Almaniyada yaşayan azərbaycanlı qadın Sevilin söhbətini dinlədim, o qədər marağıma səbəb oldu ki, sizinlə də bölüşmək istəyirəm. Həqiqətən də bizim düşüncə tərzimizlə almanların düşüncə tərzi arasında kilometrlərlə məsafə var.
Bu qadın (ərindən ayrılıb, evlənib ailə qurmuş övladları var) fitnes idman salonunda işləyərkən alman cütlüklə tanış olur. Qadınla unsiyyət yaranır, kişi isə əcnəbiləri sevmədiyindən ona nəzər də yetirmir. Tale elə gətirir ki, alman qadın dünyasını dəyişir, əcnəbiləri sevməyən alman kişi ilə bu azərbaycanlı qadın Sevil arasında sevgi yaranır.
Onlar artıq 10 ildən çoxdur ki, evlidirlər. Amma Sevil bu yaxınlarda açıqladı ki, bu, vətəndaş nikahıdır. Hans lap əvvəlcədən ona deyib ki, onlar rəsmi şəkildə evlənməyəcəklər. Aralarında belə bir dialoq olub:
– Sevil, biz bir evdə yaşayacağıq, amma heç vaxt evlənməyəcəyik. Çünki mənim malik olduqlarımın hamısı övladlarıma qalmalıdır.
– Axı mən səninlə evli olmadan bir evdə qala bilmərəm…
– Axı sən niyə mənə ərə gəlmək istəyirsən?! Bəlkə vətəndaşlıq almaq üçün? Asan yolla vətəndaşlıq almaq doğru deyil. Sən çalışmalısan, vergi ödəməlisən, ondan sonra vətəndaşlıq haqqı qazanmalısan.
– Hans, ona görə demirəm, axı biz bir birimizi sevirik.
– Nə olsun ki, sevirik. Onsuz da bir yerdə yaşayacağıq, evlilər kimi. Ev mənimdir, amma sən sadəcə ev pulunun 30 faizini verəcəksən. Umumilikdə bütün xərclərimizi yarı yarıya ödəyəcəyik. Əgər istirahətə getsək, yenə eyni qayda olacaq.
– Axı ..
– Biz rəhmətlik yoldaşımla da belə edirdik.
– Bəs…
– Sən sadəcə öz tərəfini yığışdıracaqsan. Mənə aid hissələri isə təmizlikçi qadın yığışdıracaq.
– Axı Hans, qocalanda mən sənə baxmaq, qayğı göstərmək istəyirəm…
– Qocalanda qayğı göstərmək? Qocalanda mənə qayğı lazım deyil. Mənim sığortam var. Qocalanda lüks qocalar evinə gedəcəyəm. Orda yüksək səviyyəli qayğı göstərilir.
– Hans, axı…
– Hə, bir də paltaryuyandan istifadə etdikdə nə qədər istifadə etdiyini göstərən çeki mənə göndərməyi unutma.
…
Günel NATİQ