Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

– Mən həmişə buralardayam. Kinostudiyada. Nə vaxt istəsən, gəl, zəng vur, – onunla belə razılaşmışdıq. Birinci dəfədir ki, müsahibə üçün, az qala, gün və saat təyin etmədən yola çıxırıq.
İstidir. Günorta saatları. Fotoqrafımızla həmin istini, sözün bütün neqativ mənalarında, hiss edə-edə kinostudiya tərəfə qalxırıq. Telefonumu çıxarıb müsahibimə zəng vururam. Elə bu dəm, nəhayət, yol məşəqqətimiz bitir və özümüzü kinostudiyanın giriş qapısının düz yanındakı kafenin kölgəliyinə veririk.
– Mən sizi görürəm, keçin içəri, yaxşı çayımız var… – telefonun o biri ucundan səs eşidilir. Uzaqdan, lap uzaqdan isə bir nəfərin bizə əl yellədiyini görürəm. Tezadlar.azejissor, aktyor Namiq Ağayevin report.az-a müsahibəni təqdim edir:
– 64 yaşınız var. Düzü, bu yaşı sizə vermək olmur, – müsahibimlə görüşüb yerimizi rahatlayırıq.
– Optimist adamam, hər şeyə optimist yanaşıram, ola bilsin, ona görədir.
– Hazırda hansı layihə üzərində işləyirsiniz?
– “Kinostudiya sakinləri”. Bu, uzun illərdən sonra “Azərbaycanfilm”in ilk layihəsidir. İndi onun montaj mərhələsidir. Bədii-sənədli formada olan bir filmdir.
– Mövzusu barədə bir az geniş danışsaq…
– Danışaq da. Bilirsən, biz 40 ildən çoxdur, demək olar, burada yaşayırıq, – əllərini yana açıb kinostudiyanın ərazisini göstərir, – elə bil buranın sakinləriyik. Bu adamların hər birinin kinostudiyada öz otağı, məkanı, yeri-yurdu, bir sözlə, öz hekayəsi və tarixi var. Aktyor dostum Mahir Dərvişin həmişə əlində çəkic olardı, dekorator idi axı… Uzun illər “Azərbaycanfilm”də ölü dövr oldu, film çəkilişləri, demək olar ki, dayandı. Mahirdə də, bir növ, bu situasiya ilə bağlı ideya yarandı. Həmin çəkici götürür, düşür kinostudiyanın canına ki, bəs mən film çəkirəm. Hamı soruşur, nə haqqında: deyir, özümüz haqqında. Hamı da bu səsə səs verir, təmənnasız razılaşır. İş böyüyür, böyüyür, nəticə reallaşır.

– Haradasa bir il. Keçən ilin yay aylarında başlamışdıq. Filmin post-prodakşn mərhələsinə Kino Agentliyi dəstək göstərir. Bilirsən, kinostudiya payız-qış aylarında çox soyuq olur, Mahirlə ikimiz elə eyni vaxtda xəstəxanaya düşdük, bir müddət orada yatdıq. Qəribədir, eyni vaxtda xəstəxanaya düşdük, elə eyni vaxtda da çıxdıq. İndi filmlə bağlı bircə son çəkiliş səhnəsi qalıb: Mahir bütün kino adamlarını toplayır, orada yaxşı bir çıxış edir…
– Premyeranı nə vaxta düşünürsünüz?
– Əslində, kino günü üçün nəzərdə tutmuşduq, amma alınmadı.
– Niyə?
– Kino Agentliyinin “deadline”ı ilə istehsalatın “deadline” məsələsi düz gəlmir. Tutaq ki, sən çəkilişə yayda başlayırsan, maliyyə isə qışda ayrılır, qışda başlayırsan, yayda ayrılır. Bu da çox ciddi axsamaya səbəb olur. Deyək ki, mən rejissoram, film xətrinə lap belə ac qala bilərəm, amma, məsələn, çəkiliş zamanı hansısa bir material lazımdırsa, onu necə alaq, necə əldə edək? Axı bunun üçün maliyyə mütləqdir.
– Bəs sistemdə bu boşluq niyə var?
– Mən rejissor olaraq bu şərtlər altında Azərbaycan kinosu üçün lazım olandan daha çox enerji xərcləyirəm, istəyim odur ki, kino sistemindəki hamı belə olsun, yəni hamı lazım olandan daha çox enerji xərcləməlidir. Vəssalam.
– Yəni dolayı yolla buna bir az da fərdi təşəbbüs demək olar.
– Bəli, məsələ də elə budur. Fərdi təşəbbüs göstərilməlidir. Bizdə, ümumiyyətlə, fərdi təşəbbüs göstərməmək sindromu var. Heç kəs lazım olandan artıq təşəbbüs göstərmək istəmir.
– Bu yaxınlarda feysbukda qonorarla bağlı gileyli bir statusunuzu da görmüşdüm.
– O başqa məsələ idi. Filmlərdən birində günlük rol oynamışdım, üç ay keçdi, qonorarım ödənilmədi. Məlum oldu ki, ödəmə film təhvil veriləndən sonra olmalıdır. Bu da o nəticəyə gəlir ki, Kino Agentliyinin film çəkməyi nisyə film çəkmək kimi bir şeydir. Yəni proses belə olmalı deyil, əslində.

– Mən belə başa düşürəm ki, Kino Agentliyinin bu sisteminin mənası odur ki, onlar istəyir, proses başlasın, başladığını görsünlər, sonra maliyyə köçürülsün.
– Bilmirəm, istənilən halda, bu, qeyri-operativlik yaradır və prosesi axsadır. “Kinostudiya sakinləri” filmi üçün “Azərbaycanfilm” kinostudiyasının bayrağı lazımdır. Onun da xərci haradasa 300 manat edir. Yaxşı bəs necə olsun? 300 manatı mən öz cibimdən verə bilmirəm axı. Lap mən bir yana, heç kəs bunu eləmir. Eləməməlidir. Biz də məcbur oturub gözləyirik ki, pul nə vaxt köçəcək. Mahir Dərviş ayağından əməliyyat olunmalıdır, sırf bu çəkiliş üçün əməliyyatı təxirə salmışıq. Yəni istehsalçının, yaradıcı heyətin fərd olaraq vəziyyəti nəzərə alınmır. Bizdə bu şey heç vaxt olmayıb. Ən adi misal, rejissor futbolçu kimi formada qalmalıdır, davamlı işləməlidir. Hüseyn Seyidzadəyə “Dəli Kür” kimi şedevrdən düz 9 il sonra başqa film verdilər. Yəni kiminsə fərd olaraq psixoloji durumu, motivasiyası düşünülməyib. Bayaq dedim, “Azərbaycanfilm”in bayrağını mən düz 3 aydır, gözləyirəm. Motivasiyadan düşürəm axı. İstəməsəm belə, düşürəm. Mən başqa bir layihə üzərində işləyirəm, nəticə etibarilə yayın bu istisində qalmışam aralıqda. Ora qaç, bura qaç, hazır bu biri layihəni başa vursam, arxayın digəri ilə məşğul olardım. Bütün bunları şikayət kimi demirəm, sadəcə, aşağı-yuxarı hamımız dostuq, tanışıq, istəyirəm ki, sistemin formatına bir baxılsın. Başqa tərəfdən, bu qədər şeyi deyirəm, deyirəm, axırda da düşünürəm, məsələn, “Yeddi oğul istərəm” kimi film çəkməmişəm ki, nəsə məsləhət verəm, durub mənə qulaq assınlar, nəzərə alsınlar.
– Ümumiyyətlə, deyirsiniz, neçə illərdir, kinostudiyadasınız, üstəlik, bu barədə film də çəkirsiniz. Son vaxtlar həm kinostudiyada, həm ümumi kino mühitində canlanma var elə bil.
– Təbii, müəyyən canlanma mövcuddur. Mən bu evin içindəyəm, lazımından artıq əziyyət çəkəcəyəm, bəli, istirahətimə az vaxt ayıracağam, axırı ortaya bir şey çıxaracağıq. Prosesə baxıram, az da olsa, mənim kimi fərdi məsuliyyət hiss edənlər var.
– Namiq bəy, bu yaxınlarda Azərbaycan Dövlət Televiziyası tərəfindən süni intellekt texnologiyası ilə Ağqoyunlu hökmdarı Uzun Həsən haqqında film çəkildi və nümayiş olundu. Necə düşünürsünüz, süni intellektlə film çəkmək ehtiyacdırmı?
– Bir vaxtlar deyirdilər, kino teatrı öldürəcək, məhv edəcək, nəticə nə oldu? Heç nə. Burada da eyni, süni intellektin öz yolu, xətti, kinonun öz yolu, xətti var. Mən burada hər hansısa böyük bir təhlükə görmürəm.
Uzağa getməyək, mən uzun illər Türkiyədə teatr fəaliyyəti göstərmişəm. Deməli, müziklların biri ilə məşğul olarkən xoreoqrafik həll üçün professional bir xanım dəvət eləmişdim. Baxdım ki, tamaşanı o qədər qəlibə otuzdurub ki, elə bil süni intellektlə hazırlanıb. Ürəyim sıxıldı, dedim, yox, burada qeyri-ritmiklik olmalıdır, hər şey bu qədər dəqiq, konkret qəlibdə ola bilməz. Yorucudur. Dedim, ay xanım, axı tamaşaçının ürəyi sıxılacaq bu qəlibdən. Mənə dedi ki, tamaşaçıdan mənə nə? Hə, bax elə məhz həmin nöqtədə bir qırılma hiss elədim, tamaşaçı üçün “mənə nə” demək nədir? Sən tamaşaçı üçün ölməlisən e, sən tamaşaçı üçün yıxılıb yerə gəbərməlisən. O sözdən sonra onun gördüyü iş lap gözümdən düşdü, nəticədə tamaşanı dağıtdım, demək olar, təzədən yığdım. İndi deyirsən, süni intellekt gəlir-filan, bax dediyim məqamlarda o özünü büruzə verir, həddindən artıq qəliblilik tamaşaçını yorur, o mənada, canlı düşüncənin yerini heç nə verə bilməz. Heç vaxt. Bəli, süni intellekt qrafik baxımdan çox böyük kömək edəcək, amma digər məsələlərdə onsuz da rejissorun işi aydındır: ssenarini təqib eləmək, aktyorla işləmək.

– Başlayaq birincidən, mən təbiətsevərəm. Trabzon, İstanbul, Antalya… Məsələn, əgər 300 il yaşamaq istəyirsənsə, get Antalyada yaşa. Yəni orada adama elə gəlir ki, vaxt donur, zaman hərəkət eləmir, mən gördüm ki, bir az da çox qalsam, əbədiyyətə qovuşacağam. O dərəcədə qəribə bir enerji var, vaxtın dayandığını hiss elədim, ürəyim sıxıldı. Başa düşdüm ki, davam edə bilməyəcəyəm, ona görə də qayıtdım.
İkinci sualına gəlincə, reklam. Reklam da elədir ki, əlavə izaha ehtiyacı yoxdur. Proses o qədər sürətlidir ki, orada aktyor-aktrisanın üzərində işləmək üçün zaman belə yoxdur. Mən Türkiyədə aktyor sənətindən seminar verəndə onlara deyirdim, çox hazırlaşmayın, bu adamı qəlibə salır. Məşhur rus və sovet rejissoru Konstantin Stanislavski güzgünün qarşısında işləməyi aktyora qadağan edirdi, çünki belə olan halda, aktyorun siması qəlibə düşür.
Türklərdə kino-serial prosesi artıq aktyor-aktrisaları, rejissorları, ümumən yaradıcı heyəti çox yorur. Lap çox yorur. Yəni bu adamların həyatı bu prosesin içində əriyib gedir, səhər saat 9-da servis götürüb aparır çəkiliş meydançasına, oradan çıxıb parti edirlər, İstanbul həyatı… Ondan sonra isə lap seçmə dostlarla ev partisi… Səhər də yenidən eyni. Standart bir ömür.
– Deyirsiniz, ömürləri kinoda keçir. Guya Azərbaycanda necədir ki? Bizdə də belədir də, sadəcə, onlar bunun müqabilində yaxşı qazanc əldə edirlər.
– Hə, sən baltanı lap dibdən vurursan… Haqlısan, bizdə isə eləcə ömürdən-gündən gedir, vəssalam. Ən böyük fərq budur. Amma mənim bu işdən əl çəkmək fikrim yoxdur, nə olur, olsun, motivasiyadan düşmürəm. Sadəcə, düşünürəm ki, artıq bizdə də mövzular strateji əhəmiyyətə malik olmalıdır.
– Mövzu demişkən, bu söhbət son illərin ən çox müzakirə edilən mövzusudur. Namiq bəy, bizim Qarabağ zəfəri barədə filmimiz varmı? İnsan hekayəsi baxımından deyirəm, məsələn, Vaqif Mustafayevin “Həyat, deyəsən, gözəldir” filmində nəzərdə tutduğum insan hekayəsi yoxdur, əslində. Hanı bəs bizim insan hekayələrimiz?
Namiq bəy siqaretindən son qullabı alıb söndürür, ardınca çaydan bir-iki qurtum alır. Yalnız ondan sonra hələ də cavab gözlədiyimin fərqinə varır və əllərini yana açır.

Başqa tərəfdən isə deyirik, insan hekayələri çəkilməlidir, vacibdir, razıyam, amma müharibənin özü də lazımdır axı. Cəbhə, cəbhənin içi, səngər, Şuşanın alınması, o əlbəyaxa döyüş, nə bilim, nələr, nələr. Bunları göstərmək lazımdır, əsgərləri dinlədikcə görürsən ki, təkrar olmayan necə mövzular var, səngər haqqında, düşmənlə münasibət haqqında. Yenə də deyirəm, hamısını məmnuniyyətlə çəkərəm.
– Namiq bəy, aktyorla işləməyə toxunduq bayaq. “Ol” filmini xatırlayıram, o filmin ab-havası çox qəribədir, hallüsinasiya-filan…
– O filmdə onsuz da iştirakçı az idi, elə biri özüm, biri həyat yoldaşım, biri dostum Fikrət Məmmədov. Çox iç-içə idik çəkiliş prosesində, ailə kimi. Kirayələdiyimiz yeri də elə ev kimi kirayələmişdik. Məsələn, təbrizli rəssam dəvət eləmişdik, o da elə o evdə qalırdı. Yəni hər şey orada idi, bütün proses bir məkanda. Mən bilirsən, teatr məktəbi keçmişəm, bunun aktyorla işləməyə çox böyük faydası var, ən əsası isə empatiya hissi. Mənə psixoloqlar demişdi ki, sənin xəbərin var, sən empatsan? Mən aktyorla iş prosesində özümdən çıxıram, oluram aktyorun yerində. Özümü onun kimi hiss edirəm, onun kimi düşünürəm. Digər məqam isə 17 yaşından döyüş sənəti ilə məşğul olmuşam, onda da istər-istəməz özünü rəqibin yerinə qoymalısan. Onu hiss eləmək, hərəkətlərini analiz eləmək baxımından bu çox vacibdir. Bir növ, vərdişdir məndə. Bütün bunlar birləşir və nəticədə aktyorla işləmək mənim üçün rahat olur.
Məsələn, bu şeylər bəzən sosial münasibətlərdə mənə mane olur. Ofisiant işləyən bir dostum deyir ki, məni heç itirib axtarmırsan. Mən bilirsən, onu niyə axtarmıram? Çünki düşünürəm, zəng edərəm, əlində sini olar, onu salar yerə. Başa düşürsən məni?
– Başa düşürəm. Yaxşı, bəs elə aktyor varmı ki, onunla işləmək sizin üçün çətin olsun?
– Çox nadir də olsa, var. Birincisi onu deyim ki, aktyor rejissoru hiss eləməməlidir. Stanislavski deyir ki, rejissor aktyorda əriməlidir. Mənim üçün də ən böyük nailiyyət odur ki, aktyor çəkilişin sonunda qayıdıb desin ki, sən guya mənimlə nə elədin ki? Aha! Deməli, alınıb, o mənə elə deyirsə, bu mənim üçün böyük nailiyyətdir, deməli, mən onda ərimişəm!

– Birinci kursdan “Azdrama”da rejissor köməkçisi işləyirdim, diplom tamaşam “Səməndər quşu” ilin ən yaxşı tamaşası seçildi. Birdən-birə Vaqif Əlixanlı (Əməkdar mədəniyyət işçisi, yazıçı-dramaturq. 2024-cü ildə vəfat edib, – N.P) mənə dedi ki, Kukla Teatrı sənin üçün çox yaxşı olar. Əvvəl bunu özümə sığışdırmadım, elə bildim, təhqir olunuram. Dərk eləmirdim, sən demə, kukla teatr aləmində ən ali janr imiş. Xoşbəxtəm ki, orada 6 il baş rejissor kimi ürəyim istəyən formada işlədim. Bir sözlə, kukla oldu mənim həyatımın mərkəzi, bu gün də sevirəm, davam edirəm.
– Harada?
– Harada aktyorla işləsəm, özümdən asılı olmadan, ona kukla ünsürləri kimi yanaşıram. Kukla üçüncü fazadır, ora girdinsə, çıxış yoxdur.
– Bəs “Ol” teatrı yaratmışdınız, axırı necə oldu?
– Pandemiya və maddiyyat imkan vermədi, amma gənclər onu yenidən qurublar. Bilirsən, hər şeyin maddi-texniki bazası olmalıdır. Başqa tərəfdən isə, istər kino, istər teatrı yaşadan həm də festivallardır. Niyə? Çünki festival bazardır, bizdə festivallara yanaşma düzgün deyil. Festival elə gedib çıxış edib qayıtmaq demək deyil, sən uğurlu çıxış edirsənsə, səninlə müqavilə bağlanılır. Yəni proses belədir. Özü də bizdə festivalla bağlı bir tendensiya yaranıb, hamı festivala travma aparır. Dünya bu prosesi çoxdan keçib, üstündən də su içib, biz amma travma ilə festival fəth eləmək istəyirik. Bəli, müəyyən təbəqənin rəğbətini qazanmaq olar, amma bu kassa gətirmir, üstəlik, səni əmin edirəm, o festivaldakılar da bezib artıq. Travmadan beziblər. Bilirsən, bu artıq reseptdir: yaxşı əsər kütləvi olar. Homerdən tutmuş, Nizamiyə qədər, Gilqamışdan tutmuş Cek Londona qədər niyə uğurludur? Çünki kütləvidir. Kino dili ilə desək, kassa gətirən. Travma sənə necə kassa gətirə bilər axı? Dediyim kimi, festivaldakılar da bezib artıq. Ona görə bu yaxınlarda küçə həyatı yaşayan qız haqqında film yığıb apardı bütün mükafatları.
– “Anora”.
– Hə, çünki beziblər, vallah. Mən İstanbulda soruşdum ki, kassa baxımından orta film hansıdır? Dedilər, “Leon”. Qızıl ortadır bu film. Çünki həmişə mütəxəssislər deyir ki, ustad filmi həm kassa, həm də mükafat gətirməlidir. Ona görə Nuri Bilgə Ceylan kütləvi deyil.
– Nə əcəb serialda yoxlamırsınız özünüzü?
– O vaxt “Qızlar” adlı birini çəkmişdik, maliyyəsi çox məhdud idi, ona görə də nəticəsi yaxşı olmadı. Amma indi yorularam, mənə elə gəlir, bu yaşdan sonra ehtiyac yoxdur.

– Hə, çünki Asif sualtı çəkilişləri daha çox eləmək istəyirdi, olmadı. Ona görə bir az soyuq yanaşdı, ruhdan düşdü.
– Bəs aktyor kimi oynayanda rejissor tərəfiniz tutmur? Filmin rejissoru ilə toqquşma olmur?
– Yox, aktyor olanda rejissor tərəfimi öldürürəm, çünki belə eləməsəm, çəkilişə mane olar. Asif hətta mənim mimikalarıma qədər müdaxilə edirdi, özü istədiyi kimi görmək istəyirdi.
– Bəs əksi olanda necə? “Ol”da həm rejissorusunuz, həm aktyor.
– Bu lap rahat. Rejissor kimi kənardan özümü çox rahat görürəm, özüm özümə müdaxilə edə bilirəm.

– Hə, o da sifariş idi, ondan sonra çəkmədim. O film özü də əməlli başlı pul qazandı. Bilirsən, o filmi bir az da acığa düşüb çəkmişəm. Çünki mənə deyirdilər ki, ancaq fəlsəfə-fəlsəfə… Mən də o filmi çəkdim ki, buyurun, böyük məmnuniyyətlə komediya da çəkərəm. Çəkə bilərəm!
– İndi çəkərsiniz?
– Əlbəttə! Yumor fərqli və ləzzətli daddır. Əridə bilsən, faciənin də içində yumor detalını elə verərsən, ləzzət!
Beləcə bir də onda ayılıram ki, Namiq bəylə düz iki saatdan çoxdur ki, kinodan danışırıq. Əlbəttə, mən saata baxmasam, bu söhbət uzanar, uzanar və biz heç birimiz bundan narahat olmazdıq. Amma qonağın qonaq yeri var. Namiq bəy bizi, sözün əsl mənasında, kinostudiya sakini kimi qarşıladı, həmsöhbət oldu və yaddaşımızda unudulmaz bir ev sahibi kimi qaldı. Bundan artıq nə olsun?..