Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Bakı Təşəbbüs Qrupu (BTQ) Hindistanda etiraz edən siqh icması ilə həmrəyliyini ifadə edib.
Tezadlar.az xəbər verir ki, bu barədə BTQ-nin “X” sosial şəbəkəsindəki rəsmi səhifəsində bildirilib.
Məlumatda qeyd olunub ki, siqh icmasının liderləri və nümayəndələri Ambaladakı Pəncoxra Sahib polis məntəqəsinin qarşısında etiraz aksiyası keçirib və Hindistan hökumətini “Xalistana qarşı çıxan fəallara münasibətdə dərhal və qərəzsiz tədbirlər” görməyə çağırıblar (Xalistan – Hindistanın Pəncab ştatının ərazisində müstəqil siqh dövlətinin yaradılması layihəsidir – red.).
“BTQ siqh icması ilə həmrəyliyini ifadə edərək Hindistan hökumətini qanun qarşısında bərabər müdafiəni təmin etməyə, təqsirkarların məsuliyyətə cəlb olunmasına, lazımi hüquqi prosedurlara riayət edilməsinə, eləcə də siqh dini obyektlərinin və icma nümayəndələrinin müdafiəsini təmin etməyə çağırır”, – məlumatda bildirilib.
Qeyd edək ki, avqustun 7-də Hindistanın Haryana ştatının Ambala şəhərində siqhlərlə müstəqil Xalistan dövlətinin yaradılması hərəkatına qarşı çıxan fəallar arasında münaqişə baş verib. İnsident zamanı iki polis əməkdaşı yaralanıb. Polis iki gənc siqhi saxlayıb, bundan sonra icmanın nümayəndələri polis məntəqəsinin qarşısında etiraz aksiyasına çıxaraq, onların azad edilməsini tələb ediblər.