(“Qısa qeydlər” silsiləsindən)
Deyirlər bir gün cəbhə bölgəsindən bir zabit qasid gəlir və İmperator Napoleona məktub gətirir. Napoleon məktubu açır, oxuyur və qanı qaralır. Məktubda yazılır ki, generallardan biri ona xəyanət edib, dövlət sirrini düşmənə verib. İmperator deyir qasidi saxlayın, son 5 ilin hərbi sənədlərini də hazırlayın. Sonra qapıları bağlayır və bir neçə saat bu sənədləri araşdırır. Sonda general-adyutantı çağırır və qasid zabiti güllələməyi əmr edir.
Adyutant cəsarət edir, bu qədər sərt cəzanın səbəbini bilmək istəyir. İmperator deyir bütün sənədləri araşdırdım, mən bu generala bir dəfə də yaxşılıq etməmişəm, nəyə nail olubsa, özü nail olub. O, mənə xəyanət edə bilməz, adama ancaq yaxşılıq etdiyi adamlar xəyanət edir. Deməli, xəyanəti edənlər məktubu ünvanlayanlardır, mənim yaxşılıq etdiyim adamlardır… Sonrakı araşdırmalar da göstərir ki, Napoleon tamamilə haqlıdır…
Bəli, təəssüflə də olsa təkrar etmək lazımdır ki, adama ancaq yaxşılıq etdiyi adamlar xəyanət edir. Niyə belə olur, axı adi, səlis məntiqlə yaxşılıq etdiyin adamlar sənə minnətdar olmalıdır, bu yaxşılığı unutmamalıdır. Amma mərhum Lütfi Zadənin də qeyd etdiyi kimi, dünya səlis məntiqlə yox, qeyri-səlis məntiqlə idarə olunur. Əvvəla, yaxşılığı yalnız güclü adamlar qiymətləndirə bilir, zəiflər isə, bunu özü üçün potensial təhlükə hesab edir. Yəni fikirləşir ki, bu adam bu boyda yaxşılıq edə bilirsə, deməli, bundan böyük pislik də edə bilər. İnsanların 90 faizi isə zəif adamlardan ibarətdir.
Sonra, hər hansı böyük, ya kiçik kömək adamda bir borc hissi yaradır, bu hiss də müxtəlif adamlara müxtəlif cür təsir edir. Güclü adamlar bunu alicənablıq kimi qəbul edir, ən azı özü də alicənabl olmaq istəyir. Zəif adamlarda isə yaxşılıq bir asılılıq yaradır və onlar nəyin bahasına olursa-olsun, bu asılılıqdan qurtarmaq istəyirlər. Bunun da ən qısa yolu yaxşılıq edəni aradan götürməkdir. Və axırıncısı: güclü adamlar istedadla, öz üzərlərində işləməklə ucalırlar, zəiflər isə, başqalarını alçaltmaqla uca görünmək istəyirlər. Bu sırada da onlara yaxşılıq edənlər birinci gəlir, çünki öz gözlərində daha uca görünürlər…