25 İyun 2026 / 15:33

Beyləqanda rus bölməsi qalmaqalı daha da dərinləşir

Əgər gələn il 11 uşaqla sinif açılacaqsa, bu il 14 uşaq niyə yetərli sayılmır?

Beyləqan şəhəri Ramiz Abbasov adına 4 nömrəli tam orta məktəbdə rus bölməsi ətrafında yaranmış qalmaqal səngimək əvəzinə daha da böyüyür. Bir neçə gün əvvəl rus bölməsi üzrə birinci sinfin açılmaması ilə bağlı ictimaiyyətə təqdim olunan faktlar geniş müzakirələrə səbəb olmuşdu. Lakin aradan keçən müddətdə nə Elm və Təhsil Nazirliyi, nə də digər aidiyyəti qurumlar valideynləri qane edən hər hansı aydın izahat verə biliblər.
Əksinə, ortaya çıxan yeni faktlar vəziyyəti daha da müəmmalı edir.
Məlum olub ki, həmin məktəbdə məktəbəhazırlıq (5 yaşlılar) qrupu üzrə yeni rus bölməsi formalaşdırılır. Valideynlərin bildirdiyinə görə, bu qrupa qəbul olunan uşaqların sayı təxminən 11-12 nəfərdir. Bu isə istər-istəməz yeni suallar doğurur.
Əgər məktəbdə rus bölməsi üzrə məktəbəhazırlıq qrupu yaradılırsa, deməli, gələn il həmin uşaqlar üçün birinci sinfin açılması nəzərdə tutulur. Bəs onda bu il rus bölməsinə qəbul olunmuş 14 şagird üçün birinci sinif niyə açılmır?
Məsələni daha da maraqlı edən başqa bir məqam da var. Valideynlər arasında yayılan məlumatlara görə, yaxın gələcəkdə birinci siniflərin komplektləşdirilməsi üçün tələb olunan minimum şagird sayının 20 nəfərdən 15 nəfərə endirilməsi müzakirə olunur. Bu məlumat hələlik rəsmi təsdiqini tapmasa da, belə bir qərarın gözlənildiyi barədə fikirlər geniş yayılıb.
Əgər həqiqətən də minimum həddin aşağı salınması planlaşdırılırsa, onda hazırda mövcud olan 14 şagirdlik sinfin açılmaması hansı məntiqlə izah olunur? Bir nəfər fərqinə görə bir qrup uşağın təhsil hüququnun qeyri-müəyyən vəziyyətdə saxlanılması nə dərəcədə əsaslıdır?
Üstəlik, mövcud normativ sənədlər də bu məsələdə fərqli mənzərə ortaya qoyur. Ümumtəhsil Müəssisəsinin Nümunəvi Nizamnaməsində göstərilir ki, zəruri hallarda şagird sayı müəyyən olunmuş minimum həddən az olduqda da sinfin təşkilinə icazə verilə bilər. Deməli, hüquqi baxımdan istisna mexanizmi mövcuddur.

Bu halda sual yaranır: həmin mexanizm Beyləqanda niyə tətbiq edilmir?

Valideynlərin sözlərinə görə, Elm və Təhsil Nazirliyinə edilən müraciətlər nəticəsiz qalır. Nazirlik məsələ ilə bağlı Mil-Muğan Regional Təhsil İdarəsinə müraciət etməyi tövsiyə edir. Regional idarə isə israrla bildirir ki, 20 şagirddən az sayla rus bölməsi üzrə yeni birinci sinif açılması mümkün deyil.
Beləliklə, ortada qəribə ziddiyyət yaranır. Bir tərəfdən normativ sənədlərdə istisna imkanları nəzərdə tutulur. Digər tərəfdən isə regional səviyyədə bu imkanın tətbiqindən imtina edilir.

Ən narahatedici məqam isə odur ki, heç bir qurum bu qərarın hüquqi əsaslarını ictimaiyyətə açıqlamır.
Əgər qərar Nazirlik səviyyəsində qəbul olunubsa, niyə bu barədə rəsmi məlumat verilmir?
Əgər qərar regional idarənin təşəbbüsüdürsə, həmin qərarın hüquqi əsası nədir?
Əgər gələn il 11-12 şagirdlə rus bölməsi üzrə birinci sinfin açılması planlaşdırılırsa, bu il 14 şagirdin kifayət etməməsinin səbəbi nədir?
Bu suallar cavabsız qaldıqca, valideynlər arasında məsələnin obyektiv meyarlardan deyil, subyektiv yanaşmalardan qaynaqlandığı barədə şübhələr artır.
Problemin başqa tərəfi də var. Son illər Azərbaycanda doğum səviyyəsi əhəmiyyətli dərəcədə azalıb. Demoqrafik reallıq dəyişdiyi halda, təhsil sisteminin bəzi yanaşmalarının köhnə meyarlarla idarə olunması ciddi problemlər yaradır. Bir çox regionlarda şagird sayı azalır və bu şəraitdə əvvəlki dövrlərin normativlərinə kor-koranə istinad etmək təhsil siyasətinin məqsədlərinə xidmət etmir.
Eyni zamanda, bundan regional təhsil idarələrinin rəhbərləri şəxsı maraqlar məqsədi ilə istifadə edirlər – Beyləqanda baş verənlər buna bariz nümunədir.
Valideynlər rus bölməsinin mütləq açılmasını tələb etdiklərini demirlər. Onların əsas istəyi qəbul edilmiş qərarın səbəblərinin, hüquqi əsaslarının və məsul qurumun açıq şəkildə göstərilməsidir.
Lakin hələlik nə qərarın müəllifi məlumdur, nə də onun əsaslandırılması.
Elm və Təhsil Nazirliyi susduqca, Mil-Muğan Regional Təhsil İdarəsi isə mövqeyini izah etmədən “20 şagird olmalıdır” cavabı ilə kifayətləndikcə, Beyləqandakı bu hadisə sadəcə bir məktəbin problemi olmaqdan çıxır. Bu məsələ artıq dövlət qurumlarının şəffaflığına, vətəndaş müraciətlərinə münasibətinə və valideynlərin təhsil hüquqlarının necə təmin olunmasına dair ciddi suallar doğurur.

Və ən əsas sual hələ də açıq qalır:

Əgər gələn il 11-12 uşaqla rus bölməsi üzrə sinif açmaq mümkündürsə, bu il 14 uşağın hüququ niyə təmin edilmir?

Akif NƏSİRLİ

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!