Azər Həsrət bəzi QHT-lərin “öncüllüyündən” yazdı:”Azərbaycana qazandırdıqlarımızı bunlar beləcə havaya sovurdular!”

Oxunma sayı: 385

“Yenə də kimlərsə dostlarını, tanışlarını, yerlilərini, sevgililərini  belə siyahılarda ön yerdə göstərib dövləti aldadır və sonra da ilk yerdə qərar tutanlar deputat, məmur olur, dövlət işində irəli çəkilir! “

 

***

2018-ci ildən sonra QHT sektorunda, demək olar ki, yoxam. Həmin ildə təsisçisi və sədri olduğum Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsindən (CASCFEN) istefa vermişdim. Lakin qurumun təsisçisi olaraq qalırdım. Bir az bürokratiya məsələsi idi. Sonra da pandemiya dövrü oldu, yenə də gözlədik. İndi isə bəyan edirəm ki, o məsələni də kökündən həll etdik. Yəni rəsmən təsisçilikdən çıxdım, Ədliyyə Nazirliyi də bunu qeydə aldı. Bu isə o deməkdir ki, hər hansı QHT-nin rəhbəri -təsisçisi deyiləm.

Tezadlar.az  xəbər verir ki, bunu Mətbuat Şurasının İdarə Heyətinin üzvü, Əməkdar jurnalist Azər Həsrət sosial media hesabında bildirib.

“Baxmayaraq ki, 2018-ci ildən bu günə kimi qurumun təsisçisi olaraq qalırdım, onun heç bir işinə qarışmadım, hazırkı sədr Nadir Azəri, hətta bunu xahiş edəndə də nəzakətlə geri çevirdim. Ki, müstəqil fəaliyyət göstərə bilsin. Bəzi dostlar təəccüblə soruşur ki, niyə bu sektordan uzaqlaşdım? Səbəbsiz deyildi. Şəxsən mən QHT sədri olaraq işimə vicdanla yanaşırdım, icra edilən layihələri artıqlamasıyla yerinə yetirir, hətta beynəlxalq səviyyədə də tanıdaraq Azərbaycana kiçik də olsa xidmət edirdim. Hər il layihələrin icrasından sonra reytinq tərtib edilirdi. Bunu ovaxtkı QHT Şurası edirdi. İş o yerə gəlib çatdı ki, sonda nöqtə-vergülünə qədər və artıqlaması ilə icra etdiyim layihə effektivliyinə görə 77-ci yerlə “mükafatlandırıldı”. Buna da əsəbləşmədim. Düşündüm ki, yəqin bizdən öndə olan 76 QHT daha yaxşı işləyib. Amma sonradan siyahıya baxanda gözüm kəlləmə çıxdı! Bəlli oldu ki, birinci yerdə qərar tutan QHT-nin nə özü, nə də rəhbəri haqqında Google-da hər hansı məlumat var! Həqiqətən də dəhşət idi! Yəni ilk yerdə qərar tutan təşkilatı və onun rəhbərini internetdə tapmaq belə olmurdu! Bəs onda onlar o layihəni necə və harada icra etmişdilər? Bu suala təbii ki, kimsə cavab vermədi, verəcək də deyildi! Onda bir daha anladım ki, yenə də kimlərsə dostlarını, tanışlarını, yerlilərini… belə siyahılarda ön yerdə göstərib dövləti aldadır və sonra da ilk yerdə qərar tutanlar deputat, məmur olur, dövlət işində irəli çəkilir! Bizdən isə bu prosesdə istifadə edilir! Yəni baxın, bu adamlar, hətta Azər Həsrət kimi təcrübəli peşəkardan 77 dəfə daha yaxşı nəticə ilə öndə imişlər! Bunu özümə qarşı ədalətsizlik və təhqir sandığım üçün 2017-ci ildən sonra QHT adına heç bir qrant üçün müraciət etmədim, ümumiyyətlə sektordan uzaqlaşdım! (Sonrakı illərdə səfərlərim olub, bunlar istisnadır.) Bizim parlamentə yolumuz da belə hallar üzündən kəsildi sonda! Bəli, arxa plana itələndik, hətta efir TV-ləri də illərdir üzümə qapalıdır! Bəzi istisnalar var, sağ olsunlar. Amma ölkənin ən əsas kanalları qəti olaraq üzümə qapanıb! Halbuki o kanallar illər öncə mənim efirə çıxmağım üçün az qala arxamca düşürdülər, bəzən də bir-biriləri ilə çəkişirdilər ki, Azər Həsrət bizim efirə çıxsın! Bu da səbəbsiz deyil! Efiri üzümə qapatmaqla Prezident İlham Əliyevin bizi unutmasını təmin edirdilər və bunu bacardılar da! 5 ildən çoxdur ki, ölkə başçısının iştirak etdiyi heç bir tədbirə buraxılmıram! Halbuki Prezidentin özü belə məsələlərlə məşğul olsaydı mütləq mən də siyahılarda olardım! Amma təbii ki, ölkə başçısı olaraq o, bu işləri müvafiq vəzifəli şəxslərə tapşırır, onlar da onu belə aldadır! Ona görə də yavaş-yavaş hər yerdən və hər şeydən uzaqlaşmağa başlamışam. Halbuki mən təcrübə və potensialımla dövlətimə daha çox xidmət edə bilərdim! Lakin nə edim ki, əlində səlahiyyət olan şəxslər hansısa bir imkan yarananda ora (hətta Milli Məclisə!) öz tələbə yoldaşlarını, qohumlarını, sevgililərini, dostlarını, yerlilərini dürtüşdürürlər! Ki, onların da başı bizim ayağımızın bildiyini belə bilmir, dövləti batırırlar!!!
QHT sektorunda olduğum dövrdə Azərbaycan adını dünyanın ən önəmli beynəlxalq qurumlarına daşıdım, üzv etdim, səlahiyyət sahibinə çevirdim! Lakin mən uzaqlaşandan sonra bütün o tribunalar əldən getdi! Çünki mənim yerimə irəli çəkilən dost-aşna, sevgililər o işləri bacarmadı, bacara da bilməzdi! Biz bir zamanlar öz gücümüzə Azərbaycana qazandırdıqlarımızı bunlar beləcə havaya sovurdular! İndi də bizdən boşalmış o önəmli beynəlxalq tribunaları əleyhdarlarımız, hətta düşmənlərimiz doldurub! Kimin üzündən? Bu sualın cavabını hər kəsin öhdəsinə buraxıram..

Sonda: Media sahəsində də durumum fərqli deyil. Allah Vüqar Səfərlinin qapısını açsın. Hərçənd o da səlahiyyət sahibi olanda bacardıqca məni qapı arxasında qoyurdu…”, -deyə Azər Həsrət qeyd edib.

 

JASMİN

Xəbəri paylaş

24 May