-19 kimi bəşəri bəlanı adladıq, və Vətən Müharibəsi kimi qürur səhifəmizi yazdıq. Təbii ki, prioritetlər dəyişdi. İndi gəlin baxaq cari vəziyyətə. Dövlətimizin kinoya dəstək mezanizmləri arasında fərq ondan ibarətdir ki, əvvəllər vəsait dövlət studiyalarına ayrılırdı və bu proses asan rəvan gedirdi. İndi sistem dəyişib, özəl şirkətlərin iştirakının genişlənməsi, dövlət studiyalarının isə faktiki olaraq müsabiqələrdən kənarda qalması prosesini görürük. Yəni dövlət studiyaları inhisarı aradan qalxır. Amma problemin mahiyyəti daha da dərindədir. Azərbaycanda Kinematoqrafiya haqqında qanun 1998-ci ildə qəbul edilib və hüquqi əsası yalnız adında qalıb. Faktiki olaraq qanun yeni sistemlə uyğunsuzluq təşkil edir. Üstəlik özəl şirkətlərin prosesdə iştirakı Dövlət Satınalmaları haqqında qanunla tənzimlənir. Belə bir təəssürat yaranır – faktiki olaraq kinoya dövlət dəstəyinin göstərilməsi Dövlət Satınalmaları haqqında qanunla tənzimlənir? Belə çıxır. Çünki alternativ yoxdur. Ona görə də ilk növbədə qanunverici baza yenilənməlidir, orada Dövlət satınalmaları haqqında spesifik maddə olmalıdır. Kino işlək orqanizmdir, o gözləmir, gözləyəndə isə il sona çatır və məlum olur ki, qənaət yaranıb. Müsabiqələrin sayı artırılmalıdır!Bu öz yerində.
Üstəlik bir fakt nəzərə alınmalıdır. Film kondisioner deyil ki, dövlət qurumu sifariş etdi, quraşdırıldı və bununla da iş bitdi. Hətta dünya kinosunun paytaxtı hesab edilən Hollivudda belə bir layihələr davamedici olur – filmin çəkilişi illərlə davam edir. Tom Kruzun sonuncu çəkildiyi ‘’İcraedilməz missiya 4’’ filmi COVID-19-la əlaqədar təxirə salındı və bir ildən sonra çəkilişlər bərpa olundu. Düzdür, bu istisnadır, amma kino istisnaları sevir. Bu nəzərə alınmalıdır. Vergi güzəştləri yaranmalıdır. Kino qeyri-neft sektorudur və gəlirli sahə ola bilər.
“Bürokratik əngəllər aradan qalxmalıdır…”
Düzdür deyə bilərsiniz ki, Azərbaycan kinematoqrafiya ölkəsi deyil, mən də elə deyirəm. Amma Avropada əhali sayı bizdən də az olan ölkələr var. Orada da dövlət fondlar vasitəsilə öz dəstəyini göstərir. Yeri gəlmişkən Kaliforniya hokuməti film layihələrinə hər ilin yanvarında qrant ayırır və ilin sonuna qədər layihələri qurumlardan tələb edir. Yəni ilin dörd fəsli nəzərə alınmaq şərtilə. Odur ki, məsələlər kökündən həll olunmalıdır. Hökumət icraçı orqandır, hər şey ali qanunverici orqan olan Milli Məclisdən gəlməlidir.
Bürokratik əngəllər aradan qalxmalıdır. Bu Prosesi ləngidən sənədlərin üzərində xətt çəkilməlidir. Dövlət satınalmaları, Vergi, Xəzinədarlıq. Bütün bunlar yalnız qanunun qəbul edilməsindən sonra baş verə bilər. Yeni qanunun, düzəlişlərlə yox, çünki kino işlək mexanizmdir, canlı orqanizmdir, düzəliş, yaxud əlavə və dəyişiklik paltatara yamaq vurmaq kimidir. Yeni qanun layihəsi unikal olmaldır. Normativ-hüquqi aktlar bazası yenilənməlidir (istisnalar oldu təbii) Təklif edirəm ki, qanun layihəsi qəbul olunanadək, prosesə dəstək məqsədilə məhz sözügedən dövlət qurumlarının iştirakı ilə forum keçirilsin. 2023-cü ildə forum keçirildi və ən azından ilkin mərhələ olaraq mənzərə aydın oldu. İndi isə, forumda mütləq şəkildə sadaladığım dövlət qurumlarının nümayəndələri prodüserləri dinləməlidir. Aktiv kino ictimaiyyəti ilə birgə. (Açıq deyim ki, qanunla bağlı prosesin hansı mərhələdə olduğunu bilirəm, amma fakt odur ki, o yoxdur)
Bir sözlə, Azərbaycan kinosu yaşlı olsa da, o həmişə cavandır və YAŞINA GÖRƏ TƏQAÜDƏ çıxa bilməz.
Kamran Qasımov,
Azərbaycan Kinematoqrafçılar İttifaqı İdarə heyətinin üzvü
P.S. Gələcəkdə Açıq Səhmdar Cəmiyyət modeli də (dövlətlə özəl sektorun nisbəti – 51/49) nəzərdən keçirilsə pis ola bilməz.