Ekranları zəbt edən kinolarda bayağılıq
Bu gün televiziya ekranlarına və kino sektoruna baxanda insanda qəribə bir duyğu yaranır: “Görəsən, nə vaxt və harada yolumuzu azdıq?” Sanki zaman geri qayıtsaydı, yenə də o köhnə filmlərə baxardıq. Çünki o filmlərdə bir ruh vardı. O filmlərdə xalqın mədəniyyəti, adət-ənənəsi, dili, əxlaqı, duyğusu yaşayırdı. İndi çəkilən kinolar isə çox vaxt sadəcə boş pafosdan, səs-küydən ibarətdir. Köhnə filmlərin hər səhnəsi, hər dialoqu bu gün xalq arasında bir atalar sözünə çevrilib. “O olmasın, bu olsun”, “Bəxt üzüyü”, “Arşın mal alan”, “Nəsimi”, “Dədə Qorqud”. “Axırıncı aşırım” və s. filmlər heç vaxt insan yaddaşından silinmir. Bu filmlər təkcə sənət nümunəsi deyildi, həm də milli yaddaş idi. Onları bu gün də təkrar izlədikcə, adamın qəlbi isinir, köhnə Bakı küçələri, klassik musiqilər, zəhmətkeş aktyor simaları göz önünə gəlir.
İndi deyirlər ki, film çəkməyə pul buraxılmır. Amma məsələ pulla ölçüləcək qədər sadə deyil. Problemin kökü daha dərindədir: İstedadlı aktyor, rejissor və sanballı ssenarilər yoxdur. Və ən əsası, məsuliyyət də yoxdur. Bir zamanlar sovet senzurasından keçən filmlər belə bu gün çəkilənlərdən qat-qat güclü idi. Senzuraya baxmayaraq, o filmlərdə etikaya, estetikaya, sənətə və sənətkara dəyər verilirdi. O dövrdə çəkilən əsərlərdə bu gün də xalq arasında sitat kimi işlənən fikirlər var.
Bəs indiki televiziya məkanını kimlər və nələrlə zəbt edib? Bu gün efirlərimiz Xoşqədəmlər, Zaurlar, Elgizlər, Toliklər, Azərtaşların və onlar kimi digərlərinin əttökən, səviyyəsiz, gənclərimizin düşüncəsini dəyişən verilişlər və onların düşük şouları ilə dolub-daşır.
Bəs bu gün televiziyada dəyərli nəsə varmı? Keyfiyyətli film, veriliş varmı? Sənət adına nəsə təqdim olunurmu? Efirin əsas yükünü tok-şoular, qalmaqallar, süni reytinq dalınca qaçan verilişlər daşıyır. Ailə münaqişələri, şəxsi dramlar, boşanmalar, uşaqlarının kimdən olmasını bilmədiyini etiraf etməsi və bütün bunlar informasiya yox, sadəcə sensasiya, gərəksiz reytinq xatirinədir. Teatr, sənət, tənqid, düşüncə… bütün bunlar çoxdan efirdən sıxışdırılıb çıxarılıb.
Komediya janrı isə, tamam bərbad gündədir. Son illərin “Komedixana” adlı şouları daha çox ucuz zarafatlar, bayağı hərəkətlər üzərində qurulub. Güldürmək naminə ailə dəyərlərini gözdən salan səhnəciklər, küçə “jarqon”ları, söyüşlər nümayiş olunur. Bu komediyalar artıq ailələrdə problemlər yaradır, uşaqlara pis örnək olur. Qeybətlər, gizli məişət mövzuları açılıb ortalığa tökülür. Belə çıxışlar nə sənətdir, nə də komediya. Bu, ictimai laqeydlik və mənəviyyatsızlıqdır. Əvvəllər komediyanın arxasında təkcə gülüş yox, həm də dərin tənqid, cəmiyyətdəki eybəcərliklər dayanırdı. Hər zarafatın, hər səhnənin altında adamı düşündürən bir məna gizlənirdi. Məsələn, “Planet parni iz Baku” KVN teatrı təkcə insanları güldürmürdülər, həm də cəmiyyətin, siyasətin, gündəlik həyatın ziddiyyətlərini üzə çıxarır, incə tənqidlər vasitəsilə çatışmazlıqlara işarə edirdilər. O səhnələrdə hər şey yerində idi: nə deyilirdisə, onun bir mənası vardı. Sosial, siyasi, məişət mövzuları bir zarafatla həm düşündürür, həm də güldürürdü. Tamaşaçı sadəcə əylənmirdi, həm də cəmiyyətin aynasında özünü görürdü.
İndi isə səhnədə nə gəldi danışmaqla, ağızdan çıxanı söyləməklə, yersiz yerə hoppanıb-düşməklə tamaşaçını güldürməyə çalışırlar. Halbuki, gülüş də bir sənətdir, ölçü-biçisi, səviyyəsi olmalıdır. Gülmək insanı cavanlaşdırır, bəli… Amma bəs dəyərsiz sözlərə gülməklə cəmiyyət nə qədər irəli gedə bilər? Bir sözlə, bu gün televiziyada, kinoda gördüyümüz “əsərlərin” çoxu məişət səviyyəsindədir. Bir dənə də olsun tənqidi fikir yoxdur. Halbuki, cəmiyyətimizdə nə qədər aktual mövzu var. Amma onlardan heç nə yoxdur. Sadəcə boş-boş, mənasız məişət komediyaları təqdim olunur. Və bu keyfiyyət problemi təkcə məzmunla bitmir. Texniki və bədii səviyyə də sürətlə aşağı düşür. Xüsusilə də dublyaj sahəsindəki geriləmə vəziyyəti daha da acınacaqlı edir. Bugünkü televiziya məkanında kino və serialların dublyajı da ciddi müzakirə mövzusudur. Xüsusən də dilimizə uyğunlaşdırılan xarici filmlərin səsləndirilməsi bəzən tamaşaçını çaşdırır, bəzən isə sadəcə əsəbləri tarıma çəkir. Çünki peşəkar yanaşma, emosiyasız səslər, qeyri-təbii intonasiya, qəhrəmanın xarakterinə uyğun gəlməyən danışıq tərzi filmin bütün təsir gücünü məhv edir. Ən çox rast gəlinən hallardan biri də, türk dilində çəkilmiş keyfiyyətli bir filmin Azərbaycan dilinə dublyaj edildikdən sonra tamaşaçının gözündə dəyərdən düşməsidir. Mətni düzgün oxumamaq, aktyorun duyğularını səslə vermək əvəzinə, sadəcə cümlələri ucadan tələffüz etmək, bu sahədəki ən böyük bəlalardandır. Müqayisə üçün qardaş ölkə Türkiyəyə baxaq. Orada dublyaj sənəti artıq bir ənənəyə çevrilib. Elə filmlər var ki, baxanda insan tamamilə unudur ki, bu xarici istehsaldır, yoxsa yerli? Çünki səsləndirmə aktyor oyununun bir parçası kimi təqdim olunur: hisslər var, tərpəniş var, nəfəsin belə ritmi obrazla uyğun gəlir. Yəni dublyaj sadəcə tərcümə yox, sənət nümunəsinə çevrilir.
Bizdə isə, təəssüf ki, bu sahə hələ də formalaşmayıb. Dublyaj sahəsi peşəkar yanaşma, ciddi nəzarət və mədəni zövq tələb edir. Tamaşaçı keyfiyyətli məhsul izləmək istəyir, səslə məhv olunmuş film yox. Dublyajda ümumiyyətlə, vəziyyət ürək açan deyil. Bəs uşaqlar üçün nə təqdim olunur? Təəssüf ki, bu sualın da cavabı məyusedicidir. Uşaq filmlərimiz, o cümlədən cizgi filmləri, demək olar ki, yoxdur. Yerli televiziya kanallarında uşaqlar üçün nəzərdə tutulmuş qısametrajlı filmlər də yox dərəcəsindədir. Valideynlər də, uşaqlar da məcbur qalıb ya xarici, ya da Türkiyənin uşaq proqramlarına yönəlirlər. Nəticədə, uşaqlar öz ana dillərini unudub, Türkiyə türkcəsində danışırlar…
Kiçik yaş qrupuna daxil olan uşaqların dünyanı anlama, dəyərləri mənimsəmə mərhələsində aldığı vizual informasiyalar gələcək vətəndaşın formalaşmasında həlledici rol oynayır. Dil, mədəniyyət, tarix, milli-mənəvi dəyərlər… bunlar uşağa ekran vasitəsilə aşılanmalı, təqdim olunmalı idi. Amma bunlar hardadır? İstər-istəməz müqayisə aparmalı oluruq. Yadımdadır, bir vaxtlar biz türk kinolarına baxanda, onların süjet quruluşu, aktyor oyunu bizə süni və bayağı görünürdü. O zamanlar bizim filmlər daha təbii, daha real gəlirdi. Amma indi vəziyyət tam dəyişib. Türk kinematoqrafiyası sürətlə inkişaf edib, özünü yeniləyib. Onların çəkdiyi filmlərdə həyatın özü var, aktyorlar obrazı yaşayır, səhnə ilə nəfəs alırlar. Tamaşaçı baxdıqca sanki real həyatın bir hissəsini izləyir.
Bəs bizdə nə baş verir? Yerli filmlərimizdə süni pafos, məntiqsiz ssenarilər, qəlibləşmiş obrazlar, həyatdan uzaq, məişət dili ilə danışan qəhrəmanlar… Adam baxmağa belə utanır. Bir filmə baxmaq istəyirsən, amma bir neçə dəqiqədən sonra “əti tökülür” insanın, o qədər həyatdan uzaqdır ki…
Axı nə olub bizə? Niyə bu qədər geridə qaldıq? Bütün dünya inkişaf edərkən, biz niyə yerimizdə sayırıq, ya da daha pisi – geriyə gedirik? Bu yerdə ulu M.Ə.Sabirdən bir sitat lap yerinə düşür:
“Əcnəbi göyə balonlarla çıxır,
Biz hələ avtomobil minməyiriz”.
Bu sahədə məsuliyyət daşıyan qurumlar, sənət adamları, televiziya rəhbərləri vaxt gələcək belə biabırçılıqlara görə, görəsən, cavab verəcəklərmi?
Kimdir günahkar? Səssiz qalanlar, yoxsa səsi olanlar?
Elşad FƏRMANOĞLU